Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:37

Son prezident seçkisində diqqətçəkən rəqəmlər


Prezidentliyə namizədlərin posterləri
Prezidentliyə namizədlərin posterləri

Azərbaycanda keçirilən son prezident seçkisi bundan əvvəlkinin nəticələrini bir az da üstələyib.

2013-cü ildə keçirilən prezident seçkisində Mərkəzi Seçki Komissiyası (MSK) 5.1 milyon seçicinin 3.7 milyonunun (bütün seçicilərin 73 faizi) səsvermədə iştirakını və onlardan 3.1 milyon nəfərinin (84.54 faiz) İlham Əliyevə səs verdiyini açıqlamışdı.

MSK-nın yekun protokoluna görə, bu seçkilərdə isə seçicilərin 74.30 faizi iştirak edib. Onlardan 86.02 faizi hazırkı dövlət başçısı İ.Əliyevə səs verib.

Seçki fəallığında Naxçıvan yenə lider olub

Ənənəvi olaraq ən yüksək seçici fəallığı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Oradakı dairələrin müvafiq göstəriciləri 81 faizdən çoxdur. Seçki fəallığında ən geridə qalan 30 saylı Suraxanı İkinci Seçki Dairəsi üzrə isə seçicilərin 60 faizinin səsvermədə iştirakı bildirilir.

MSK-nın məlumatına inansaq, siyahısında 1499 nəfər seçici olan 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 47 saylı məntəqəsində səsverməyə rekord sayda- 1506 nəfər qatılıb. Həmin məntəqədə adları seçici siyahısında olmayan 196 nəfər səs verib.

Müşahidəçi: İlham Əliyevə səs verənlərin sayı seçkiyə gələnlərdən 2 dəfə çoxdu?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

15 saylı Yasamal Birinci Seçki Dairəsinin 4, 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 6 məntəqəsinin 100 faiz göstərici əldə etdiyi bildirilir. 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin 38, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin 39, 51 saylı Qusar Seçki Dairəsinin 63, 81 saylı Beyləqan Seçki Dairəsinin 43, 82 saylı Ağcabədi Seçki Dairəsinin 49 saylı məntəqəsində bütün bülletenlər istifadə edilib.

MSK-nın açıqlamasına görə, ümumilikdə 51 seçki məntəqəsi üzrə səsvermədə bütün seçicilərin iştirakı təmin olunub. Xeyli sayda məntəqəni isə maksimal göstəricidən bir neçə səs ayırıb.

Oxşar nəticələr

Həm seçici fəallığı, həm də namizədlərə verilən səslərə görə əksər dairə və məntəqələrdə uyğunluq var. Əyalətlərdəki seçicilərin səsvermədə iştirak faizi, əsasən, 75-lə 77 arasında dəyişir.

Bütün seçki məntəqələrində İ.Əliyev qalib elan edilib. Amma əvvəlki seçkilərdən fərqli olaraq, bu qələbələrin heç biri «suxoy» olmayıb. 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 35 məntəqəsinin 34-ündə Araz Əlizadə 2, 32-sində isə Razi Nurullayevlə Zahid Orucun hər biri 1 səs qazanıb. Daha bir diqqətçəkən məqam adıçəkilən dairənin 3 və 4 saylı seçki məntəqələrində İ.Əliyevin rəqiblərinə həm ümumilikdə, həm də ayrı-ayrılıqda verilən səslərin eyni miqdarda olmasıdır...

ATƏT-in konfransında qalmaqal
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Dünən, aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə də qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, onlar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədin statusunu dəyişdirəcək qərarlar verilməyib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Başqa tərəfdən, hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

XS
SM
MD
LG