Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Şuşa Bəyannaməsi – 'Konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur'


Şuşa Bəyannaməsinin imzalanması. 15 iyun 2021
Şuşa Bəyannaməsinin imzalanması. 15 iyun 2021

İyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bəyannaməni imzalayan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu "tarixi sənəd" və "yeni dövrdəki yol xəritəsi" adlandırıblar.

Sənəddə siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyət məsələləri yer alıb. Sənədə görə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görüləcək. Yeri gəlmişkən, iki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəf götürülüb.

Ərdoğanın Şuşa səfəri nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən "Zəngəzur dəhlizi"nin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi məsələlər də yer alır.

"Prezidentimiz bu sənədi "yeni Qars müqaviləsi" adlandırıb"

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan"a deyir ki, sənəd indiyə qədər mövcud olan münasibətləri daha yüksək səviyyəyə qaldırır. Onun qənaətincə, müttəfiqlik məsələsi saziş səviyyəsində həll edilib və orda bir çox məsələlər - iqtisadi, strateji, hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik şuralarının birgə iclasları, Zəngəzur dəhlizinin açılması əks olunur: "Eyni zamanda, sənəddə vaxtilə bağlanmış Qars müqaviləsinə istinad edilir. Heç də təsadüfi deyil ki, cənab prezidentimiz bu sənədi "yeni Qars müqaviləsi" adlandırıb".

A.Mirzəzadənin fikrincə, bu sənədlə Türkiyə və Azərbaycan bir daha dostluqlarını, mütəffiqliklərini təsdiqlədilər: "Həmin sənəddə göstərilir ki, iki ölkənin ərazi bütövlüyünə hər hansı ölkə tərəfindən təhdid yaranarsa, bu iki ölkə birgə mübarizə aparacaqlar. Sənəddə həmçinin, silahlı qüvvələrin eyni standartlar üzrə yenidən qurulması əksini tapır".

İ.İsmayıl
İ.İsmayıl

"Azərbaycan əraziləri Türkiyə tərəfindən qarantiya altına alınır "

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyir ki, əvvəl iki ölkə arasında daha çox ticarət və diplomatik sahələrdə əməkdaşlıq haqqında müqavilələr var idi: "Düzdür, hərbi əməkdaşlıq barədə də müqavilə var idi, amma hər hansı bir dövlətin, xüsusilə Birləşmiş Millətlər Təşkilatının tanıdığı ərazilərə müdaxilə olarsa, qarşılıqlı hərbi yardımın göstərilməsi kimi önəmli məqam dünənə qədər yox idi".

Ekspert hesab edir ki, bu, Azərbaycan üçün çox vacib məsələdir: "O qədər vacibdir ki, artıq perspektivdə Dağlıq Qarabağın müstəqilliyindən danışmaq qeyri-mümkün olacaq. Rusiya da qane olacaq ki, dörd il beş aydan sonra Qarabağdan tədricən getməlidir və Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir. Çünki söhbət beynəlxalq sənədlərlə təsdiq olunmuş Azərbaycan ərazilərinin Türkiyə kimi dövlət tərəfindən qarantiya altına alınmasından gedir. Sənəddə birgə hərbi təhsil, təlimlərdən tutmuş, ordunun yenidən qurulmasına qədər hər bir şey çox detallı göstərilib. Perspektivdə bu Türkiyənin Cənubi Qafqazda dominant rolunu təsdiqləmiş olacaq".

İ.İsmayılın sözlərinə görə, Gürcüstanın Türkiyə ilə çox yaxşı münasibətləri var, gec-tez Ermənistan da Azərbaycan və Türkiyə ilə münasibət qurmalı olacaq və Rusiya da bununla razılaşacaq.

Ş.Cəfərli
Ş.Cəfərli

"Müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək"

Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" hüquqi baxımdan iyunun 15-də imzalanmış sənəddən daha üstündür və parlamentlərin ratifikasiyasından keçmiş dövlətlərarası müqavilədir: "Şuşa Bəyannaməsinin qarşılıqlı hərbi yardım barədə müddəası həmin müqavilənin 1-ci, 2-ci və 3-cü maddələrinin təkrarıdır".

Onun fikrincə, əsas yenilik iki ölkənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır: "Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək".

Sənəddə hərbi bazaların yaradılması barədə müddəa olmamasına toxunan Ş.Cəfərli deyir ki, razılaşmalarda mütləq "hərbi baza" ifadəsinin qeyd edilməsi vacib deyil. O, Azərbaycanda müəyyən sayda Türkiyə hərbçilərinin olduğunu, ehtiyac yaranarsa, onların sayının artırılmasının iki ölkə qərarvericilərinin müstəsna səlahiyyətində olduğunu vurğulayır.

Siyasi şərhçi Şuşada Türkiyə Konsulluğunun açılmasını isə tarixi əhəmiyyətli hadisə sayır və, bir növ, təhlükəsizlik zəmanəti sayır: "Ümumilikdə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur".

N.Cəfərli
N.Cəfərli

"Üç ildə ticarət dövriyyəsinin üç dəfə artırılması üçün..."

İqtisadçı Natiq Cəfərli isə martda 15 sənəd imzalandığını və orda ticarət dövriyyəsinin artırılması, ikiqat vergidən azad olunma, gömrük güzəştlərinin nəzərdə tutulduğunu xatırladır: "Dünənki sənəddə də bir daha təsdiqləndi ki, ticarət dövriyyəsini üç dəfə artırmaq və 15 milyard dollara çatdırmaq hədəf qoyulub. Bu, çox ambisiyalı hədəfdir. İndi ticarət dövriyyəsi 4.5 milyard dollar civarındadır və yaxın üç ildə onun üç dəfə artırılması üçün çox böyük güzəştlərin edilməsi vacibdir".

İqtisadçının qənaətincə, bu məsələdə narahatedici məqamlar da var: "Bizim xaricə satdığımız əsasən enerjidaşıyıcılardır. Türkiyə yüngül sənaye məhsulları, texnika, məişət əşyaları istehsalında bizdən xeyli qabaqdadır. Ona görə də bizim qarşılıqlı ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltmək üçün hər il, ən azı, 10 milyard dollarlıq mal Türkiyədən Azərbaycana idxal olmalıdır. Azərbaycan bazarlarında Türkiyə məhsullarının bolluğunun yaranması isə Azərbaycandan Türkiyəyə valyuta axmasına səbəb olacaq".

N.Cəfərli çıxış yolunu birgə müəssisələrin yaradılmasında görür.

XS
SM
MD
LG