İlk elektron gülüş işarəsinin 35 yaşı tamam oldu.
Bu işarə pittsburqlu proqramçı Skott Falmanı bütün dünyaya tanıdıb.
İndi bu işarəni məktəbli uşaqlardan tutmuş prezidentlərədək hamı yazışmalarında istifadə edir.
Bəs ən populyar internet-piktoqramı necə yaranıb?
Ötən əsrin 90-cı illərində ABŞ universitetlərinin müəllim və tələbələri ünsiyyət üçün elektron elan lövhələrindən istifadə edirdilər. (Bu gün eyni prinsiplə biz sosial şəbəkələrdəki qruplarda çatlaşırıq).
Pittsbirqdakı Karneqi-Mellon Universitetinin professoru Skot Falman xatırlayır ki, belə on-line bordlar universitetlərin həyatında çox vacib idi. Çünki müəllim və tələbələrə universitet həyatına və tədris prosesinə aid məsələləri rahat müzakirə etmək imkanı verirdi. Amma belə qruplarda söhbətin mövzusu heç də həmişə ciddi olmurdu, ora daxil olub istənilən mövzuda çatlaşmaq olurdu.
Professor xatırlayır ki, on-line bordda belə mesaj qoyanlar da olurdu: "Beşinci mərtəbədəki kişi tualetində üzük tapmışam. Kim itiribsə xəbər eləsin". Abortlar, siyasət və s. mövzularlarda müzakirə açanlar da olurdu.
Amma bir müddət sonra məlum olur ki, çatlaşanlar arasında boş şeyin üstündə mübahisələr yaranır, kimsə kiminsə sözünü yanlış yozur, ironiya və ya sarkazmı anlamır, beləcə, kimsə istəmədən kiminsə xətrinə dəymiş olur. Nəticədə müzakirə mövzusu kənarda qalır, diqqət şəxsi mübahisələrə yönəlir.
Buna da bax: Tıxac probleminin həlli üçün - ikitəkərli avtobus layihəsi [Video]
Belə mübahisələrə görə Falman ciddi sözü zarafatdan ayırmaq üçün xüsusi işarə yaratmaq ideyası ilə çıxış edir.
Onun həmkarlarının hərəsi bir işarə təklif edir.
Falmanın iki nöqtə, defis və iki mötərizə işarəsi hamının xoşuna gəlir. :-).
Bu simvol universitetdə elə populyarlaşır ki, ondan Massaçusets Texnoloji Universitetində də istifadə etməyə başlayırlar. Daha sonra bu, bütün Amerikaya yayılır.
Falman sonralar İndependent qəzetinə demişdi ki, gülüş işarəsinə görə belə tanınacağını gözləmirmiş. Ssosial şəbəkələr yaranandan sonra isə bunu kütləvi şəkildə bütün dünyada istifadə etməyə başladılar.
2002-ci ildə arxivlərdə Falmanın öz həmkarları ilə yazışması tapıldı.
"Mən bunu düşünüb tapmaq üçün 10 dəqiqə vaxt sərf etdim. O vaxt düşünürdüm ki, bununla sadəcə, bir neçə həmkarımı əyləndirmiş olacam, bir az güləcəyik, sonra da yaddan çıxıb gedəcək".
Sonralar sosial şəbəkələrdə məşhur "gülən baş" və onun müxtəlif variantları yaradıldı.
Maraqlıdır ki, yazıda gülüş işarəsinin yaradılmasının vacibliyindən vaxtilə məşhur yazıçı, "Lolita" əsərinin müəllifi Vladimir Nabokov da danışırdı.
Nabokov 1969-cu ildə The New York Times qəzetinə verdiyi müsahibədə demişdi ki, onun fikrincə, gülüşü ifadə etmək üçün xüsusi tipoqrafik işarəyə ehtiyac var. O belə bir işarəni yaratmaq üçün mötərizə işarəsindən istifadə etməyin mümkünlüyünü də dilə gətirmişdi.