Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Sosial şəbəkə fəalı həbs olunub


E.İrşadov
E.İrşadov

Facebook sosial şəbəkəsində "Umar Ali" hesabıyla tənqidi paylaşımlar edən 30-yaşlı Elvin İrşadov yaşadığı Lənkəranda həbs olunub. Mayın 19-da Lənkəran Rayon Məhkəməsində onun haqqında 16 sutkalıq inzibati həbs qərarı çıxarılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinib. Bu barədə AzadlıqRadiosuna E.İrşadovun bacısı Aynur İrşadova məlumat verib.

Bacısının sözlərinə görə, Elvinin polisləri vurduğu iddia olunur. Amma A.İrşadova bu ittihamın yalan olduğunu, onun sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyir: "Mayın 18-də "Kapitalbank"dan 190 manatlıq ödəməni almaq üçün banka gedib. Bankın qarşısında növbədə olanda polislər tutub aparıb. Bizə axşam saat 9 radələrində məlum oldu ki, onu tutublar. Polis şöbəsinə gələndə dedilər ki, müxalifətçilik edir, nələrsə yazıb, ona görə cəzalanmalıdır".

"Valideynlərə də xəbər göndərmişdilər ki, onu yığışdırın..."

A.İrşadova bildirib ki, qardaşı hələ xeyli əvvəl sosial şəbəkələrdə polis özbaşınalığı haqda paylaşımına görə də hədələnmişdi. Onun sözlərinə görə, sahə müvəkkili Elvindən Facebook-da yaydığı fotosunu silməsini tələb edir, əks təqdirdə onu cəzalandıracağını deyirdi: "Ümumiyyətlə, Elvinin belə tənqidi mövqeyinə görə bir neçə dəfə valideynlərə də xəbər göndərmişdilər ki, onu yığışdırın...".

Bacısı onu da əlavə edib ki, E.İrşadovdan xəbər tutmaq üçün Lənkəran Rayon Polis Şöbəsinə gələndə onlardan Elvinin telefonunu istəyiblər.

Məhkəmə qərarında isə E.İrşadovun xırda xuliqanlıq etdiyi, onu intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərdiyinə görə cəzalandırıldığı yazılıb.

E.İrşadov həbsindən bir gün öncə - mayın 17-də Facebook-dakı paylaşımında tanımadığı şəxsin ona zəng edib hədələdiyini, təhqir etdiyini, adından yalan məlumatlar yayıldığını yazıb.

Son vaxtlar paylaşdığı daha bir yazısında isə o, hökumətin kadr siyasətini tənqid etmiş, icra başçılarının həbs olunduğu əməliyyatların əslində korrupsiyaya qarşı mübarizə yox, sadəcə, görüntü olduğunu vurğulamışdı.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin siyasi baxışlarına, mövqeyinə görə təqib olunmadığını, yalnız konkret cinayətlərə görə cəza kəsildiyini bildirir.

XS
SM
MD
LG