Tatarıstandakı Yelabuqa və Nijnekamsk şəhərlərinə dron hücumları olub.
Rusiyanın dövlət TASS xəbər agentliyinin region qubernatoruna istinadla verdiyi xəbərdə deyilir ki, hücum nəticəsində 13 nəfər xəsarət alıb. Ciddi dağıntıların olmadığı bildirilir.
RIA Novosti agentliyi yerli hakimiyyətə istinadla “texnoloji prosesin pozulmadığını” xəbər verir.
Əksərən tələbələrdən ibarət yaralılar qrupunda bir Qırğızıstan vətəndaşının olduğu deyilir.
Bununla belə yayılmış videolarda güclü partlayışın baş verdiyi görünür.
RBK-Ukraina agentliyinin mənbələrə istinadla verdiyi xəbərdə deyilir ki, Tatarıstandakı müəssisələr üzərinə dron hücumları Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən təşkil edilib.
Mənbə bildirib ki, hücum nəticəsində “istehsalat həcmlərinə ciddi ziyan dəyib”.
Ukraynanın başqa mediaları bildirirlər ki, Tatarıstan üzərinə dron hücumlarını Ukrayna baş kəşfiyyat idarəsi ilə silahlı qüvvələr birlikdə həyata keçiriblər.
Mənbənin sözlərinə görə Nijnekamsdakı neft emalı zavoduna zərbə nəticəsində illik istehsal gücü 8 milyon ton olan neft emalı qurğusuna ziyan dəyib.
Yelabuqanın 10 kilometrliyində yerləşən Alabuqa iqtisadi zonasının mətbuat xidməti bildirir ki, buradakı yataqxana iki dronun hücumuna məruz qalıb.
Başqa bir teleqram kanalının məlumatında deyilir ki, xüsusi iqtisadi zonanın işçiləri və “Alabuqa Politex” kollecinin tələbələri üçün 2022-ci ildə tikilmiş qonaq evləri – hostellər kompleksinə ziyan dəyib.
Öz növbəsində Nijnekamsk şəhərinin meri Ramil Mullin yerli neft emalı zavoduna dron hücumunun olduğunu bildirir.
Məmurun sözlərinə görə dron radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib və heç kim xəsarət almayıb.
RIA Novostinin məlumatına görə Taneko zavodu hücuma məruz qalıb.
Zərbə nəticəsində yanğın baş versə də, onu 20 dəqiqə ərzində söndürmək mümkün olub. Mullin yanğın barədə məlumatı təkzib edib.
İran dronları burada yığılır
Tatarıstanın fövqəladə xidmətlərindən RIA Novostiyə bildiriblər ki, ümumilikdə region üzərində üç dron qeydə alınıb.
Dronlar Nijnekamskdakı Taneko zavodunun, Yelabuqadakı iqtisadi zonanın və Alabuqa-Politex təhsil mərkəzinin üzərində görünüb.
AzadlıqRadiosu yazır ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsi başlanandan bəri Tatarıstandakı Alabuqa iqtisadi zonasında İranın Şahed dronlarının yığılması üçün sex təşkil olunub.
Rusiya İran dronlarını Geran-2 adı ilə yığır.
Protokol adlı saytın jurnalistləri yazırlar ki, bu dronları məhz Alabuqa Politex kollecinin tələbələri yığırlar.
Əldə olan məlumata görə təkcə ötən payızda Ukraynaya hücumlarda 600 İran dronundan istifadə olunub.
Ukraynadan 1200 kilometr məsafədə
2023-cü ilin fevralında ABŞ-ın The Wall Street Journal qəzeti Vaşinqtonun müttəfiq ölkələrindən birinin adı çəkilməyən rəsmisinə istinadla yazırdı ki, Moskva və Tehran Rusiyada dron istehsalı üçün yeni zavodun tikilməsi üzərində işləyirlər.
Bəzi məlumatlara görə bu zavod Ukrayna müharibəsində istifadə üçün azı 6 min dron istehsal edə biləcək.
Agentliklər xüsusilə vurğulayırlar ki, dronların Tatarıstan ərazisinə zərbə endirməsi onların uçuş məsafəsinin xeyli uzandığını göstərir.
Tatarıstan Ukrayna sərhədindən 1.2 min kilometr məsafədədir.
Ukrayna tərəfi rəsmi qaydada bu məlumatları şərh etmir.
Ukrayna silahlı qüvvələrinin mətbuat katibi Natalya Humenyuk aprelin 1-də bildirmişdi ki, İrandan Rusiyaya yeni partiya hərbi yüklər gəlib və bunların arasında Şahed dronları və onların komplektləşdirici hissələri də ola bilər.