Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

Türkiyə NATO-nu ‘şantaj etmədiyini’ deyir


Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu (sağda) və NATO-nun baş katibi Jens Stoltenberg
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu (sağda) və NATO-nun baş katibi Jens Stoltenberg

Türkiyədəki təhlükəsizlik mənbələrindən biri dekabrın 2-də bildirib ki, Ankara NATO-nun Baltik ölkələrini və Polşanı müdafiə planını dəstəkləməməklə şimal alyansını şantaj etmir və o hərbi blok daxilində qanuni veto hüququna malikdir.

Reuters agentliyinin ötən həftə verdiyi xəbərə görə, Türkiyə onun Suriyada kürd silahlılarına qarşı əməliyyatına daha güclü siyasi dəstək verilincəyə qədər NATO-nun Polşa və Baltik ölkələrinin müdafiəsi planını dəstəkləməkdən imtina etdiyini bildirmişdi.

Ankara bildirib ki, alyans daxilində qarşıdurma Birləşmiş Ştatların Türkiyənin müdafiəsi üçün ayrıca NATO planından çıxmasına görə yaranıb.

Bu plana əsasən NATO Türkiyəyə cənubdan, Suriya istiqamətindən hər hansı hücum təqdirində onun müdafiəsinə qoşulmalıdır.

Mənbə bildirib ki, NATO Türkiyənin istər siyasi, istərsə də hərbi baxımdan veto hüququna malik olduğu təsisatdır və “Türkiyə şantaj edir” kimi bəyanatlar qeyri-məqbuldur.

Ötən həftə diplomatik mənbələrdən biri Reuters agentliyinə bildirmişdi ki, Türkiyə Polşa və Baltik ölkələrinin müdafiəsi planını dəstəkləməməklə “şəqri avropalıları girov götürüb”.

NATO-nun Polşa, Litva, Latviya və Estoniyanın Rusiyanın mümkün təcavüzündən müdafiəsi planının qəbul edilməsi üçün alyansa daxil bütün 29 ölkənin hamısının razılığı olmalıdır.

Reuters agentliyinin məlumatına görə Türkiyə diplomatik mənbələri Ankaranın “təkliflərə açıq olduğunu” bildirib.

Bu da xəbər verilir ki, NATO-nun baş katibi Jens Stoltenberg müttəfiqlər arasında ortaq məxrəcin tapılması üçün səylər göstərir.

Lakin Polşa və Baltik ölkələrinin müdafiəsi planı Türkiyə və onun NATO müttəfiqləri arasında gərginliyin çoxsaylı səbəblərindən yalnız biridir.

Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemlərini alması ABŞ başda olmaqla NATO üzvlərini narazı salmışdı.

Vaşinqton bildirmişdi ki, S-400 NATO sisteminə uyğun silah deyil, üstəlik ABŞ-ın təkmil S-35 qırıcıları üçün real təhlükə yaradır.

Türkiyənin ötən ay Suriyanın şimalına hərbi müdaxilə etməsi də NATO-nun bir çox üzvləri tərəfindən məmnunluqla qarşılanmayıb.

NATO-nun böyüklüyünə görə ikinci ordusuna malik Türkiyə, alyansın Suriyadakı kürd YPG qüvvələrini terrorçu təşkilat kimi tanımasını istəyir.

YPG, Suriya Demokratik Qüvvələrinin (SDQ) əsas döyüş birləşməsidir və SDQ İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizəsində ABŞ-ın əsas müttəfiqi olub.

Türkiyə isə bildirir ki, YPG bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan PKK-nın Suriya qoludur.

Ötən həftə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Fransanın YPG-yə dəstəyinə görə Emmanuel Macron-u terrorizmə dəstəkdə günahlandırmışdı.

Macron bildirmişdi ki, Türkiyə Suriyaya təkbaşına müdaxilədən sonra NATO-dan həmrəylik gözləməməlidir.

Macron habelə NATO-nun “beyin ölümü” keçirdiyini bildirmişdi. O demişdi ki, ABŞ prezidenti Trump-ın qeyri-məntiqi hərəkətləri və Türkiyənin birtərəfli qaydada Suriyaya müdaxilə etməsi NATO-nun “beyin ölümü” keçirdiyini göstərir.

Noyabrın 28-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Macron-un bu qeydlərini “dayaz və mənasız” adlandırmışdı.

O demişdi ki, Macron “əvvəlcə öz beyninin durumunu” yoxlatmalıdır.

XS
SM
MD
LG