Azərbaycanda siyasi partiyalar haqqında yeni qanun layihəsi hazırlanıb. Milli Məclisin saytında dərc edilən layihəyə əsasən, ardıcıl iki dəfə seçkini boykot edən partiyanın qeydiyyatı ləğv oluna bilər.
Layihədən daha sonra olanlar…
Layihənin başqa bir bəndinə görə, siyasi partiya təsisçiləri azı son 20 ili Azərbaycanda daimi yaşayan şəxslər olmalıdır. Halbuki, Azərbaycan Konstitusiyasının 100-cu maddəsinə görə, ölkə prezidentinin cəmi 10 il Azərbaycanda daimi yaşaması tələb edilir.
Üstəlik, partiyaların qeydiyyatı üçün azı 10 min üzv tələb edilir. Mövcud qanunda bununla bağlı yalnız min nəfərdən söhbət gedir.
Layihəyə görə, partiya yeni üzv qəbul olunan şəxslər barədə Ədliyyə Nazirliyinə hər altı aydan bir hesabat verməlidir.
YAP-çı deputat: Azərbaycanın inkişaf dinamikasına adekvat…
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Elman Nəsirov "Turan"a bildirib ki, "Siyasi partiyalar haqqında" Qanunun qəbul edilməsindən 30 il keçib: "Cəmi dörd fəsildən və 20 maddədən ibarət bu qanun o dövrün reallıqlarını əks etdirirdi. 30 il keçib, Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Azərbaycanın inkişaf dinamikasına adekvat "Siyasi partiyalar haqqında" Qanun qəbul edilməlidir".
Onun sözlərinə görə, sentyabrın 28-də qanun layihəsi ilə bağlı parlamentdə ictimai müzakirələr aparılacaq: "Daha sonra layihə komitələrin və plenar iclasların müzakirəsinə çıxarılacaq. Yəni, bu, layihənin ilkin versiyadır".
E.Nəsirov əlavə edib ki, qanun layihəsində partiya təsisçilərinin 20 il daimi ölkədə yaşaması ilə bağlı müddəada təəccüblü heç nə yoxdur: "Bu hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib. Ölkəyə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib, bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli deyil".
"Arxanda sosial bazan varsa…"
Deputat iki dəfə seçkilərdə ardıcıl iştirak etməyən siyasi partiyaların fəaliyyətinin dayandırılması müddəasına da münasibət bildirib: "Bizim üçün yalançı say lazım deyil. Partiya fəaliyyətində əsas məsələlərdən biri hakimiyyəti uğrunda mübarizədir. Arxanda sosial bazan varsa, zəhmət çək seçkilərdə iştirak elə. İştirak etmirsənsə, onda niyə fəaliyyət göstərirsən? Kənardan suyu bulandırmaqla məşğul olmaqdan, hər şeyə ağız büzməkdən, tənqid etməkdən asan bir şey yoxdur".
E.Nəsirov hesab edir ki, ölkədə partiyaların sayı həddindən artıq çoxdur: "Məsələn, Qazaxıstanda altı, Özbəkistanda beş siyasi partiya var. Biz özümüzü Ermənistanla müqayisə edəsi deyilik ki, orada 84 siyasi partiya var. Onların böyük əksəriyyətinin ictimai-siyasi proseslərdə heç bir fəaliyyəti yoxdur. Əsas keyfiyyət məsələsidir".
"Dəyişikliklər siyasi partiyaların fəaliyyətinin çətinləşməsinə…"
Müsavat başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, son illər ərzində istər Konstitusiyada, istərsə də qanunlarda edilən bütün dəyişikliklər, bir qayda olaraq, mənfi xarakter daşıyır: "Burada nəzərdə tutulan dəyişikliklər siyasi partiyaların fəaliyyətinin çətinləşməsinə yönəlib və müəyyən məhdudiyyətlərlə bağlıdır".
Onun fikrincə, Ədliyyə Nazirliyinə hər altı aydan bir yeni üzvlərlə bağlı hesabat göndərmək hakimiyyətə müxalif partiyalara üzv olan şəxslərə təzyiq etmək imkanı verəcək.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da AzadlıqRadiosuna deyib ki, layihə geriyə atılmış bir addımdır: "Bu sənəddə xeyli çox reqress müddəalar nəzərdə tutulub. Bu, həm siyasi partiyaların yaradılması, həm fəaliyyəti, həm də ləğvi ilə bağlı məsələlərdir".
O hesab edir ki, bu qanun layihəsinə görə hazırda fəaliyyətdə olan bəzi partiyalar üçün gələcəkdə problemlər yarana bilər: "Qanun qüvvəyə minəndən sonra qeydiyyata alınmış partiyalar öz üzvlərinin sayını 10 minə çatdırmalıdır, sonra da onların reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidir. Yalnız ondan sonra partiyaların qeydiyyatı təsdiqlənəcək. Bu, mümkün olmasa, partiyanın qeydiyyatının ləğvi məsələsi gündəmə gəlir".
"Bütün beynəlxalq konvensiyalara ziddir"
Ekspertin fikrincə, partiyanın yaradılması üçün üzvlərin sayının 10 min olması tələbi mübahisəlidir: "Hazırda bu rəqəm 1 mindir. Amma Konstitusiyada birləşmək hüququ ilə bağlı məsələdə bir neçə şəxsin birləşməsindən söhbət gedir".
H.Həsənov qeyd edib ki, qeydiyyatdan keçməyən və qeydiyyatı ləğv olunan partiyaların fəaliyyətinə yol verilməməsi ilə bağlı müddəa da mübahisəlidir. Onun vurğulamasına görə, yeni müddəa deməyə əsas verir ki, qeydiyyatı olmayan partiyalar fəaliyyət göstərərsə, onları cəzalar gözləyir.
O, hesab edir ki, bu, Azərbaycanın qoşulduğu bütün beynəlxalq konvensiyalara ziddir.