Krım muzeylərinin yarımadanın Rusiya tərəfindən ilhaqı zamanı onun xaricində olmuş eksponat kolleksiyaları Ukraynaya qaytarılmalıdır. Bu barədə qərarı Amsterdamın dairə məhkəməsi qəbul edib.
Məhkəmənin qərarında deyilir ki, Krım müstəqil dövlət olmadığına görə qızıl əşyalara mədəni irs kimi iddia ilə çıxış edə bilməz.
Bu da qeyd olunur ki, qızılların Krım muzeylərinə və ya Ukraynanın Milli Muzeyinə qaytarılması barədə qərarı qəbul etmək hüququ Ukrayna məhkəməsinin yurisdiksiyasına aiddir.
Rusiyanın Mədəniyyət Nazirliyi bu məhkəmə qərarını pisləyərək onun “beynəlxalq normalara” zidd və ziyanlı bir presedent olduğunu bəyan edib.
Nazirliyin etiraz bəyanatında deyilir ki, Amsterdam məhkəməsi “beynəlxalq muzeylərarası mübadilə prinsiplərini və Krım xalqının öz mədəni irsinə sahib olması prinsipini kobud şəkilıdə pozub.
Rusiya tərəfi bildirib ki, məhkəmənin qərarından şikayət veriləcək.
Tarixçilər arasında “Skiflərin qızılları” kimi tanınan və təxmini dəyəri 1, 5 milyon avro olan eksponatlar əvvəllər Krımın dörd muzeyində nümayiş etdirilirdi.
Lakin hələ 2013-cü ildə Ukrayna bu eksponatların xaricdə nümayiş etdirilməsi üçün onları Bonn muzeyinə göndərmişdi. Burada 2014-cü ilin fevralınadək qalan qızıllar sonradan Hollandiyaya, Allard Pearson muzeyinə ekspozisiya üçün göndərilib. Məlum olduğu kimi bir ay sonra Krım Rusiya tərəfindən ilhaq edilib. “Skiflərin qızılları” barədə məhz Hollandiya məhkəməsinin qərar çıxarması da bu vəziyyətlə bağlıdır.
Krımdakı dörd muzey Amsterdam məhkəməsinə iddia ilə müraciət etmişdi.
Tavrida muzeyinin direktoru Andrey Malgin deyib ki, “bu əşyalar Krımda tapılıb, Krıma məxsusdur və Ukrayna ilə heç bir əlaqəsi yoxdur”.
Öz növbəsində Kiyevin rəsmi müraciətində qızılların Ukraynanın tarix və mədəniyyət irsinə aid olduğu bildirlir.