Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 09:33

Fələstin tərəfdarları Stenford Universiteti prezidentinin ofisini zəbt ediblər


Kaliforniyanın Palo-Alto şəhərindəki Stanford Universiteti prezidentinin ofisinin yanı qrafitilər ilə boyanıb.
Kaliforniyanın Palo-Alto şəhərindəki Stanford Universiteti prezidentinin ofisinin yanı qrafitilər ilə boyanıb.

Stenford Universitetində dərslərin sonuncu günü Fələstinin azadlıq mübarizəsini dəstəkləyən etirazçılar universitetin prezident ofisinin yerləşdiyi 10-cu binaya daxil olaraq özlərini barrikadalarla dövrələyiblər. Onlar tələbləri yerinə yetirilənə, yaxud zorla çıxarılanadək orada qalmağı planlaşdırırlar.

Tələbələrdən 10 nəfər barrikadalarla əhatə olunmuş şəkildə binanın içərisində qalıb. Daha 50-dək tələbə isə qol-qola girərək binanı mühasirəyə alıb. İçəriyə daxil olan etirazçılar qapıları velosiped qıfılları, zəncir, nərdivan və stullarla bağlayaraq güvənlik kameralarının üzərini folqa ilə örtüblər. Binanın kənarında isə onlar püskürülən boya ilə pəncərələrə "Artıq bizim ofisimizdir" sözlərini yazıblar. Etirazçılar "Fələstin azad olacaq, biz Fələstini azad edəcəyik" şüarını səsləndiriblər.

"APEX Security Group" güvənlik xidmətinin və şerifliyin əməkdaşları binanın çevrəsində olublar.

Etirazçılar universitetə üç tələb irəli sürüblər

Onlar Stenford Fələstindəki Aparteidə Qarşı (SAAP) qrupun təqdim etdiyi müsadirə sənədinin Qəyyumlar Şurasının növbəti iclasına çıxarılmasını və prezident Riçard Sallerin sənədi dəstəkləyən tövsiyə məktubu verməsini, 2022-ci ilin maliyyə bilgilərinin, o sıradan fond yatırımlarının ictimailəşdirilməsini və Stenfordun Fələstini dəstəkləyən tələbələrinə qarşı bütün intizam və cinayət ittihamlarının ləğvini istəyiblər.

Universitetin "Stanford Daily" qəzeti yazır ki, etirazçılar 10-cu binanı (Building 10) "apreldə İsrailin soyqırımı kampaniyası tərəfindən qətlə yetirilən fələstinli …cərrah" Adnan əl-Burşun şərəfinə "Doktor Adnanın ofisi" adlandırıblar.

Daha öncə Stenfordda "Soyqırımını dayandırın" şüarıyla 120 günlük oturaq aksiya keçirilmiş, bu aksiya fevralda dağıdılmış, aprel ayında isə universitetin kampusundakı Bəyaz Plazada düşərgə salınmışdı.

Etirazçılar özlərinin hər hansı könüllü tələbə təşkilatı ilə bağlı olmayan müstəqil qrup olduqlarını bildirirlər.

Tələbələr Stanford Universiteti prezidenti Riçard Saller ofisinin yaxınlığındakı qrafitinin qarşısında keçirlər.
Tələbələr Stanford Universiteti prezidenti Riçard Saller ofisinin yaxınlığındakı qrafitinin qarşısında keçirlər.

Öncə daha böyük aksiya olmuşdu

Mayın 20-də İsrailə hər hansı yatırımların geri çəkilməsi tələbi ilə keçirilən daha böyük aksiya zamanı bir qrup etirazçı 570-ci binaya daxil olaraq onu ələ keçirməyə çalışmışdı. Etirazçılar çıxışları bağlayaraq tələbələrin binadan çıxmasına imkan verməmişdilər. 20 dəqiqə sonra Stenford Universiteti İctimai Təhlükəsizlik Departamenti qrupu dağıtmışdı.

Ötən həftə baş verən nümayişin təşkilatçıları nümayiş iştirakçılarının 570-ci binanın tutulması cəhdinə qatılmadığını deyirlər. Təşkilatçılar 570-ci binadakı etirazçıların, əsasən, tələbə olmadığını bildirirlər. Budəfəki etirazı isə tamamilə tələbələr təşkil ediblər.

Universitetin prezidenti Riçard Saller daha öncə "Stanford Daily" qəzetinə etirazçıların düşərgəsini dağıtmaq üçün polisdən yararlanmağa tərəddüd etdiyini bildirmişdi. O, kampusdakı gərginliyi azaltmaq istədiyini və eskalasiyaya yol açan tədbirlər görmək istəmədiyini demişdi. Ancaq prezident kampusda eskalasiya olarsa, rəhbərliyin polis gücü tətbiq etmək variantı haqqında daha ciddi düşünəcəyini də söyləmişdi.

XS
SM
MD
LG