Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Sosial məsafə gözləməyən dostlarla neyləməli


İspaniyada COVID-19
İspaniyada COVID-19

Madriddə 6 həftəlik sərt təcrid rejimindən sonra insanlara yenidən görüşmək icazəsi veriləndə bəziləri sevdikləri pivə barına getməyə, bəziləri isə evdə şam yeməyi təşkil etməyə tələsirdi. Bir çoxları necə sosiallaşacaqlarını bilmirdilər. Bəziləri isə hətta ətrafdakı insanların davranışını mühakimə edirdilər. İspaniyada maska taxmaq məcburi olsa da, bu qaydanı pozanlar da var.

21-yaşlı Kolorado sakini Garvin Wolfe van Dernoot da yoldaşları ilə görüşməkdən çəkinir. O deyir ki, dostlar görüşəndə bir-birini öz maşınlarına mindirir, maska taxmaqdan imtina edirlər.

"Hələ də ölüm hallarını gördüyümüz zamanda bütün bunlar çaşdırıcıdır. Ancaq insanlar özlərini elə aparırlar ki, sanki onlar üçün pandemiya sona çatıb", – Wolfe van Dernoot BBC-yə deyib.

Məsuliyyət hissi

Yerli-dibli təcrid rejimi tətbiq etməyən İsveçdə Lund Universitetinin alimləri insanların cəmiyyətə qarşı məsuliyyətli davranışını tədqiq ediblər. Onlar sorğular və oyun əsaslı eksperimentlər vasitəsilə insanların özləri üçün pul udmaq naminə başqalarını riskə atma dərəcəsini müəyyən etməyə çalışıblar. Mövcud pandemiya kontekstində cəmiyyəti düşünmək fiziki məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək, maska taxmaq və COVID-19-la bağlı son məlumatları izləmək deməkdir.

İngiltərənin Kent Universitetində çalışan və sağlamlıq sahəsində ixtisaslaşan doktor Kate Hamilton-West media, dostlar, qohumlar və tibb işçilərindən alınan məlumatların rolunu xüsusi vurğulayır. O, həmçinin insanın keçmişdə ağır xəstəlik təcrübəsinin olub-olmamasını da mühüm amil sayır. Məsələn, ümumən özünü yaxşı hiss edən və əvvəllər heç bir ağır xəstəlik keçirməyən adamların virusa yoluxmaq ehtimalını aşağı qiymətləndirməsi hallarına çox rast gəlinir. Hətta gənc insanların belə COVID-19-a yoluxaraq ölməsi halları da onların düşüncəsinə çox təsir etmir.

"Biz xəstəlik barədə şəxsi anlayışımızı formalaşdırırıq. Hamımızın xəstəliyi tutacağımız halda simptomların nə dərəcədə ciddi olacağı, nə qədər uzun çəkəcəyi, müalicənin nə qədər effektiv olacağı ilə bağlı müəyyən anlayış dəstimiz var", - psixoloq deyir.

Bu şəxsi modellər bizim böhranı nə qədər yaxından yaşamağımızla da bağlı ola bilər. Məsələn, risk qrupunda olan ailə üzvü ilə yaşamağınız, yaxud pandemiya zamanı xəstələnən və ya xəstəlikdən ölən bir adamı tanımağınız sizin sosial münasibətlər zamanı nə dərəcədə ehtiyatlı olmağınıza təsir göstərə bilər.

Zənginlə digərlərinin fərqi

Madriddə yaşayan 40-yaşlı Amber şəhərin mərkəzində, mənzildə karantində qalmış insanlar ilə zəngin, yaşıl şəhərətrafı ərazidə, yaxud da dağda qalıb hər gün itlə gəzən insanlar arasındakı fərqi hiss etdiyini deyir. Onun sözlərinə görə, birincilər təhlükəni daha ciddi qəbul edir, evdən çıxarkən zəruri tədbirlər görürlər. Onlar həm də indiki şəraitdə sosiallaşmaqdan çəkinirlər.

Romada bir startapda çalışan 34-yaşlı avstraliyalı Alexander isə burada dostlarının karantinin ləğvinə rahat uyğunlaşdıqlarını, yenidən birlikdə bara getməyə başladıqlarını, hərçənd açıq havada, terrasda oturdurlarını və daha kiçik qruplarda toplaşdıqlarını deyir: "Hamı qaydalara əməl etmək istəyir, çünki bu onların vətəndaşlıq borcudur".

Psixoloqlar həmçinin, emosiyaların da bizin davranışımıza təsirini qeyd edirlər. Əvvəldən qorxu və narahatlığa meylli insanlar karantin bitəndən sonra yenidən sosiallaşmağa çəkinəcəklər. Ancaq Hamilton-West deyir ki, kimsə sosial məsafə və digər qaydaları daim pozursa, bu da onun COVID-19-la bağlı ciddi narahatlıq keçirməsinin göstəricisi ola bilər. Onun sözlərinə görə, bu zaman insan virusdan qorxduğu üçün onu xatırladan şeylərdən uzaq durmağa çalışır. Bura maska, əl yumaq və məsafə saxlamaq da daxildir.

Digərləri üçün yeni sosiallaşma qaydalarına əməl etməmək evdəki şəxsi münasibətlərində baş verənlərə, sosial izolyasiya, yaxud maliyyə çətinliklərinə reaksiya ilə bağlı ola bilər. "Bəzən bu hərəkətlər …tənhalıq, çarəsizlik, yaxud zərurətdən qaynaqlana bilər", - Monrealda yaşayan klinik psixoloq doktor Miriam Kirmayer deyir.

Bəs, qaydalara əməl etməyən dostlarla münasibətləri necə qurmalı? Hamilton-West deyir ki, onları günahlandırmaq, yaxud yüksək ideallardan danışmaqdansa, sadəcə, özünüzü təhlükəsiz hiss etmədiyinizi, yaxud virusu digər dost-tanışınıza ötürmək istəmədiyinizi deyə bilərsiniz. Yaxud da, dostunuzun öz ad gününü kiçik bir qrupla keçirəcəyini düşündüyünüz zaman gəlib 20 nəfərin toplaşdığı bir məclislə qarşılaşırsınızsa, belə deyə bilərsiniz: "Mən gedirəm, çünki özümü təhlükəsiz hiss etmirəm".

XS
SM
MD
LG