Azərbaycan sentyabrdan Türkiyə vətəndaşları üçün viza tələbini ləğv edir. Bəs, gələcəkdə də başqa ölkə vətəndaşları üçün də viza tələbi ləğv oluna bilərmi? Məsələn, İran vətəndaşları üçün.
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyəyə viza tələbinin ləğvini iki ölkə arasında münasibətlərin inkişafına bağlayır. O, deyir ki, inkişaf edən strateji tərəfdaşlıq asan gediş-gəliş zərurətini ortaya çıxarır.
Bir çox müstəqil ekspertlər qərarı alqışlasa da bunu gecikmiş addım sayır. Məsələn, belə düşünənlərdən biri, Dekomratik Rifah Hərəkatının sədri Qubad İbadoğlu bunun davamı olaraq, Türkiyənin iş adamlarına biznes və çalışma visazı ilə bağlı tələblərin də sadələşidirlməsini təklif edir.
Başqa bir ekspert Elxan Şahinoğlu isə hesab edir ki, İran vətəndaşları üçün də viza tələbi ləğv olunmalıdır. Onun fikrincə, İranda yaşayan milyonlarla azərbaycanlı sərhədi asanlıqla keçə bilməlidir.
Elxan Şahinoğlu vurğulayır ki, Gürcüstan viza prosedurlarından imtina edəndən sonra turizmdə sıçrayış yaşandı.
Millət vəkili Rasim Musabəyov isə turizmin inkişafını tək viza ilə bağlanmasını sadəlövlük sayır:
“Hər bir dövlət öz təhlükəsizliyi, turizmin inkişafı, ikitərəfli əlaqələri nəzərə alaraq, viza siyasətini tətbiq edir. Türkiyə ilə vizasız rejim gerçəkləşəndən sonra, başqa addımlar da atmaq olar. Amma bu məsələni təkcə vizanın alışına bağlamaq düzgün yanaşma deyil. Çünki indiki müasir zamanda asan elektron viza ilə hər kəs elə evindəcə viza ala bilər. İndi gələcəkdə hansısa bir mərhələdə Avropa və digər ölkə vətəndaşları üçün də vizasız gediş-gəliş tətbiq oluna bilər”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, indiyə kimi Azərbaycan “təhlükəsizlik məsələləri”nə görə Türkiyəyə viza rejimi tətbiq edirdi.
Onun fikrincə, bu problem həll olunduğundan, belə bir addım atılıb. Amma Tofiq Zülfüqarov İranla bağlı qərarı təhlükəsizlik və digər səbəblərə görə yüz ölçüb, bir biçəndən sonra verməyi doğru sayır.
Türkiyə Azərbaycan vətəndaşları üçün vizasız rejimi 2007-ci ildən, İran isə 2010-cu ildən keçib. Amma Azərbaycan hələ də İran vətəndaşlarının səfərlərinə viza tələb edir.
Bəs, Türkiyədən sonra başqa qonşu ölkələrlə də viza rejimi ləğv edə bilərmi?
Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirir ki, hazırda qərar ancaq Türkiyə ilə bağlıdır. Başqa ölkələrlə bağlı qərar olsa, ictimaiyyət məlumatlandırılacaq.
Amma Azərbaycan hökuməti bəyan edir ki, nəinki Türkiyə bütün ölkələrlə sadələşdirilmiş viza siyasəti aparır. Beləki, prezident İlham Əliyevin fərmanı ilə 2016-ci ildə “asan viza” sisteminin tətbiqinə başlanıb. 95 ölkənin vətəndaşı internet üzərində 3 gün ərzində vizanı ala bilər.
Türkiyəli Bilal Saim deyir ki, bu yeniliyə ciddi ehtiyac varıydı:
“Mən 2015-ci ildə Bakıya gəlmək istəyirdim. Amma Bakıya təyyarə biletləri çox baha idi. Ona görə fikirləşdim ki, bəlkə Türkiyədən Gürcüstana gedib ordan da Azərbaycana keçə bilərəm. Çünki Gürcüstana təyyarə biletləri Azərbaycandan qat-qat ucuz idi. Amma onda da bəlli oldu ki, Gürcüstan Azərbaycan sərhədində viza verilmir, vizanı sərhəddə almaq üçün yalnız hava limanına getmək lazımdır. Azərbaycanın Türkiyədəki konsulluğu isə İstanbulda idi. Gərək mən yaşadığım Kütahya şəhərindən İstanbula gedəydim. Orda da azı 3 gün gözləyəydim. Ona görə də Azərbaycana gedə bilmədim”.
Bilal Saim deyir ki, asan vizanın tətbiqindən sonra durum xeyli asanlaşsa da, çoxları viza tələbini görüb, Azərbaycana getmək fikrindən daşınır.
Vətəndaş cəmiyyəti fəalı Rəsul Cəfərov da bu razılaşır ki, viza tələbi bir çox əcnəbiləri Azərbaycana gəlməkdən çəkindirir. Onun fikrincə, Azərbaycanın viza siyasətini bir qədər də sadələşdirməsinə ehtiyac var:
“Mən hətta düşünürəm ki, Türkiyə vətəndaşlarının Azərbaycanda qalmaq müddətini də uzatmaq olar. Ümumiyyətlə, mən düşünürəm ki, Türkiyəyə viza rejiminin ləğvi gecikdirilmiş qərar oldu. Hesab edirəm ki, təxirə salmadan Avropa İttifaqına üzv ölkələrlə də qarşılıqlı şəkildə viza rejimi sadələşdirilməlidir. Azərbaycan hökuməti ümumiyyətlə viza rejiminin ləğvində maraqlı olmalıdır”.
Rəsul Cəfərov qonşu Gürcüstanı örnək göstərir. Bildirir ki, artıq nəinki Avropa vətəndaşları Gürcüstana, elə gürcülər də Avropaya vizasız gedib, gələ bilirlər.
Azərbaycan hökuməti isə son 3 ildə viza rejimini xeyli sadələşdirdiyini bildirir. Cəmi 23 dollara, təxminən dövlət rüsumu ödəməklə, hər kəs problemsiz Azərbaycana gələ bilər.
3 il öncə yaradılan asan viza sistemi ilə viza alan 184 müxtəlif ölkənin vətəndaşı Azərbaycana səfər edib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə, təkcə 2019-cu ilin ilk 6 ayında 429 min nəfər “asan viza” ala bilib.
Amma müstəqil ekspertlər bu sahədə islahatların davamına ehtiyac görürlər. Viza rejiminin bir tərəfli yox, iki tərəfli qaydada sadələşdirilməsini zəruri hesab edirlər.