Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:05

Taleh Bağırov: 'Məni öldürəydi, toka verəydi...'


Tale Bağırov
Tale Bağırov

►"Fərahimi maşında o qədər vurdu ki, zorla son nəfəsində "Allahu Əkbər" dedi"

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə məhkəmə prosesi davam edib.

Birinci hissədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQMİ) əməliyyat müvəkkili Ceyhun İmamverdiyevin dindirilməsi davam etdirilib.

İkinci hissədə bu idarənin başqa bir əməliyyat müvəkkili Şahlar Cəfərov ifadə verib. Təqsirləndirilən şəxslər onlara ən çox işgəncə verən şəxslərdən biri kimi məhz onun adını çəkirdilər.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

Çarpaz dindirmə zamanı təqsirləndirilən, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov bildirdi ki, ondan Milli Şuraya, onun sədri Cəmil Həsənliyə, eləcə də AXCP sədri Əli Kərimliyə qarşı ifadə almaq üçün əxlaqsız işgəncələr verən əsas adamlardan biri Ş.Cəfərov olub:

"Mebel maşınında Fərahim Bünyadovu avtomatla başına vura-vura bu adam öldürdü. Çox əxlaqsız söyüşlər söyürdü. Məni öldürəydi, toka verəydi, amma o cür əxlaqsızlıqlar eləməyəydi. Fərahimi maşında o qədər vurdu ki, zorla son nəfəsində "Allahu Əkbər" dedi və məni çağırdı ki, "Hacı"..."

Bu yerdə Taleh Bağırov kövrəlib. Digər təqsirləndirilən şəxslər də Ş.Cəfərov tərəfindən işgəncələrə məruz qaldıqlarını deyiblər. Dəmir barmaqlıqlar arasından onlar və Ş.Cəfərov bir-birinə plastmas su şüşəsi atıblar.

Buna da bax: Taleh Bağırov: «Kimdənsə 1 manat aldığımı sübut eləsələr...»

Hakim məhkəmədə ayın 7-nə qədər fasilə elan edib.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG