«Literaturnaya qazeta» yazır ki, Kventin Tarantinonun son filmi nə qədər çox bəyənilsə və təriflənsə də, bəzi tənqidçilər onun uğursuz tərəflərini də qeyd ediblər.
«Stanislavskinin vaxtından bəri incəsənətdə iki istiqamətdən danışılır: həyəcan teatrı və təsəvvür teatrı. Tarantino bunların heç biri deyil; o, «heyrət teatrı»dır: əsəblərlə oynama, qəfil süjet döngələri, xarakterlərin inkişaf məntiqinin qırılması və ağlasığmaz qəddarlıq...», – qəzet yazır.
Şirin reaksiyanın səbəbi
Bəs görəsən, rejissorun 60-cı illərlə bağlı bu nostaljisi nədən qaynaqlanır? Filmdə Rikin könülsüz ziyarət etdiyi italyan rejissoru Serco Korbuççinin adı ötəri də olsa, çəkilir. Ancaq S.Korbuççi vestern janrını dünya kinosu zirvələrinə qaldıran digər rejissor Serco Leone qədər mühüm deyil.
Ancaq Korbuççi də kinoda böyük iz qoyub. O, gənc Franko Neronun iştirakı ilə bütün dünyaya səs salmış «Canqo» (Django) filmini çəkib. Bu film öz tərzinə görə Tarantinoya yaxındır. Sonradan Tarantino özünün çəkdiyi vesternə məhz bu adı verib – « Zəncirsiz Canqo» (Django Unchained). Korbuççi, eyni zamanda, sovet və post-sovet tamaşaçısına yaxşı tanış olan, Entoni Kuinn və Adriano Çelentanonun iştirakı ilə «Blef» (Bluff) filmini çəkib. «Sinyor Robinzon» (Il Signor Robinson...) filminin müəllifi də Korbuççidir.
Qeyd edək ki, Tarantino «Bir dəfə Hollivudda» (Once Upon a Time in… Hollywood) filminin adını S.Leonenin «Bir dəfə vəhşi qərbdə» (Once Upon A Time In The West) və «Bir dəfə Amerikada» (Once Upon A Time In America) filmlərinin adından götürüb.
«Bəs, görəsən, Tarantinonun bu filmi nəyə görə bizim maariflənmiş auditoriyanın belə şirin reaksiyasına səbəb olub?», –məqalənin müəllifi soruşur.
Bəzi səhnələr gözəl çəkilib, hadisələrin cərəyan etdiyi yer ən yüksək reytinqə malikdir – Hollivud yalnız seçilmiş insanların yaşaya biləcəyi cənnətdir. Filmdə baş rollara da müasir kinonun ən populyar aktyorları çəkilib. Rejissor hətta epizodik rollara da Oskar laureatlarını çəkib.
«Sadəcə məzələnirlər»
Bred Pitt filmdə məşhurlaşan teleulduz Rik Daltonun dublyoru və sürücüsü Kliffi oynayır. Zəngin Rik öz aktyor karyerasından razı olmasa da, Kliff tamamilə razı görünür.
Klifflə bağlı belə bir ziddiyyət var: o bir tərəfdən tənha, daha doğrusu iti ilə birlikdə Los-Ancelesin arxa küçələrində yaşayan luzerdir, digər tərəfdənsə əla görünən superqəhrəmandır.
«Filmə baxarkən bəzən adama elə gəlir ki, bizimlə oyun oynayırlar, aktyorlarsa rol oynamır, sadəcə məzələnirlər», – müəllif yazır.
Bəs, görəsən, Tarantino niyə öz doqquzuncu filminin premyerasından öncə tamaşaçıları spoylerlərdən qaçmağa çağırırdı? «Yoxsa bu, dəfələrlə baxıla biləcək şedevr yox, birdəfəlik istifadə üçün məhsuldur?», – yazıda deyilir.