Türkan qəsəbəsində 80-90 yaşlı qadınlar sağ olduqları halda, onların ölməsi haqda saxta sənədlər düzəldib, torpaq sahələrinin satmaqda ittiham edilən 5 nəfər deyir ki, bu ittihamla razı deyillər. Onlardan yalnız biri özünü qismən təqsirli bilir.
Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hakim önünə çıxarılan 5 nəfərdən ikisi – Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev və qəsəbədə daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov həbsdədir.
Ölüm haqqında saxta şəhadətnamələr çıxarıblar
Daha üç nəfər - Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev və Daşqın Nəsirov barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha iki nəfər – Türkan qəsəbəsinin keçmiş bələdiyyə sədri Mehman Ağayev və daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Qərib Nadirov isə axtarışa verilib.
İyunun 4-də məhkəmədə prokuror ittiham aktını elan edərkən məlum olub ki, adları çəkilən şəxslər əlbir olub, Türkan sakinləri 80 yaşlı Əzizəxanım Atayeva, 92 yaşlı Xumara Şabanova və digərlərinin adlarına ölüm haqqında saxta şəhadətnamələr çıxarmaqla, onların torpaq sahələrini satıb, pullarını mənimsəməkdə suçlanırlar.
Təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü sənədlərin saxtalaşdırılması ittihamı üzrə qismən təqsirli bilib, qalan ittihamları o da qəbul etməyib. Digərləri isə ittihamların heç biri ilə razılaşmayıb.
“Pensiyamı taksilərə verirəm”
Zərərçəkmiş qismində ifadə verən ahıl qadınlar isə əmlaklarını tələb ediblər. Atayeva deyir ki, sabiq icra nümayəndəsi onun qohumudur. O, Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan təqsirləndirilən Daşqın Nəsirovun da həbs olunmasını tələb edib:
“80 yaşım var, 9 aydır küçələrdəyəm bu işə görə, pensiyamı taksilərə verirəm. Mənim övladlarım acından ölür, bunlar mənim torpaqlarımı satıb yeyib. Belə qohumluq olar? Gedib İlham Əliyevin qapısında yatacağam, amma bu işə bir çarə istəyəcəm”.
Atayevanın sözlərinə görə, torpağının kimə satıldığını bilmir. Amma bildiyi odur ki, alan şəxs oranın mübahisəli olduğundan məlumatlıdır və həmin ərazi hazırda istifadəsizdir:
“25 sot yer xarabalıq olub qalıb. Mən məgər ölmüşəm ki, adıma ölüm kağızı çıxarıblar?”
92 yaşlı zərərçəkmiş Şabanovanın tələbi də onun adına saxta ölüm şəhadətnaməsi hazırlamış şəxsin məhkəməyə gətirilib, onunla üzləşdirilməsidir: “Ona iki kəlmə deyiləsi sözüm var”.
Şabanova bildirib ki, mərhum qayınatasından miras qalmış 25 sot torpaq sahəsini oğlunun adına rəsmiləşdirmək üçün bələdiyyəyə gedəndə həmin ərazinin onlardan xəbərsiz satılmasından xəbər tutub.
Məhkəmə prosesi iyunun 18-də davam edəcək.