Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:41

Taleh Bağırovun ailəsi narahatdır


T.Bağırov
T.Bağırov

«Dünən də zəng günü idi, amma yenə zəng eləmədi. Əminəm ki, onunla bağlı nəsə xoşagəlməz hal yaşanır. Yoxsa bilə-bilə ki, ondan narahatıq, anasının səhhəti yaxşı deyil, bizi belə xəbərsiz qoymazdı...», – «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosuna danışır.

Həyat yoldaşının saxlandığı Qobustan həbsxanasında aclığı davam etdirməsi barədə müxtəlif mənbələrdən xəbər tutduğunu deyən L.İsmayılzadənin sözlərinə görə, T.Bağırovun aksiyaya başlamasından 13 gün keçir. Amma bu müddətdə nə ailə üzvləri onunla danışa bilib, nə də vəkili.

T.Bağırov sonuncu dəfə yanvarın 28-də ailəsi ilə telefonla əlaqə saxlayıb. O vaxtdan sonra həftədə iki dəfə telefon danışığı hüququ olsa da, danışmayıblar. Vəkili Bəhruz Bayramov da fevralın 8-də onunla görüşməkdən ötrü Qobustan həbsxanasına gedib. Vəkilin ailəyə bildirdiyinə görə, həbsxananın əməkdaşları ona T.Bağırovun görüşdən imtina etdiyini söyləyib.

«13 gündür ac qalan adamdan xəbərimiz yoxdur»

Həyat yoldaşı isə T.Bağırovun həm vəkillə görüşdən, həm də ailə üzvləriylə ünsiyyətdən könüllü şəkildə imtina etməsinə inanmır: «Biz axırıncı dəfə 15 gün əvvəl danışanda da elə vəziyyətdə idi ki, çox narahat oldum. Onda dedi ki, əgər ona qarşı təxribatlara, Abbas Hüseynova, Cabbar Cabbarova qarşı işgəncələrə son qoyulmasa, aclığa başlayacaq. Bir gün sonra eşitdik ki, artıq başlayıb. 13 gündür ac qalan adamdan xəbərimiz yoxdur».

L.İsmayılzadə bildirir ki, başqa dustaqlardan fərqli olaraq, T.Bağırova həbsxanada adi qızdırıcıdan istifadəyə imkan verilmir. O, məcbur qalıb elektrik çaydanının içində özünə yemək bişirməli olur.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov isə T.Bağırovun təzyiq altında olması barədə məlumatları təkzib edir.

«Mən əminliklə deyirəm, o məhkum aclıq eləmir, eləməyib də. Aclıq aksiyası elə-belə olmur, axı. Bunun üçün müəssisə rəhbərliyinə ərizə ilə müraciət olunur, səbəbi öyrənilir. Aclıq edən məhkum digərlərindən ayrı saxlanılır, həkim nəzarəti altında olur», – M.Sadıqov AzadlıqRadiosuna bildirib.

Vəkillə görüşdən imtina və ailə ilə telefon danışıqları məsələsinə gəlincə, M.Sadıqov deyir ki, bu, onun könüllü seçimidir: «Biz kimisə məcbur edə bilmərik ki, mütləq vəkillə görüşməlisən, yaxud mütləq zəng eləməlisən. Amma bizim tərəfimizdən ona heç bir qadağa qoyulmayıb».

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG