Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:14

Türkiyə ilə Azərbaycan şirkətləri arasında 50-100 milyonluq şübhəli müqavilələr


Dollar
Dollar

2013-2015-ci illərdə ölkədən 5 milyard 551 min manat çıxarmış 9 şirkət üçün pul sayan, onları hissə-hissə xaricə köçürən dörd nəfərə hansı əsasla «Azəriqazbank»ın Xətai filialının yerləşdiyi ofisdə, ikinci mərtəbədə yer verilmişdi? Bu sual məhkəmədə filialın sabiq rəhbəri Oqtay Hacıyevə verilib.

Ölkədən 5.5 milyard manatın çıxarılmasına görə həbs olunan taksi sürücüsü Rüfət Vəliyev və 2012-ci ildə lisenziyası ləğv edilmiş «Royalbank»ın əməkdaşı olmuş Malik Əliyevlə bağlı məhkəmə araşdırmaları davam edir. Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Pullar Azərbaycandan R.Vəliyevin adına yaradılan və ya sonradan onun adına keçirilən şirkətlərin (Provision Group, İmpeks+, Blast, Qalaksi A, Asin Co. LTD, Primo A, İTEK MMC, Elektromaş, Aveo) bir neçə il öncə Türkiyədəki firmalardan aldıqları malların ödənişi kimi rəsmiləşdirilməklə çıxarılıb. Aprelin 10-da məhkəmədə iş materiallarındakı gömrük bəyannamələrində adı, imzası olan Vüqar Osmanov dindirilib. Onun özü də başqa bir cinayət işi ilə əlaqədar həbsdədir, məhkəməyə də təcridxanadan gətirilib.

«Mənim heç nədən xəbərim olmayıb»

Gömrük bəyannamələrində V.Osmanov «İmpeks+» MMC-nin sədri kimi göstərilib. 2007-2008-ci illərdə bu şirkətin Türkiyənin «Orkide Makine Elektronik ve Konfeksiyon» firmasından bir neçə dəfəyə ümumilikdə təxminən 3 milyardlıq elektrik avadanlıqları aldığı göstərilib. Sonra da 2013, 2014, 2015-ci illərdə həmin müqavilələr üzrə «Azəriqazbank», Beynəlxalq Bank vasitəsilə pullar köçürülüb. Özü də Türkiyəyə yox, Dubaya, Estoniyaya və s. İş materiallarında 50-100 milyon dollarlıq müqavilələr var. Ən aşağı məbləğli müqavilə 15 milyon dollarlıqdır.

V.Osmanov isə məhkəmədə bildirib ki, o, nə Türkiyədən elektrik malları gətirib, nə də onun pullarını ödəyib. Gömrük bəyannamələrindəki imzalar da onun deyil.

Şirkətlərdən bəzilərinin təsisçisi kimi də V.Osmanovun adı göstərilib. Sənədlərə əsasən, o, sonradan həmin şirkətlərə 2012-ci ildə R.Vəliyevi direktor təyin edib. Osmanov bundan da xəbərsiz olduğunu, həmin sənədlərdəki imzanın da ona məxsus olmadığını söyləyib.

«Mən Rüfəti tanımışam. Rüfət demişdi ki, Əli Can adında türk var, bu işləri də o görür. Sumqayıt Vergi İdarəsində qeydiyyatda olan firmalardır. Məndən xahiş eləmişdilər ki, sənin adına eləyirik, amma heç bir fəaliyyəti yoxdur bu firmaların. Hər dəfə vergiyə rüblük hesabat göndərilirdi ki, bu firmaların rüb ərzində fəaliyyəti olmayıb. Mənim heç nədən xəbərim olmayıb», - V.Osmanov belə deyib.

Şahidin nəzərinə çatdırılıb ki, vergiyə boş hesabatlar göndərilsə də, banklarda həmin dövrdə milyardlarla manatlıq əməliyyatlar həyata keçirilib. O da məlum olub ki, V.Osmanova 8 min pul verilib. O pulun hansı xidmətlərinə görə verilməsi barədə suala cavabında isə deyib ki, avtomobilə görə borc almışdı: «Maşın alırdım, onlardan borc götürdüm. Mənə nəyəsə görə verilməyib. Sonradan o pulun təxminən 4 min manata qədərini qaytarmışam».

«Rəhbərliyin göstərişi olub»

Guya Türkiyədən mal alınması barədə bəzi müqavilələrdə şirkət direktoru təqsirləndirilən R.Vəliyevin özünün də imzası var. Halbuki, həmin vaxt (2006-2008) o, beton zavodunda işləyirmiş: «O müqavilələr 2013-2014 – bu ərəfələrdə hazırlanıb. Əli Can gətirib, mən də qol çəkmişəm. Oxumamışam, ingilis dilində idi, mən də heç nə başa düşmürdüm».

Rüblük vergi hesabatları sıfır fəaliyyətlə göndərildiyi halda, o şirkətlər adından milyardlarla pulun xaricə köçürülməsi diqqət çəkib. Hətta Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama da təyin edib. Yoxlama başlayan ərəfədə qərar ləğv olunub. Bunu da aprelin 10-da məhkəmədə hakim elan edib.

«Azəriqazbank»ın Xətai filialının rəhbəri olmuş Oqtay Hacıyev də məhkəmədə dindirilib. Ondan soruşulub ki, bu şirkətlərə hansı əsasla onun rəhbərlik etdiyi filialda yer ayrılmışdı? O, belə cavab verib: «Yox, əlbəttə ki, biz hər gələn müştəriyə yer vermirik. Bunlar bir neçə şirkət idi. Bir günə bizim bankda 15-20 əməliyyat eləyirdilər. Yəni yaxşı müştəri idilər. Onlara bizim ofisdə ikinci mərtəbədə yer ayrılması isə rəhbərliyin göstərişi ilə olub».

O.Hacıyev deyir ki, hər şey qanun çərçivəsində olub, onların filialından bu firmalar vasitəsilə xaricə pul köçürmələri də. Hakimlər ondan soruşub ki, 7-8 il əvvələ aid müqavilələr üzrə pulların indi köçürülməsi nə əcəb onların diqqətini cəlb etməyib? Üstəlik, həmin şirkətlər elə gün olub ki, 50-60 milyon pul köçürüblər. Filial rəhbəri cavabında deyib ki, bunu araşdırmaq onların işi deyildi. Məbləğin böyük olmasına gəlincə, 20 mindən yuxarı bütün əməliyyatlar haqda Monitorinq Xidmətinə məlumat verilib, bu firmalarla bağlı da eyni addım atılıb.

Xatırlatma

Cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edilən Rüfət VəliyevMalik Əliyevin heç biri özünü təqsirli bilmir.

R.Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış.

Günlərin birində Ə.Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. R.Vəliyevin dediyinə görə, o, Ə.Canın pullarını banklara daşıyırmış: «Məni 9 ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm».

Digər təqsirləndirilən M.Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. R.Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var. Rüfət ona birlikdə işləməyi təklif edib: «Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı».

İttihamda adıçəkilən Ə.Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.

XS
SM
MD
LG