Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:32

Slovakiya Ukraynaya qırıcılar verilməsini istəyir


Ukrayna hərbi hava qüvvələrinin MiG-29 qırıcıları
Ukrayna hərbi hava qüvvələrinin MiG-29 qırıcıları

Slovakiya Ukraynaya MiG-29 qırıcı təyyarələrin göndərilməsinə dair qərar qəbul etməlidir.

Bunu martın 9-da Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

Reuters agentliyi yazır ki, söhbət Slovakiya hərbi hava donanmasında istismarı ötən yay dayandırılmış 11 təyyarədən gedir. Onların heç də hamısı işlək vəziyyətdə deyil.

Slovakiya naziri bu barədə özünün Facebook səhifəsində yazıb:

"Düşünürəm ki, qərara gəlməyin vaxtıdır. Ukraynada insanlar ölür. Biz həqiqətən də onlara kömək edə bilərik. Slovakiyanın siyasətbazlıq etməsinin yeri deyil”.

Avropa İttifaqı müdafiə nazirlərinin iclasında polşalı həmkarı ilə görüşən Nad bildirib ki, Varşava da Ukraynaya MiG-29 qırıcılarının göndərilməsinə hazırdır.

Onun fikrincə Slovakiya və Polşa bu tədbiri birlikdə həyata keçirə bilərdilər.

Daha geniş koalisiyada

Qərb ölkələri indiyədək Ukraynanı müasir silahlar və hətta ağır tanklarla təchiz etmək barədə qərar qəbul etsələr də, Kiyevə hərbi aviasiyanın verilməsindən imtina ediblər.

Bundan əvvəl Polşa bildirmişdi ki, koalisiya müttəfiqləri ilə birlikdə Ukraynaya döyüş təyyarələri verməyə hazırdır.

Martın 9-da Polşa prezidenti administrasiyasının rəhbəri Pavel Şrot (Pawel Szrot) deyib ki, Varşavanın Ukraynaya göndərə biləcəyi qırıcıların sayı onun Ukraynaya vəd etdiyi 14 Leopard 2 tankından az olacaq:

"Dəqiqdir ki, verə biləcəyimiz qırıcıların sayı Leopard tanklarından az olacaq. Biz bu təyyarələri daha geniş beynəlxalq koalisiyanın tərkibində göndərə bilərik”.

Ukraynaya dəstəyin ilhamçıları

NATO hərbi blokunun Şərq cinahında olan ölkələr, o cümlədən Slovakiya və Polşa indiyədək Ukraynaya ən güclü dəstək bildirən ölkələr olub.

Reuters yazır ki, əslində Varşavanın bu məsəldəki qətiyyəti Avropa İttifaqı ölkələrinin Ukraynaya güclü dəstək üçün səfərbər edilməsində əsas rollardan birini oynayıb.

Slovakiyanın baş naziri Eduard Heger ötən ay demişdi ki, əgər Kiyev rəsmən müraciət edərsə, onun ölkəsi Ukraynaya döyüş təyyarələrinin göndərilməsinə dair danışıqlara başlamağa hazırdır.

Hegerin keçid hökuməti sentyabrda keçiriləcək erkən seçkilərə qədər hakimiyyətdə olacaq.

Nad bildirib ki, Ukraynaya qırıcı təyyarələrin verilməsi barədə müzakirəyə parlamenti də cəlb edəcək.

XS
SM
MD
LG