Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Suriyadakı hakimiyyət boşluğu İŞİD-i səhnəyə qaytara bilər


"İslam Dövləti" yaraqlısı Suriyanın Rəqqa şəhərində İŞİD bayrağını dalğalandırır.
"İslam Dövləti" yaraqlısı Suriyanın Rəqqa şəhərində İŞİD bayrağını dalğalandırır.

İllərdir darmadağın edilmiş sayılan İŞİD-in qalıqları Suriya-İraq sərhədindəki geniş səhra ərazilərdə varlığını qoruyur.

Ekspertlər xəbərdar edirlər ki, bu qisasçı qruplaşma Bəşər Əsəd rejiminin çöküşündən sonra yaranan hakimiyyət boşluğunu doldurmağa çalışa bilər. AzadlıqRadiosunun əməkdaşları Abubakar Siddik və Məlihə Kəsmər bunun səbəblərinə toxunurlar.

İŞİD-in 2014-cü ildə Suriya və İraqın geniş ərazilərini tutmasına və "İslam Dövləti" – xilafət yaradıldığını elan etməsinə bütün dünya mat-mat baxırdı. Ancaq 2018-ci ildə ABŞ-nin başçılıq etdiyi koalisiya sarsıdıcı zərbə vuraraq o qurumu çökərtdi.

"İŞİD özünü yenidən qura bilən hərəkat və qruplaşmalardandır", - Yaxın Şərq və Cənubi Asiya üzrə araşdırıcı, Vaşınqtonda yaşayan politoloq Fatima Ayub belə deyir.

"Yatmış hüceyrələr"

Ekspertlərin fikrincə, Suriyada dini və etnik fikir ayrılıqlardan bəhrələnən qruplaşma yenidən ölkədəki mövqelərini möhkəmlədə bilər. Belə təhdidləri gözə alan ABŞ son bir neçə gündə İŞİD-in Suriyadakı sığınacaqlarına havadan zərbələr endirib.

"Suriya Demokratik Qüvvələri"nin üzvü Suriyanın şimal-şərqindəki həbsxanada İŞİD məhbuslarına nəzarət edir.
"Suriya Demokratik Qüvvələri"nin üzvü Suriyanın şimal-şərqindəki həbsxanada İŞİD məhbuslarına nəzarət edir.

Ölkənin şimal-şərqinə nəzarət edən və ABŞ-nin dəstəklədiyi kürdlərin "Suriya Demokratik Qüvvələri" (SDQ) xəbərdarlıq edib ki, İŞİD-in "yatmış" hüceyrələri dəyişmiş durumdan yararlana bilər.

ABŞ-nin terrorçu təşkilat kimi tanıdığı "Həyat Təhrir əş-Şam"ın (HTŞ) yaraqlıları dekabrın 8-də hakimiyyəti ələ keçirəndən sonra Suriya bilinməzliyə qərq olub.

HTŞ Dəməşqdə keçid administrasiyası formalaşdırsa da, ölkənin ayrı-ayrı ərazilərinə nəzarət edən parçalanmış saysız-hesabsız silahlı qruplaşmanı tərksilah edərək əməkdaşlığa çağırmağı bacaracağı məlum deyil. Ekspertlər deyirlər ki, bu baş verməsə, vətəndaş savaşı yenə körüklənə, ya da uzunmüddətli qeyri-sabitlik dövrü başlana bilər.

"İŞİD öz fəaliyyətində xaos doğurub-yaymaqla ziyan vurmaq, dinc sakinlərə basqınları gerçəkləşdirmək kimi üsullardan yararlanır", - Ayubun sözləridir.

Qruplaşmanın minlərlə döyüşçüsü və onların ailə üzvləri Suriyanın şimal və şərqində yerləşən və SDQ-nin nəzarət etdiyi onlarla həbsxana tipli düşərgədə saxlanılır.

Vaşınqtonda zorakı ekstremizmin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin direktoru Enn Spekxard deyir ki, Suriyada vaxtaşırı terror aktları gerçəkləşdirən İŞİD tərəfdaşları var.

Onun fikrincə, İŞİD-in həbsdəki üzvləri ümid edirlər ki, silahlı tərəfdaşları "xilafəti bərpa etmək üçün həmin həbsxanalara hücum çəkərək onları qurtaracaq".

"Münasibətlərə hələ aydınlıq gətirilməyib"

ABŞ dövlət katibi Antoni Blinken xəbərdarlıq edib ki, İŞİD öz imkanlarını bərpa etmək və güvənli sığınacaqlar yaratmaq üçün bu dövrdən yararlana bilər.

Rəsmi Vaşınqton İŞİD-lə mübarizə aparan qlobal koalisiyaya başçılıq edir. ABŞ 2019-cu ilin oktyabrında qruplaşmanın lideri və banisi Əbu Bəkr əl-Bağdadini öldürüb və ardınca onun üç xələfini də məhv edib.

"ABŞ İŞİD-ə hava zərbələriylə basqı göstərməyi sürdürsə, bu, problemin genişlənməsinin önünü kəsə bilər", - qruplaşmayla bağlı durumu izləyən ispaniyalı müstəqil təhlilçi Aymən Əl-Təmimi belə deyib və ardınca söyləyib: "Bu heç də o demək deyil ki, İŞİD öz qüvvələrini yenidən qruplaşdıra biləcək və böyük uğurlar qazanacaq".

Onun fikrincə, İŞİD qalıqlarının mərkəzi və sərqi Suriya səhralarında öz varlığını qoruması bu ərazilərin böyük önəmindən xəbər verir. Həmin ərazilərə SDQ nəzarət etsə də, HTŞ dekabrın 11-də neftlə zəngin Deyr əz-Zoru SDQ-nin əlindən alıb.

"SDQ ilə Dəməşqdəki mərkəzi hakimiyyət arasında münasibətlərə hələ aydınlıq gətirilməyib", - Əl-Təmiminin sözləridir.

Qanlı toqquşmalar ara vermir

Bu ara Türkiyənin dəstəklədiyi və HTŞ ilə sıx ittifaqda olan "Suriya Milli Ordusu" ilə SDQ arasında qanlı toqquşmalar davam etməkdədir.

Təmiminin fikrincə, İŞİD-in 2014-ci ildəki kimi, tez bir zamanda Suriyanın geniş ərazilərinə nəzarəti ələ keçirəcəyi inandırıcı deyil. Ancaq ölkədəki ayrı-ayrı döyüşçü və qiyamçılar arasında qarşılıqlı savaşlar İŞİD-ə yeni imkanlar yarada bilər: "İŞİD SDQ ilə Türkiyənin dəstəklədiyi qruplaşmalar arasındakı döyüşlərdən faydalana bilər".

XS
SM
MD
LG