ABŞ ilk dəfə olaraq kriptovalyuta mübadiləsi platforması SUEX-ə qarşı sanksiya elan edib.
ABŞ Maliyyə Nazirliyinin bu barədə bəyanatında deyilir ki, sözü gedən kriptobirjanın Rusiyadakı filialları vasitəsilə kiberhücumlar zamanı qanunsuz ödənişlər həyata keçirilir.
Söhbət şirkətlərdən şantaj yolu ilə qoparılan pullardan gedir.
Bu məqsədlə azı 8-dək reketçi proqramdan istifadə olunduğu məlumdur.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə SUEX vasitəsilə edilən tranşların 40 faizi qanunsuz təşkilatlarla bağlıdır.
ABŞ Maiyyə Nazirliyi bildirir ki, belə kriptobirjalar qanunsuz fəaliyyətlərə imkan yaratmaqla gəlir əldə edir.
Əsasən Rusiya filialları vasitəsilə
Bu da bildirilir ki, SUEX 2018-ci ildə fəaliyyətə başlayandan bəri yüz milyonlarla dollar pulu kriptovalyutaya, əsasən bitkoinə çevirib.
2020-ci ildə reketçi hakerlərə, dələduzlara və qara internetin əməliyyatçılarına 400 milyon dollardan çox ödəniş edilib.
Bu, 2019-cu illə müqayisədə dörd dəfə çoxdur.
SUEX birjadankənar ktiptovalyuta brokeri hüquqi şəxs kimi Çexiyada qeydiyyatdan keçsə də bu ölkədə mövcud deyil.
Birja Moskva və Sankt Peterburqdakı, habelə Rusiyanın başqa regionlarında və Yaxın Şərqdəki filialları vasitəsilə fəaliyyət göstərir.
SUEX iddia edir ki, bu filiallarda kriptovalyutada olan aktivləri nağdlaşdırır və daşınmaz əmlak, avtomobillər və yaxtalar kimi fiziki aktivlərə çevirə bilir.