ABŞ-ın Ukraynadakı ən yüksək ranqlı diplomatı deyib ki, prezident Donald Trump ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə Ağ Evdə görüşməyə razılıq verməzdən əvvəl onun siyasi rəqibi, keçmiş vise-prezident Joe Bidenə bağlı Ukrayna qaz şirkətinin təhqiq olunmasını istəyib.
ABŞ-ın Ukraynadakı müvəqqəti işlər müvəkkili William Taylor bu bəyanatı oktyabrın 22-də ABŞ Konqresi komitələrinin bağlı qapılar arxasında keçirdiyi dinləmədə verib.
Konqres demokratları hazırda prezident Trump-ın impiçmentinə dair təhqiqat aparırlar.
İmpiçment araşdırmasının əsas məsələsi Donald Trump-ın Ukrayna ilə bağlı fəaliyyətidir.
Trump iyulun 25-də Ukrayna prezidenti Zelenskiy ilə telefon danışığı zamanı ondan Joe Bidenin Ukrayna ilə bağlı fəaliyyətinin araşdırılmasını istəmişdi.
O habelə Zelenskiy-dən Bidenin oğlunun çalışdığı Burisma şirkətinin təhqiqatının keçirilməsini rica etmişdi.
Demokrat Joe Biden 2020-ci il prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.
Həmin vaxtlarda Trump habelə Ukraynaya çatacaq 400 milyon dollarlıq ABŞ hərbi yardımını dayandırmışdı.
Taylor bununla bağlı dinləmədə bildirib:
“İyulun ortalarınadək mənə aydın oldu ki, Zelenskiy-nin istədiyi Ağ Ev görüşü Burismanın və Ukraynanın 2016-cı il ABŞ seçkisinə iddia olunan müdaxiləsinin araşdırılmasından asılı olacaq”.
Taylor bunu da deyib ki, bu tələbin “təşəbbüskarı” Trump-ın şəxsi vəkili Rudy Giuliani idi.
O belə bir əsassız fərziyyə irəli sürmüşdü ki, Ukrayna ABŞ-ın son prezident seçkisinə müdaxilə edib.