Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:51

Əli Kərimlinin mühafizəçisi: 'Hamı bilsin ki, günahsızları necə şərləyirlər...'


Səid Məmmədzadə
Səid Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadənin (Bakuvi) məhkəməsinə heç kim buraxılmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadənin (Bakuvi) məhkəməsinə heç kim buraxılmayıb. Bu da onun etirazına səbəb olub. O, özəlliklə media nümayəndələrinin məhkəmədə iştirakına icazə verilməsini, təqsirsizliyinin ictimaiyyətə çatdırılmasını istəyib: "Adamları niyə buraxmırsınız? Jurnalistləri buraxın, gəlsinlər burada olanları cəmiyyətə çatdırsınlar. Hamı bilsin ki, günahsızları necə şərləyirlər...".

Videodan da görünür ki...

Xuliqanlıq suçlamasıyla 3 il 6 ay həbs cəzası kəsilmiş Bakuvinin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İyunun 8-də məhkəmə iclasında onun vəkili Bəxtiyar Hacıyev vəsatət qaldırıb ki, yenidən məhkəmə istintaqı keçirilsin, şahidlər dindirilsin, sübutlar araşdırılsın.

Təqsirləndirilən AXCP fəalı özü də cinayət işinin materiallarına əlavə olunmuş videogörüntünün məhkəmədə nümayiş etdirilməsini, araşdırılmasını istəyib. Onun sözlərinə görə, videodan da görünür ki, o, təqsirsizdir, zərərçəkmiş qismində tanınan Rüfət Məcidova nəinki xəsarət yetirməyib, ümumiyyətlə, onu vurmayıb.

Lakin Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə istintaqı aparmaqdan imtina edib. Qərar verib ki, iyunun 22-də təqsirləndirilən şəxs, onun müdafiəçisi və prokurorun çıxışları dinlənilsin. Ardınca da apellyasiya şikayəti üzrə qərar çıxarılsın.

Bakuvi CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. İddia olunur ki, avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib.

"Sadəcə, məni təxribata çəkə bilməyib"

AXCP fəalı ittihamın saxta olduğunu, ona böhtan atıldığını deyir: "Onunla uzaq məsafədən mübahisəmiz olub. Söyüş söyüb, mən də etiraz etmişəm, vəssalam. Sonradan hadisəni analiz edəndə başa düşürəm ki, ora elə mənim həbsimə nail olmaq üçün təxribat məqsədilə gəlibmiş. Sadəcə, məni təxribata çəkə bilməyib".

Məcidovu əvvəllər tanımadığını vurğulayan Məmmədzadə sifarişlə ona qarşı ssenari hazırlandığını deyib.

Məmmədzadə 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. O, aprelin 28-də Xətai rayon Məhkəməsində hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

İdmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, sosial media hesablarında zaman-zaman Azərbaycan hökumətinin fəaliyyətini tənqid edən fikirlər paylaşırdı.

AXCP Məmmədzadənin həbsini partiya üzvlərinə qarşı repressiyaların davamı kimi qiymətləndirib. Rəsmilər isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını, həbsdə olan siyasi fəalların konkret cinayət əməllərinə görə cəzalandırıldığını bəyan edir.

XS
SM
MD
LG