Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Sıfır büdcə ilə film çəkməyin yolları


Operator
Operator

1993-cü ildə Raindance film festivalını, 1998-ci ildə Britaniya Müstəqil Kino Mükafatını təsis etmiş Elliot Grove hesab edir ki, sıfır büdcə ilə film çəkməyin yollarını öyrənmək üçün nisbətən yaxın dövrdə baş vermiş bəzi hadisələrə diqqət etmək lazımdır.

"2005-ci ilin Valentin günü kino biznesi tarixində mühüm gündür. Həmin gün Chad Hurley, Steve Chen və Jawed Karim youtube.com adını qeydiyyatdan keçiriblər. …O vaxtdan bəri kino biznesi və xüsusən də kino distribütorluğu daha heç vaxt əvvəlki kimi olmayıb", – Grove yazır.

Sonrakı illərdə təkmilləşən rəqəmsal texnologiya filmlərin cüzi büdcə ilə çəkilib montaj edilməsini mümkün etdi. Artıq bütöv bədii filmləri ənənəvi qaydada maliyyələşən filmlərin yemək çatdırma xərcləri qiymətinə tamamlamaq mümkündür.

Hələ internetin erkən çağlarında, 1999-cu ildə çəkilmiş "The Blair Witch Project" və "Paranormal Activity" filmləri internet və viral marketinq üsullarından yararlanaraq "büdcəsiz" filmləri tanıtmağın mümkünlüyünü nümayiş etdirmişdi.

"Müstəqil kinematoqrafçılar daha az məbləğə daha yaxşı məhsul ortaya qoya bilirlər. Bundan başqa, onların büdcəsi kiçik olduğundan filmlərinin çox da uğurlu alınmaması böyük həyəcana səbəb olmur. İşin ən maraqlı tərəfi isə odur ki, bugünkü kino dünyasında studiyalar, saytlar, ənənəvi TV, geymerlər, app yazanlar, iri banklar, iri brendlər, investisiya fondları - bir sözlə, hamı bu sahənin içində olmaq istəyir. Studiya, distribütor, sayt və TV yayımçılarının hamısının filmləri göstərmək üçün avadanlığı var. Çatışmayan filmlərin özüdür. Bu isə o deməkdir ki, siz keyfiyyətli və inandırıcı kontent yarada bilsəniz, qazanc əldə edəcəksiniz", – Grove-un yazısında deyilir.

Grove daha sonra inandırıcı kontent yaratmağın 10 üsulunu təqdim edir.

1.Hekayə hər şeydir.

Hekayənizin qəhrəmanlarının spesifik, ölçülə bilən məqsədi olmalıdır ki, vaxtı gələndə biz onların bu məqsədə çatıb-çatmadığını anlaya bilək.

Bundan başqa, hekayənizin baş verdiyi konkret zaman və məkan olmalıdır. Bunlar adi də ola bilər, qeyri-adi də.

Üçüncüsü, əsas qəhrəmanların hərəkətləri və sözləri, dialoqları olmalıdır. Yaxşı hekayədə bütün bunlar bir-birinə elə bağlanır ki, "tikişlər" görünmür.

2.Məkan, məkan, məkan

Film çəkilişində iki bahalı komponent var: görüntünün çəkilməsi (kamera) və məkan. Büdcədən asılı olmayaraq, çəkiliş qrupunu bir məkandan başqasına daşımaq vaxt və pul xərci deməkdir. Filmdə yerdəyişmələrin sayını azalda, hətta ümumiyyətlə, ləğv edə bilsəniz, büdcənizə ciddi qənaət etmiş olacaqsınız.

3.Görüntü

Ssenari və büdcənizə uyğun kameranı seçmək hələ bugünkü qədər asan olmayıb. Böyük ehtimalla rəqəmsal kameradan istifadə edəcəksiniz. Diqqət etməli olduğunuz iki şey kompressiya və linzalardır. Unutmayın ki, bütün rəqəmsal kameralar eyni siqnalı istehsal edir. Görüntünün keyfiyyətinə təsir edən əsas amil linzalar və bir çərçivəyə sığan piksellərin sayıdır (kompressiya).

4.Səs

Bəzi şeyləri göstərməkdənsə onların assosiasiya olunduğu səsi vermək kifayətdir.

5.Musiqi

Filmlər gəlirlərinin böyük hissəsini saundtrek sayəsində əldə edirlər. Filminizin kinoteatrdakı nümayişi bitəndən sonra onun gətirdiyi gəlirin böyük hissəsi saundtrekin müəlliflik hüquqlarının payına düşəcək. Sizə maraqlı olan treki buradan araşdıra bilərsiniz: www.ppluk.com

6.İntizamlı və səliqəli olun

Hər şeyi əvvəldən planlaşdırmaqla səliqəsizlikdən yan keçmək mümkündür. Hər şeyin yerini bilin və çəkiliş qrupunun bütün üzvləri deyilən vaxtda deyilən məkanda olsunlar.

7. Dostlarınız aktyor deyil

Çox vaxt adamlar dostlarını başlarına yığıb film çəkmək istəyirlər. Bunu etməyin. Çünki dostlarınız peşəkar aktyor deyil. Onların oyunu elə keyfiyyətsiz olacaq ki, siz münasibətlərinizi korlamadan işinizi görə bilməyəcəksiniz.

Ən yaxşısı yerli teatr və aktyorluq məktəblərinə elan vurmaq, aktyor heyətini seçməyə çoxlu vaxt sərf etmək, ciddi dinləmələr keçirməkdir. Əlinizdə uyğun ssenari və bir az pul varsa, kastinq agentinə də müraciət edə bilərsiniz.

8.İzləyici kütləsi

Sosial medianın çıxmasından sonra kino sahəsində landşaft dəyişib və iki kinematoqrafçı tipi meydana çıxıb: sosial mediaya nifrət edənlər və onu sevənlər. Layihənizin səhifəsini yaratmaqla izləyiciləri cəlb etməyə başlaya bilərsiniz.

9.Öz rolunuzu dəqiq müəyyənləşdirin

Siz rejissorsunuz, kontent yaradıcısısınız, yoxsa kommunikator?

10.Uğur yoxdur, alın təri var

Uğur alın təri ilə qazanılır. İşinizə daim vicdan və həvəslə yanaşsanız, uğur sizinlə olacaq.

XS
SM
MD
LG