Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 00:35

SOCAR-ın zərərə düşməsinin səbəbləri...


SOCAR
SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ili zərərlə işləyib. Bu barədə şirkətin yaydığı hesabatda qeyd edilir. Sənəddə görə, ötən il SOCAR-ın xalis zərəri 1.7 milyard manat olub. Lakin, hesabatda həmçinin bildirilir ki, şirkət koronavirus pandemiyası dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub.

SOCAR niyə ziyanla işləyib

SOCAR-ın hesabatında bildirilib ki, 2020-ci ildə şirkətin ümumi dövriyyəsi 49.6 milyard manat təşkil edib: "Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin aşağı düşməsi, həmçinin neft, neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib".

Hesabatda qeyd olunub ki, 2020-ci il neft, qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə 1.4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0.3 milyard manat mənfəət əldə edib: "Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1.6 milyard manat cəmi xalis mənfəətdən çoxdur".

Lakin sənəddə vurğulanıb ki, şirkət bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib.

İ.Əhmədov
İ.Əhmədov

"2020-ci ildə dünya iqtisadiyyatının evini yıxan..."

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə "Turan"a mövzu ilə bağlı bunları bildirib: "2008-ci ildən bəri SOCAR ard-arda 13 il maliyyə nəticələrini açıqlayıb - 11 ilini mənfəətlə, iki ilini zərərlə tamamlayıb. İlk dəfə 2015-ci ildə devalvasiyalardan sonra SOCAR-ın satdığı əmtəələrin dəyərinin təxminən iki dəfə aşağı düşməsinin nəticəsi idi. 2020-ci ildə isə dünya iqtisadiyyatının evini yıxan, neft bazarlarını çökdürən COVID-19 pandemiyası öz sözünü dedi".

Onun sözlərinə görə, adətən, zərərin bir hissəsinin qarşısı alınırsa, insanlar yalnız zərərin qarşısı alınmayan hissəsini kənardan görür: "Həmin görünməyən hissə ötən il vaxtında görülmüş optimallaşdırma tədbirləri, xərclərin kəskin azaldılmasıdır. Bu işlər görülməsəydi, nəticə daha ağır ola bilərdi. Şirkətdə mütərəqqi düşüncəli bəzi rəhbər və mütəxəssislərin səyləri və gərgin zəhmət nəticəsində milyardlarla zərərin qarşısı alındı".

"Bəzi sahələrdə əvvəlki ildən də yaxşı..."

İ.Əhmədov qeyd edib ki, hətta yataqların işlənməsi kimi bəzi sahələrdə əvvəlki ildən də yaxşı nəticələr əldə olunub: "Bu kontekstdə cənab prezidentin fərmanları ilə təsis olunmuş SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinin SOCAR-da islahat proseslərinə çevik qoşulması, şirkətin əməliyyat effektivliyinin daha da artırılması uğrunda aparılan intensiv işlər ayrıca qeyd olunmalıdır".

Lakin qurumun rəsmisi deyir ki, bəzi sahələrdə zərərin qarşısını almaq mümkün olmayıb: "Necə ki, dünyanın bir çox aparıcı neft şirkətləri də bu böhran ilini böyük itkilərlə tamamlamalı oldular. Yalnız ABŞ-da ötən il 200-dən çox neft şirkəti müflisləşdi".

Q.İbadoğlu
Q.İbadoğlu

"Əsas səbəb xərclərin strukturunda özünü göstərir"

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, belə bir vəziyyətin yaranmasının heç də başlıca səbəbi pandemiya dövründə "Azeri Light" markalı xam neftin qiymətinin aşağı düşməsi deyil: "Həmin markalı neftin qiyməti 2019-cu ildə orta hesabla 66.8 dollar, 2020-ci ildə isə 43.7 dollar olmuşdu. Təbii ki, neftin qiymətinin azalması zərərin artmasının səbəblərdən biri olsa da, əsas səbəb o deyil. Əsas səbəb xərclərin strukturunda özünü göstərir".

Onun sözlərinə görə, 2019-cu ildə sair əməliyyat xərcləri 605 milyon manat olub, 2020-ci ildə isə bu rəqəm 1 milyard 930 milyon manata qalxıb: "…Yəni, SOCAR-ın xərcləri kifayət qədər şişirdilib. Bunun nəticəsində SOCAR-ın dövlət büdcəsinə ödədiyi mənfəət vergisində məbləğ aşağı düşüb".

Q.İbadoğlu hesab edir ki, SOCAR-da xərclərin təftişinə ehtiyac var: "Ona görə də, bununla bağlı maliyyə diaqnostikasının aparılması Prezident İlham Əliyevin 23 yanvar 2021-ci il tarixli Fərmanında nəzərdə tutulub…".

"Korrupsiya hallarını aşkara çıxararsa…"

İqtisadçı qeyd edib ki, prosesi altı ay ərzində başa çatdırıb prezidentə məlumat verməlidirlər: "Həmin altı ay bu ayın 23-də başa çatır. Fərmanda başqa bir məqam diqqəti cəlb edir. Altı ay ərzində Azərbaycan İnvestisiya Holdinqi SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini həyata keçirməlidir. Bunun nəticəsindən asılı olaraq SOCAR-la bağlı qərarlar veriləcək".

Onun fikrincə, ən çox gözlənilən qərar ondan ibarətdir ki, SOCAR-a yeni menecerlər gətiriləcək: "Maliyyə diaqnostikası daha ciddi korrupsiya, təsərrüfatsızlıq hallarını aşkara çıxararsa, ola bilər ki, SOCAR-la bağlı başqa qərarlar da qəbul olunsun".

Xatırlatma

2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64.2, cari aktivləri 18.3, uzunmüddətli aktivləri isə 45.9 milyard manat qiymətləndirilib. Cari öhdəlikləri 20.6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21.6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21.9 milyard manat, nağd pul vəsaitləri 6.2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66 faiz təşkil edib.

SOCAR 1992-ci ildə yaradılıb. O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.

Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılıb.

XS
SM
MD
LG