Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:23

Rusiya və Assad aviasiyasının zərbələrindən azı 40 nəfərin öldüyü xəbər verilir


Dinc əhali İdlib qəzasını tərk edir
Dinc əhali İdlib qəzasını tərk edir

Rusiyanın və Bashar al-Assad hökumətinin komandanlığı ilə Suriyada endirilən aviasiya zərbələri nəticəsində azı 40 nəfərin həlak olduğu bildirilir.

Reuters agentliyi bu barədə məlumatı yerli sakinlərə, xilasedicilərə və şahidlərə istinadən verib.

Ölkənin şimal-qərbinin intensiv bombardmanı nəticəsində 350 min insan evlərindən didərgin düşüb, on minlərlə sakin Türkiyə ilə sərhədə sığınıb.

Ötən ilin dekabrında Suriya hökumət qoşunları Rusiya hərbi aviasiyasının dəstəyi ilə İdlib qəzası üzərinə hücumlarını bərpa etmişdi.

Fərat çayının qərbində yerləşən bu ərazi Suriya silahlı müxalifətinin nəzarətində olan yeganə ərazidir.

Humanitar təşkilatların verdiyi məlumata görə o vaxt bombardman nəticəsində 22 sakin həlak olmuşdu.

Həmin vaxt endirilmiş hava zərbələri xəstəxana və məktəbləri dağıtmışdı.

Moskva və Dəməşq İdlibdə ağına-bozuna baxmadan zərbə endirdikləri barədə xəbərləri təkzib edirlər.

Onlar iddia edirlər ki, hava zərbələri ilə yalnız ekstremistlər və terrorçular hədəflənib.

ABŞ-ın komandanlığı altında beynəlxalq koalisiya 2014-cü ildə Suriyadakı radikal islamçılarla mübarizə aparıb.

Koalisiya, özəyini kürd qüvvələri təşkil edən Suriya Demokratik Qüvvələrini dəstəkləyirdi.

Lakin 2015-ci ildə Suriya münaqişəsinə Rusiya hərbi müdaxilə etdi.

Koalisiya Rusiyanı prezident Bashar al-Assadın hakimiyyətini xilas etmək cəhdində dəfələrlə ittiham edib.

Qərb Assadı insan haqlarını kütləvi şəkildə pozmaqda günahlandırır.

2019-cu ildə Suriyanın şimalına Türkiyə də müdaxilə edib. Ankara bu münaqişədə Rusiya və Assada qarşı çıxan qüvvələrin tərəfindədir.

XS
SM
MD
LG