Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 10:37

SOCAR-ın ziyanla işləməsinin sirri


SOCAR
SOCAR

«SOCAR-ın neft və qazçıxarma idarələri (NQÇİ) üzrə 1000 kubmetr qazın hasilat xərci 45.42 manatdır. Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə görə, dollarla alınan təbii qazın orta tarifi isə 56.48 manat/1000 kubmetr təşkil edib».

Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Onun deməsinə görə, ötən il SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetrə 52.02 manat, şirkət üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri isə 108.31 manat/1000 kubmetr səviyyəsində formalaşıb.

Buna da bax-Tarif Şurasının sədri rəqəmləri haradan götürür?

N.Quliyev deyib ki, bu il NQÇİ-lər üzrə 1000 kubmetr qazın hasilat xərci 55.16 manatdır. Beynəlxalq Əməliyyat Şirkətlərindən HPBS-nin şərtlərinə görə, dollarla alınan təbii qazın orta tarifi 99.15 manat/1000 kubmetr təşkil edib. SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetrə 53.97 manat olub. Satışa buraxılan təbii qazın orta maya dəyəri isə 140.42 manat/1000 kubmetr təşkil edib.

EKSPERT: ORTADA AŞKAR BİR YALAN VAR...

Ekspertlər isə tamamilə fərqli düşünür.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, «ortada aşkar bir yalan var».

«SOCAR-ın 2015-ci il üzrə hesabatında təbii qazın maya dəyərinin 39.37 manat olduğu yazılıb. Belə olduğu halda bir il ərzində bu qədər artım necə ola bilər?», - deyə sual edən ekspert devalvasiyanın təsirini istisna etmir.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«Devalvasiya da maya dəyərinə təsir göstərib. Amma birincisi, devalvasiyalar elə 2015-ci ildə baş verib. Birinci devalvasiya 2015-ci il üzrə maya dəyərində öz əksini tapıb. İstənilən halda devalvasiyanın təsiri bu qədər ola bilməz. Tutaq ki, xaricdən alınan mal-material bahalaşıb, amma qalan komponentlərin qiyməti qalxmayıb, vergi dərəcəsi artmayıb. Bir sözlə 3.6 dəfə bahalaşma heç cür mümkün ola bilməz», ekspert qeyd edib.

XATIRLATMA

Tarif Şurası noyabrın 28-də qazın və elektrikin qiymətlərini qaldırıb. Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Həmin qərardan sonra iqtisadiyyat naziri və Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev parlamentdə demişdi ki, qiymətlərin diferensiallaşdırılması Dövlət Neft Şirkətinin (SOCAR-ın) zərərlə üzləşməsindən qaynaqlanır.

«1000 kubmetr qaz hasilatı SOCAR-a 140 manata başa gəlir. Amma 1000 kubmetr qazın satış qiyməti, orta hesabla, 90 manatdır. Faktik olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu», - nazir demişdi.

KORRUPSİYA İTTİHAMI

Bundan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli SOCAR-ı korrupsiyada ittiham etmişdi. «50 min nəfər işçisi olan SOCAR guya öz neftini özü sata bilmirsə və bununla məşğul olan «qohum-əqrəba» bu işdən 100 milyonlar qazanırsa, SOCAR ziyanla işləyər də», -deyə Ə.Kərimli yazırdı.

Ə.Kərimli başqa qaz hasilatçısı olan ölkələrdə maya dəyərinin nisbətən aşağı olmasını Azərbaycanda korrupsiya amili ilə izah edirdi.

Ə.Kərimlinin bu ittihamlarına, hələlik, SOCAR-dan cavab verilməyib.

XS
SM
MD
LG