Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:12

Türkiyə Rusiya sülhməramlılarının statusu ilə bağlı ayrıca razılaşma istəyir


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyə mediasında yayılan xəbərlərə görə ölkənin xarici işlər nazir Mevlüt Çavuşoğlu İslamabadda üçtərəfli Pakistan-Azərbaycan-Türkiyə görüşündən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.

Ona Türkiyənin Co Bayen administrasiyası ilə gələcək münasibətləri, Paris-Ankara münasibətləri və sair məsələlərlə bağlı suallarla yanaşı Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar suallar da verilib.

Sabah qəzetinin yazdığına görə Türkiyə əsgərlərinin Qarabağın hansı hissəsində yerləşdiriləcəyinə dair sualın cavabında Çavuşoğlu deyib:

“Ortaq Müşahidə Mərkəzi üçün yer seçilib, konteynerlər gətirilib, inşaat başlayıb. Birinci mərhələdə 60 Türkiyə və 60 da Rusiya hərbçisindən ibarət bir mərkəz yaradılır. Mərkəz Ağdamda olacaq. Bu, təmas xəttinin 8 kilometrliyindədir. Azərbaycanlılar bundan mənmundurlar. Hərbçilərimiz artıq oraya yola düşməyə başlayıblar. Orda böyük bir qərargah yox, müşahidə mərkəzi olacaq”.

Ermənistanda valideyinlər Qarabağdakı əsgərlərin geri çağırılmasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Lazım gələrsə, Azərbaycan-Türkiyə ayrıca razılaşma imzalaya bilər

Türkiyə xarici işlər naziri bildirib ki, gələcəkdə buna ehtiyac olarsa, Azərbaycanla ikitərfli razılaşma əldə olunacaq və lazımi dəstək hər zaman veriləcək.

Mevlüt Çavuşoğlu deyib ki, “biz Rusiyanı ayrıca olaraq Qarabağdakı Rusiya sülhməramlı qüvvəsinin statusu ilə bağlı razılaşma imzalanmasına təşviq edirik”.

Nazir bildirib ki, hazırda Dağlıq Qarabağla əlaqədar Azərbaycandan heç bir şikayət alınmayıb.

Laçın dəhlizindən gediş-gəlişin icazəsini Bakı verməlidir

Mevlüt Çavuşoğlu ayrıca olaraq Laçın dəhlizi ilə bağlı bəzi məqamlara toxunub:

“Əsas məsələ rusların Laçın dəhlizində gediş-gəlişə icazə verilməsindəki roludur. Bunun icazəsi Azərbaycandan alınmalıdır. Əgər sabah hər hansı status quo tanınsa belə, bu, Azərbaycanın sərhədləri daxilində olacaqdır. Buna görə də bunların Azərbaycanın icazəsi olmadan edilməməsi lazımdır”.

Türkiyə naziri Rusiyaya xitabən deyib:

"Siz orada bir barış gücü kimi varsınız, kimlərin gedib-gəlməsinə qərar verməyin səlahiyyəti sizdə deyil”.

Akşam qəzetinin yazdığına görə Mevlüt Çavuşoğlu deyib ki, “Qarabağda atəşkəsə riayət olunmasını daim izləyəcəyik”.

Çavuşoğlu bunu da xatırladıb ki, 44 günlük müharibənin ardınca imzalanmış üçtərəfli bəyanatda “Dağlıq Qarabağın Azərbayacana aid olduğu” qeyd edilib.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG