Tatarıstan müftisi Kamil Samigullin martın 3-də deyib ki, Rusiya Federasiyasının Konstitusiyasına “dövlətyaradıcı xalq” haqqında maddənin əlavə edilməsini qanunsuz hesab edir.
Bu düzəliş Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodinin təbirincə belə səslənir:
"Rusiya Federasiyasının bütün ərazısındə, dövlətyaradıcı xalqın dili olan rus dili dövlət dilidir. Rus xalqı dövlətyaradıcı bir xalq kimi Rusiya Federasiyasının bərabərhüquqlu xalqlarının çoxmillətli ittifaqına daxildir”.
İvan Qroznının fəthi - faciə günü
Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsinin mətbuat xidməti Samigullinə istinadən bidirib ki, rus xalqının konstitusiyada ayrıca olaraq yeganə dövlətyaradıcı xalq kimi qeyd edilməsi yaxşı heç nə vəd etmir:
“Bəli, aydındır ki, ən çoxsaylı xalq kimi ruslar ölkəyə ad vermiş bir xalqdır. Lakin ruslarla birlikdə Rusiyada başqa köklü xalqlar da yaşayır. Biz rusiyalıyıq. Bu dövlətin yaradılmasına, dövlət sərhədlərinin mühafizəsinə və Rusiyanın mənəvi suverenliyinin saxlanmasına, habelə çoxsimalı ümumrusiya mentalitetinin yaradılmasına və güclü sosial-iqtisadi məkanın inkişaf etdirilməsinə biz də töhfə vermişik”.
2010-cu ildə aparılmış siyahıyaalmaya görə tatarlar Tatarıstan əhalisinin 53 faizini təşkil edirlər.
Bu da deyilməlidir ölkənin on rayonunda əhalinin 80-90 faizi tatarlardır.
Onların bir çoxu 1552-ci ildə Kazan şəhərinin rus çarı İvan Qroznı tərəfindən fəth edilməsini “milli faciə” adlandırır və deyirlər ki, bu döyüş müstəqil Kazan xanlığının varlığına son qoyub.
Tatar millətçilər hər il 13 oktyabrı xatirə günü kimi keçirir və Qroznının Kazan xanlığına qarşı müharibəsini Holokostla müqayisə edirlər.
Başqa ziddiyyətli təkliflər
Kremlin Konstitusiyaya təklif etdiyi başqa ziddiyyətli əlavələr də var:
Rusiyada nikah yalnız kişi və qadın arasında ittifaq olaraq tanınır;
Böyük Vətən Müharibəsində xalqın qəhrəmanlığını kiçiltmək yolverilməzdir;
RF SSRİ-nin varisidir;
Rusiya Federasiyasının ərazi və ərazi hissələrinin verilməsi yolverilməzdir;
uşaqların Rusiya Federasiyasının əsas sərvəti olmasına dair düzəliş;
Rusiya qanunlarının beynəlxalq hüquq normalarından üstün olması (bu düzəliş Moskvaya insan haqları və başqa beynəlxalq məhkəmələrin qərarlarını icra etməmək imkanı verəcək);
nə vaxtsa xarici ölkədə oturum hüququ alanların və ikili vətəndaşlığı olanların yüksək vəzifələr tutmasına məhdudiyyətlərin qoyulması;
yüksək vəzifəli şəxslərin xaricdə bank hesablarının və ya digər aktivlərinin olmasının qadağan edilməsi;
bələdiyyələrin regional hakimiyyət şaqulisinə simmetrik qurulması;
pensiya və sosial müavinətlərin indeksasiyası.
Bu düzsəliş təkliflərinə böyük bir ehtimalla Dövlət Dumasında elə mart ayında baxılacaq.
Konstitusiyaya düzəlişlərə ümumxalq səsverməsinin 22 apreldə keçirilməsi təklif olunub.
Düzəlişlərə seçicilərin yarıdan çoxunun səs verməsi onların qüvvəyə minməsi üçün kafi sayılacaq.