Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:55

Siyasi şərhçi: ‘Rusdilliləri ingilisdillilərlə əvəzləməyin əhəmiyyəti yoxdur’


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Yeni təyin olunan kadr siyasi ambisiyası olmayan fiqurdur və görünən budur ki, indiki halda Prezident Administrasiyasını sadəcə, olmalı olduğu kimi dəftərxanaya çevirirlər. Bu təyinatın xüsusi kurs dəyişikliyinə səbəb olacağını düşünmürəm”, – Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə Samir Nuriyevin Prezident Administrasiyasına rəhbər təyin edilməsini şərh edərkən bildirir.

O, bu vəzifədə 20 ildən çox administrasiyaya başçılıq etmiş, siyasi çevrələrdə və yerli mediada “Rusiyanın adamı”, “boz kardinal” kimi təqdim edilən Ramiz Mehdiyevi əvəzləyəcək. Mehdiyev ölkə siyasətində nüfuzu, təsir gücü, “repressiv idarəetmənin” tərəfdarı olan məmur kimi tanınırdı.

Amma son günlərdə prezident yaşlı kadrları nisbətən gənc, xaricdə təhsil alanlarla əvəzləyir. Onlardan biri də Samir Nuriyevdir. O da bir neçə dövlət qurumunun birləşdirildiyi İqtisadiyyat Nazirliyinin başına gətirilmiş Mikayıl Cabbarov kimi ABŞ-da təhsil alıb, bəzi dövlət qurumlarına rəhbərlik edib.

“Texnokratdır”

Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, Samir Nuriyevin təyinatına “ölkədə siyasi, iqtisadi və kadr islahatının birgə aparılmasının məzmunu kimi” baxır. Yeni kadrı isə belə xarakterizə edir:

“Tamamilə təmiz adamdır. Heç bir prosesdə adı hallanmayıb. Texnokratdır, Qərb dünyagörüşünə malikdir, gəncdir. Rüşvətdə, korrupsiyada adı hallanmayıb. Belə adam administrasiya rəhbəri təyin edilib. İndi çoxu deyəcək ki, administrasiyanı tanımır, orda çoxlu təcrübəli adamlar var. Mən belə başa düşürəm ki, Nuriyev işlədiyi bütün sahələrdə işi yarıdıb. Əminəm ki, 10 günə administrasiyanın rəhbəri funksiyasına daxil olan bütün işləri dərk edəcək, dövlətçiliyin inkişafında vacib rollardan birini oynayacaq”.

Mübariz Əhmədoğlu PA-nın yeni rəhbərinin idarəçiliyə “modern, Qərb təfəkkürünü gətirəcəyini” düşünür:

“Bizdə Administrasiya rəhbəri geosiyasi vəzifə olub. Amma Samir Nuriyev o vəzifəni Azərbaycan tərəfə çevirəcək”.

Samir Nuriyev
Samir Nuriyev

İlkin Rüstəmzadə isə yeni administrasiya rəhbərinin Qərb, ya rusiyapərəst olması haqda rəy yürütməyə tələsmir.

“Məncə, bu məsələdə təmkinli olmaq lazımdır. Gözləyək görək nə baş verir. Ramiz Mehdiyevin uzaqlaşdırılması onun tam gücünü itirməsi demək deyil”, – o deyir.

“Sistem tamam xəstədirsə...”

Siyasi şərhçi Zərdüşt Əlizadə də son günlərin kadr dəyişikliklərinə soyuqqanlı yanaşdığını, “sistem dəyişmədən dəyişikliklərin olmayacağını” deyir:

“Sistem səmərəsizdirsə, tamam xəstədirsə, Samir Nuriyevi yox, kimi istəyir qoyur qoysun, nəsə dəyişməyəcək”.

Zərdüşt Əlizadə son zamanlar yaşlı, sovet dövründən, ata Əliyevin hökumətindən qalan kadrların, gənc və Qərbdə təhsil alan kadrlarla əvəzlənməsinə də ümidsiz yanaşır:

“Orda oturanın qərar vermək, nəyisə yaxşılaşdırmaq səlahiyyəti yoxdursa nə dəyişəcək? Rusdilliləri ingilisdillilərlə əvəzləməyin əhəmiyyəti yoxdur. Xaricdə oxuyub gəlmiş şəxs rüşvətxor sistemə düşəndə qərar qəbul etmək səlahiyyəti yoxdursa, nə fərqi var cibində Moskva Dövlət Universitetinin diplomu var, ya Harvardın?”

Zərdüşt Əlizadənin qənaətincə, kadr dəyişiklikləri görüntüyə xidmət edir.

XS
SM
MD
LG