Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:21

Azərbaycan Qarabağdakı yataqlarda inventarizasiya aparmaq istəyir


Monitorinq qrupunun Azərbaycan Respublikasının ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşü. 7 dekabr 2022
Monitorinq qrupunun Azərbaycan Respublikasının ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşü. 7 dekabr 2022

Azərbaycan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri dekabrın 7-də Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq keçirmək istəməsinə aid növbəti açıqlama yayıb.

Bildirilir ki, dekabrın 7-də də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət heyət Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Açıqlamaya görə, görüş zamanı Qızılbulaq qızıl, Dəmirli mis-molibden yataqlarına baxış, qanunsuz istismarın dayandırılması, inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə potensial zərərin qiymətləndirilməsi və dəymiş zərərin aradan qaldırılması məsələləri müzakirə edilib: "Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək".

Bu açıqlamaya, hələlik, Rusiya sülhməramlı kontingentinin rəhbərliyi və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Volkov: 'Sülhməramlılar gözdən salınır'

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov azərbaycanlı jurnalistlərin onların yerləşdiyi əraziyə keçməsinə icazə verməyib. O, jurnalistlərə açıqlamasında deyib ki, mediada yayılan xəbərlərdən məlumatlıdır, "sülhməramlı kontingent gözdən salınır".

Bu gün...

Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinə yerləşdikləri ərazilərə keçməyə mane olublar.

İctimai TV-nin dekabrın 7-də yaydığı süjetdə sülhməramlıların bu televiziyanın müxbir və operatoruna Qarabağdakı ərazilərə keçməyə maneçilik törətdikləri görülür. Süjetdə insidentin konkret olaraq hansı rayonda baş verdiyi bildirilmir. Müxbir Azərbaycan vətəndaşı, jurnalist, silahsiz olduğunu, həmin ərazilərin Azərbaycana məxsus olduğunu deyir, vəziyyət dəyişmir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən və Rusiya sülhməramlıları kontingentinin komandanlığından, hələlik, hər hansı şərh almaq mümkün olmayıb.

Son günlər baş verənlər…

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 3-də ölkənin Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərində "monitorinq aparılması üçün" görülən tədbirlərlə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd edilirdi ki, onların, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC əməkdaşları Xocalıda sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirələr aparıblar. Vurğulandığına görə, məqsəd ərazidə "faydalı qazıntıların qanunsuz istismarı" ilə bağlı monitorinq aparmaq olub.

Məlumatda bildirilirdi ki, həmin gün axşam saatlarında onlar Azərbaycanın nəzarətində olan Şuşa şəhərinə qayıdıblar.

AzadlıqRadiosunun erməni xidməti isə dekabrın 3-də Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki tanınmayan quruma istinadla Gorus-Xankəndi yolunun Şuşa-Xankəndi arasındakı hissəsinin bağlandığını yazmışdı. Ərazidə olan Şuşanik Hayryan adlı şəxs "Azatutyun"a bildirib ki, həmin ərazidə 100-ə yaxın maşın dayanıb.

"Azatutyun"un yazdığına görə, davam edən üç saatlıq danışıqlardan sonra yol açılıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG