Bu gün, iyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Qurumun açıqlamasına görə, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq qərar qəbul edilib.
"Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir", - məlumatda yazılıb.
Məlumata görə, Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Qurumun qeyd etməsinə görə, şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib:
25 qəpik...
"...Tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilmişdir".
Bildirildiyinə görə, tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur: "İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin, təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilmişdir".
Məhəllə qazanxanaları üzrə təbii qaz tarifi...
Açıqlamaya görə, təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Habelə bildirilir ki, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib: "Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılmışdır".
Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
Bu vaxta qədər əhaliyə 2200 m3-dək qaz 10 qəpiyə, ondan artığı isə 20 qəpiyə satılırdı.
Elektrikdə gecə və gündüz qiymətləri...
Azərbaycanda elektrik enerjisi tarifləri də dəyişib. Tarif Şurasının qərarına əsasən, "qeyri-əhali" kateqoriyası üzrə elektrik enerjisinə görə bəzi tariflər gecə və gündüz saatlarında müxtəlif cür hesablanacaq. Söhbət 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan qurumlardan gedir.
Qərar iyulun 1-dən qüvvəyə minir.
Saat 08:00-dan 22:00-dək işlədilən elektrik enerjisinin 1 kilovatı 7.3, saat 22:00-dan 08:00-dək isə 3.5 qəpikdən hesablanacaq.
Hazırda əhali üçün isə elektrikin 300 kVts-a qədər qiyməti 7, ondan artıq isə 11 qəpik müəyyən edilib.