İyulun 9-da səhər Tailand hökuməti və fövqəladə xidmət üzvləri görüşərək mağarada qalan 9 gənci xilas planının növbəti mərhələsini planlaşdırırlar.
Bir gün öncə Tailandın şimalındakı mağarada qalmış 12 oğlanın dördü xilas edilib. Onlar iki həftədən çoxdur futbol məşqçiləri ilə birlikdə mağarada təcrid vəziyyətində qalıblar.
Xilas edilənlərin kimliyi açıqlanmasa da, bəzi məlumatlara görə, məşqçi də onların arasındadır və səhhəti ucbatından ilk xilas edilənlərdən biri olub.
Ölkənin daxili işlər naziri Anupong Paojinda deyib ki, xilas edilənlər güclü, sağlam görünürlər, amma yenə də əlavə tibbi müayinədən keçəcəklər.
Xilasedicilər mağaraya çatmaq üçün təhlükəli və mürəkkəb yol qət etməlidirlər, leysan yağışlar yeraltı suların səviyyəsini qaldırmamışdan öncə əməliyyat bitməlidir.
***
Tailandda su basmış mağarada qalmış 12 uşaqdan 4-dü xilas edilib.
Hazırda mağarada məşqçi ilə birlikdə 9 nəfər qalıb.
Xilas edilən uşaqlar səyyar hospitala yerləşdirilib, ordan isə vertolyotla Çianqray şəhərindəki xəstəxanaya götürülüblər.
--
Tailandda xilasedicilər, 2 həftədən çoxdur ki, mağarada qalmış yeniyetmələrdən ibarət futbol komandasının çıxarılmasına başlayıblar.
AzadlıqRadiosunun məlumatına görə, bu barədə iyulun 8-də əməliyyata rəhbərlik edən Naronqsak Osottxanakon məlumat verib.
“Hava şəraiti yaxşıdır.Suyun səviyyəsi buna imkan verir.Dalğıclar hazırdırlar. Oğlanlar da fiziki cəhətdən çıxmağa hazırdırlar”, Naronqsak Osottxanakon
bildirib.
Onun sözlərinə görə əməliyyatda 18 dalğıc iştirak edir. Onlardan 13-ü xarici,5-I isə yerlidir.
Naronqsak Osottxanakon bildirib ki, ilk məktəblilər yerli vaxtla saat 21 radələrində mağaradan çıxarılacaq.
Xilasedicilərin sözlərinə görə əməliyyat ümumilikdə 3-4 gün çəkəcək.
Hakim dairələrin sözlərinə görə hər bir uşağı iki dalğıc müşaiyət edəcək.
Yeniyetmələrdən ibarət yerli futbol komandası və onların məşqçisi iyunun 23-də mağaraya girərkən güclü leysan yağışı başlayıb və mağaraya aparan yeraltı yolları su basıb. Nəticədə onlar mağaranın su basmamış bir güncündə, bir neçə kilometrlik dərinikdə ətraf mühitdən təcrid vəziyyətdə qalıblar.
Xilasedicilər onların yerini 10 gündən sonra aşkar ediblər.
Mütəxəssislər onlara yemək, fanarlar və digər xilasedici ləvazimatlar çatdırıblar.