Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

"Hərbi hissədə bizi döyürdülər, amma şikayətçi deyilik"


Tapdıq Babaşov
Tapdıq Babaşov

►Vəkil: “Bu əsgərlər burada dindirildikdən sonra hərbi hissəyə qayıdırlar, ona görə də çox şeyi danışmaq istəmirlər”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki N saylı hərbi hissəsinin onlarla əsgəri necə döyülüb təhqir olunduqlarını bir-bir danışıblar.

Əsgərlər Bakı Hərbi Məhkəməsində bu barədə ifadələr veriblər. Söhbət ötən ilin mayında həmin hərbi hissədə dünyasını dəyişmiş tarixçi-əsgər Tapdıq Babaşovun ölümü üzrə məhkəmə prosesindən gedir.

Bu cinayət işində ölüm faktı ilə yanaşı, həm də hərbi hissədə əsgərlərə verilən işgəncələrdən bəhs olunur. Ona görə də mərhum Babaşovun anası ilə yanaşı, 50 əsgər də iş üzrə zərərçəkmiş qismində tanınıb.

“SIRADA KİMLƏRSƏ GÜLDÜ DEYƏ, HAMI DÖYÜLDÜ”

Əvvəlki məhkəmə iclaslarında o əsgərlərdən 36-sı dindirilmişdi.

Aprelin 4-də keçirilən məhkəmə iclasında qalan 14 zərərçəkmiş əsgər də ifadə verib.

Əsgərlər manqa komandirlərinin sıralamada düzgün addımlamamağa görə onları döydüklərini, axşam "Yat" əmrindən sonra öz aralarında danışdıqlarına görə necə şillələndiklərini, üzü üstə döşəməyə uzadılıb kürəklərində çəkmə ilə gəzdiklərini danışıblar. Dediklərinə görə, hərbi xidmətə yeni gəldikləri vaxtdan döyülüblər, təhqir olunublar.

Əsgərlər ifadələrində qeyd edib ki, əgər sırada bir-iki nəfər düzgün addımlamırdısa, gülürdüsə və ya manqa komandirlərini narazı salan hansısa başqa addım atırdısa, bu halda, bütün şəxsi heyət cəzalandırılır, döyülürdü.

___________________________________________________________

Bunlara da bax:
50 erməni sakin Yerevandan sığınacaq istəyib
Sarkisian Qarabağı tanımaqla hədələyir

___________________________________________________________

"Yat" əmrindən sonra kazarmanın işığı söndürüldü, kimlərsə öz aralarında söhbət edirdi. Buna görə elə qaranlıq otaqda bütün şəxsi heyəti ayağa qaldırıb düzdülər və hamını yumruq-şillə ilə döydülər. Bir gün də sırada kimlərsə güldü deyə, manqa komandiri Cəmil Ağayev hamımızı düzüb döyməyə başladı", - deyə əsgərlərdən Fərman Hacıyev ifadəsində bildirib.

“BU ƏSGƏRLƏR QORXURLAR”

Hakimlər, dövlət ittihamçısı, vəkillər dindirilən əsgərlərin, demək olar ki, hamısından məruz qaldıqları işgəncələr barədə hərbi hissə rəhbərliyinə şikayət etməmələrinin səbəbini soruşub. Lakin onlar konkret cavab verməyiblər.

Bu gün dindirilən əsgərlər mərhum Tapdıq Babaşovun ölümü ilə nəticələnən hadisəni özləri görmədiyini, sadəcə, hansısa əsgərin hərbi hissənin üçüncü mərtəbəsindən özünü atdığını və sonradan bunun Babaşov olmasının müəyyənləşdirildiyini bildiriblər.

Bir neçə əsgərin dindirilməsindən sonra təqsirləndirilən şəxslərdən Ruslan Cavadovun vəkili Şəfiqə Nağıyeva mərhum Babaşovun ölümü ilə bağlı gəldiyi nəticəni məhkəmənin diqqətinə çatdırıb: "Mən hiss eləyirəm ki, bu əsgərlər qorxurlar. Bu ölüm işində başqa bir adamın əli var. Bu əsgərlər burada dindirildikdən sonra hərbi hissəyə qayıdırlar axı, ona görə də çox şeyi danışmaq istəmirlər".

ŞİKAYƏTÇİ DEYİLLƏR

Maraqlıdır ki, bu məhkəmə prosesində dindirilən əsgərlərin hamısı döyüldüklərini, təhqirə məruz qaldıqlarını desələr də, ifadələrinin sonunda həmin şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmə prosesi aprelin 20-də mərhum Tapdıq Babaşovun anası Kifayət Süleymanovanın ifadəsilə davam edəcək.

Xatırladaq ki, Tapdıq Babaşov ötən il mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını düşünür.

Bu cinayət işi üzrə məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində keçmiş manqa komandirləri Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev çıxarılıb. Onlar CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham olunur.

XS
SM
MD
LG