Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:05

Taleh Bağırovun xanımı: 'Ona qarşı qara piar məqsədilə məsələni şişirdiblər'


L.İsmayılzadə
L.İsmayılzadə

«Başqa siyasi məhbus ailələrində də olub ki, yaddan çıxıb, telefon üstlərində içəri keçmək istəyəndə tapılıb, amma belə şişirtməyiblər. Bəlkə də bu yollarla Taleh Bağırova təzyiq göstərməyə çalışırlar. Ona qarşı qara piar məqsədilə məsələni şişirdiblər. Görünür, Talehi hələ də yaxşı tanımırlar, bilmirlər ki, bu cür üsullarla onu sındırmaq mümkün deyil», – «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə Qobustan həbsxanasına həyat yoldaşıyla görüşə gedərkən telefon keçirmək cəhdi barədə yayılan məlumatlara aydınlıq gətirir.

Bu barədə AzadlıqRadiosuna danışan L.İsmayılzadə deyir ki, həyat yoldaşıyla üç aydan bir qısamüddətli, altı aydan bir də uzunmüddətli ailə görüşü olur. Görüşə gedəndə kifayət qədər ərzaq, yemək aparmağa çalışırlar ki, növbəti dəfəyə qədər çatsın: «Hazırlıqlara görə görüş öncəsi başımız çox qarışıq olur. O telefon Abbasın (T.Bağırovun üçyaşlı kiçik oğlu-red.) babasınındır, işlək deyil. Gündüzlər o telefonda Abbas Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt atıb oyuncaqların arasına. Elə birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik. Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar».

Həbsxanada məsələ ilə əlaqədar izahat yazdığını deyən L.İsmayılzadənin sözlərinə görə, əməkdaşların özləri də telefonun işlək olmadığını görüblər. Tapılarkən telefon sönmüş vəziyyətdə olub. Onu yandırıb, içindəki nömrəni müəyyənləşdirmək istəsələr də, məlum olub ki, işlək deyil, zəng getmir: «İşlək olmadığına görə mən nömrəni bilmirdim. Taleh onlara dedi ki, evimizə zəng eləyib, qayınatamdan soruşsunlar. Evə zəng eləyib qayınanama deyiblər ki, Talehin ailəsinin çantasından telefon çıxıb. Telefonu təsvir edəndə qayınanam da deyib ki, biz o telefonu neçə vaxtdır axtarırıq. Bir-birimizdən xəbərsiz eyni sözü demişik. Çünki həqiqət budur».

L.İsmayılzadə deyir ki, özü də, həyat yoldaşı da Penitensiar Xidmətin bu məsələ ilə əlaqədar rəsmi açıqlama yayacağını, telekanallara çıxarılacağını gözləməyib. Ona görə də ertəsi gün görüşdə olarkən telekanallardan xəbəri eşidəndə T.Bağırov əsəbiləşib: «Taleh dedi ki, «bu qədər qərəz olmaz, mən üç aydır ki, gərginliyin aradan qalxmasına, sakitliyə çalışıram, bunlar isə sanki problemin yaradılmasında maraqlıdırlar. Telefon keçirmək istəyən adam onu haradasa gizlədər, daha açıq şəkildə çantanın içində yoxlamaya verməz». İşçilər özləri də başa düşürdülər ki, məqsədli şəkildə olmayıb».

«Çaydanı da buraxmadılar»

T.Bağırovun saxlanma şəraitindən danışan L.İsmayılzadə bildirib ki, həyat yoldaşının ciddi narazılığı olmasa da, müəyyən problemlər var. Məsələn, ilahiyyatçının yanına qızdırıcı buraxılmadığına görə xeyli vaxtdır o, yeməyini elektrik çaydanında qızdırmalı olurmuş. Artıq o çaydan da sıradan çıxıb və o, ailəsindən yeni çaydan gətirmələrini istəyib. Aparsalar da, buraxmayıblar: «Halbuki, başqa kameraların hamısında qızdırıcı var. Buna isə qızdırıcı bir tərəfə, çaydanı da buraxmadılar. İyirmi gündür ki, qəzetləri də vermirlər. Abunə olduğumuz yayım şirkəti ilə əlaqə saxladıq, dedilər ki, «biz göndəririk, həbsxanadan qəbul eləmirlər, belə göstəriş verilib». Görünür, Talehin ölkədəki proseslər barədə məlumatlı olması bunları narahat edib, hətta hökumətyönlü qəzetləri də buraxmırlar. Ombudsman Aparatının əməkdaşları keçən dəfə gələndə kameranın pis vəziyyətdə olduğunu görüblər. Onlardan bir neçə gün sonra təmir olunub».

Penitensiar Xidmət martın 21-də L.İsmayılzadə haqda məlumat yayıb. Məlumatda deyilir ki, L.İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gedəndə mobil telefon və danışıq kartı gətirib:

«Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır: «Araşdırmadan sonra məlum olacaq ki, qəsdən edilib, yoxsa yaddan çıxıb. Araşdırmanın nəticəsi barədə məndə məlumat yoxdur».

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG