Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:58

Tayland kokos yığımında meymunlardan istifadə etmədiyini deyir


Taylandın bir çox şəhərlərinin küçələrində ən çox görünən heyvanlar meymunlardır
Taylandın bir çox şəhərlərinin küçələrində ən çox görünən heyvanlar meymunlardır

Tayland israr edir ki, bəzi Britaniya şirkətlərinə satılan kokos məhsulunun yığımında meymunların əməyindən istifadə olunmur.

Rəsmilər bildirirlər ki, ölkə kokos toplanmasında primatlardan “sənaye miqyasında” istifadə etmir.

Reuters yazır ki, Britaniyada mənzillənən Waitrose, Co-Op supermarketləri, Boots və Ocado mağazalar şəbəkələri toplanmasında meymunlardan istifadə edilən kokos məhsullarını qəbul etməyəcəklərini bildiriblər.

Morrisons supermarket şəbəkəsi Tayland məhsullarını artıq piştaxtalarından yığışdırıb.

Baş nazirin xanımı boykota çağırıb

Britaniya baş naziri Boris Johson-un həyat yoldaşı Carrie Symonds ötən həftə ABŞ-ın PETA heyvan haqları qrupunun çağırışını dəstəklədiyini bidlirmişdi.

Xanım Symonds “qul meymunlar” barədə iddialar ortaya çıxdıqdan sonra Britaniya supermarketlərini Tayland mallarının satışını dayandırmağa çağırıb.

PETA təşkilatının Asiya üzrə direktoru Ashley Fruno bildirib:

"PETA-nın məxfi təhqiqatçıları Taylanddakı 13 məntəqəyə baş çəkiblər və onların hər birində meymunlara qarşı pis rəftar aşkarlayıblar. Odur ki, bu, çox geniş yayılmış bir haldır. Tayland hökumətinin mövqeyi belədir ki, onlar meymunlardan istifadəni inkar edir, amma digər tərəfdən bu praktikaya haqq qazandırırlar…”

Lakin Tayland hakimiyyət orqanları ittihamları qətiyyətlə rədd edir.

Yox dərəcəsindədir

Tayland kənd təsərrüfatı nazirinin müavini Mananya Thaiset narahatdır ki, bu qalmaqal onun ölkəsində kokos yetişdirməklə məşğul olan 200 min ailəni təsirləndirə bilər:

“Sənaye səviyyəsində biz dəzgahlardan və Avropanın kənd təsərrüfatı fəaliyyətinə aid protokoluna uyğun üsullardan istifadə edirik. Amma bizdə hələ də ənənəvi olaraq təsərrüfatında meymun saxlayan adamlar da var. Meymunların topladığı kokos ixracat üçün deyil və bu məhsul elə kənd rayonlarında yerli istehlak üçün istifadə olunur”.

Taylandın ticarət naziri Jurin Laksanawisit müxbirlərə deyib ki, kokos yığımında meymunlardan istifadə yox dərəcəsindədir:

“Amma bəzi turizm videokliplərində, fotolarda kokos toplayan meymunları görmək olar. Anlaşılmazlığı da bu yaradıb”.

Reuters yazır ki, nazirin videonun ola bilsin turist şoularından birində çəkildiyini deməsini şərh edərkən PETA-nın vitse-prezidenti Jason Baker bildirib:

“Hökumət meymunlara qarşı ifrat qəddarlığı hər izah etməyə çalışanda, bu, ictimaiyyəti daha da qəzəbləndirir”.

Var, amma azalır

Reuters bunu da yazır ki, PETA videosundakı meymunlardan kokos yığımında istifadə edilməsini müstəqil şəkildə təsdiqləyə bilmir.

Tayland hər il təxminən 396 milyon dollarlıq kokos südü istehsal edir. Bunun 8 faizə qədəri Britaniyaya satılır.

Kokos südü Britaniyada çox populyardır
Kokos südü Britaniyada çox populyardır

Walmart qrupuna daxil Asda supermarketlər şəbəkəsi də bildirib ki, PETA-nın məlumatı təhqiq olunanadək kokos südünün Tayland brendlərinin satışını dayandıracaq.

Taylandın kokos südü istehsal edən Aroy-D şirkətinin sözçüsü deyib ki, Britaniya alıcısı bunu onunla müzakirə etməyib.

Wildlife Friends Foundation Thailand təşkilatından Edwin Wiek Reuters-ə bildirib ki, onun fikrincə Taylandda sözü gedən praktikadan istifadə azalır, çünki fermerlər Avropa ticarət standartlarına maksimum əməl etməyə can atırlar:

“Mən əlbəttə, inanıram ki, kokos yığımında meymunlardan hələ də istifadə olunur. Amma son 15 ildə bu praktikadan istifadə böyük sürətlə azalır”.

XS
SM
MD
LG