Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Ekspert süni brilyant istehsalı barədə: 'Tələbat olmasa, problem yaranacaq'


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanda süni brilliant istehsalı planlaşdırılır. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov deyib ki, laborator şəraitdə süni brilyantlar sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur.

O əlavə edib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Hindistanın bir şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsalın qurulması üçün anlaşma memarondumu imzalanıb:

“Müqavilənin şərtləri bizə uyğundur. Süni brilyantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir... Süni brilyantın xammalı təbii məhsuldan götürülür”.

Söhbət 2023-cü ilin oktyabrında “AzerGold” QSC, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumundan gedir.

Süni almaz istehsalının tarixi...

Süni və ya sintetik almazların (brilyantların) istehsalına hələ ötən əsrin ortalarında başlanıb. 2022-ci ildə onun istehsal bazar dəyəri 15 milyard dollar olub. Ekspertlər 2028-ci ilə qədər bu dəyərin 24,4 milyard dollara yüksələcəyini proqnozlaşdırır. Onlar təbii məhsuldan 80 faiz ucuzdur.

Sintetik brilyant bazarının iri oyunçuları var. Hindistan, ABŞ, Sinqapur şirkətləri bazarın ən böyük istehsalçısı sayılırlar. Rusiyada da süni brilyantlar istehsal olunsa da, 2022-ci ildə dünya istehsal bazarında bu ölkənin istehsal payı cəmi 2 faiz olub.

Bəzi ekspertlər düşünür ki, süni almazlar istifadə edilən sahələr – optika, tibbi avadanlığın istehsalı, kompüter texnologiyaları Azərbaycanda inkişaf etməyib deyə, süni yolla yetişdirilən belə məhsullar ixrac üçün daha əlverişlidir.

Üstəlik də ölkədə bir çox texnikanın, avadanlıqların istehsalı (velosiped, pianino və s.) başlansa da, nəticədə layihələrin rentabelliliyinin olmadığı açıqlanıb.

“AzerGold”:“Layihənin əsas məqsədi…”

“AzerGold” QSC-dən “Turan”a bildirilib ki, zavodun qurulması yalnız yerli deyil, eyni zamanda regionun tələbatını ödəmək gücündə olacaq: “Layihənin əsas məqsədi süni almazların yetişdirilməsi, onların cilalanması, təraşlanması və ixracıdır”.

Qurumdan qeyd olunub ki, almazların süni istehsalı müasir texnologiyalar vasitəsilə həyata keçiriləcək. Vurğulanıb ki, süni almazların ixracı ölkənin qeyri-neft sektoruna əlavə gəlir gətirməsini təmin edəcək, istehsalı isə yeni iş yerlərin açılmasına imkan yaradacaq.

Əlavə olunub ki, qurulacaq zavodda 50 reaktordan ibarət illik 79 min 800 karat almazın istehsalı nəzərdə tutulur.

İqtisadçı Toğrul Vəliyev isə AzadlıqRadiosuna bildirib ki, adətən istehsala Azərbaycan ölkə olaraq yox, şirkətlər başlayır: “Şirkətlər isə özləri nəyi, necə istehsal etməsi, bunun uyğun olub-olmaması ilə bağlı qərar verirlər”.


“İxrac daha çətin məsələdir”

Ekspert qeyd edib ki, Azərbaycan dövlət olaraq nəyinsə istehsalına qərar verirsə və özü üçün yerli istehsala keçmək siyasətini prioritet kimi müəyyənləşdirirsə, bu artıq başqa məqamdır: “Amma dövlət bunu heç vaxt bəyan etməyib və bəyan etmədiyi üçün müvafiq sahələrin dəstəyi yox idi. Nəticə etibarilə də heç nə alınmırdı. Məsələn, Azərbaycanda sahibkarlara maşın istehsalından daha çox onun idxalı sərf edir. Çünki istehsal əlavə xərcdir, yeni bazardır, təqdimatdır, dövlət sifarişi isə bütün gücünü təmin etmir. Nəticədə istehsal idxaldan daha çox pul aparır”.

T.Vəliyevin fikrincə, əgər Azərbaycanda süni almazların müvafiq bazarı yoxdursa, onda ixrac məsələsi irəli çıxır: “İxrac isə daha çətin məsələdir. Yəni, hər hansı malın ixracı üçün həmin məhsul rəqabətli qabiliyyətə malik olmalıdır. Keyfiyyət olmasa, onda qiymət cəlbedici olmalıdır və ya logistik baxımından əlverişli olmalıdır. Bunların heç biri yoxdursa, ixrac üçün problemlər yaşanır”.

Onun sözlərinə görə, Azərbaycanda bir çox sahələrdə ixracın gerçəkləşəcəyi bəyan olunmuşdu, amma reallıqda heç nə ixrac olunmurdu: “Çünki rəqabət qabiliyyətli heç nə yox idi. Əgər süni almazlar daxili tələbat üçün və ya dövlət sifarişi ilə istehsal olunacaqsa, o zaman heç bir problem yoxdur. Amma məhsula tələbat olmasa, problem yaranacaq. Nəticədə, bazarda olmayan məhsul üçün yeni bazarın yaradılması çətin prosesdir. Burada ya dövlət dəstəyi olmalıdır, ya da şirkət özü yatırımlar etməlidir. Bizdə isə bunların heç biri yoxdur”.

XS
SM
MD
LG