Gürcüstan paytaxtının mərkəzindəki vegetarian kafesi boğazlarına “sosis zənciri” bağlamış bir qrup xuliqanın hücumuna məruz qalıb.
Bazar günü axşam qeyri-ənənəvi Kiwi Café restoranına hücum edənlər kabab çəkilmiş şişləri burdakıların üstünə tullayıblar.
Kafenin müdiriyyəti hücum edənlərin “antivegetarian ekstremistlər” olduğunu bildirib.
Hücum edənlərlə kafedəkilər arasında əlbəyaxa polis gələnədək davam edib.
Polis bildirib ki, hazırda araşdırma gedir və hər iki tərəfin ifadələri alınır. Bu hadisə ilə bağlı heç kim həbs olunmayıb.
Kafenin işçiləri ictimaiyyəti dəstəyə çağıraraq bildiriblər ki, əslində neo-nasistlərin hücumuna məruz qalıblar.
Xarici xəbər agentliklərinin məlumatına görə hücum edənlər Bergmann adlı qruplaşmanın üzvlərdir və sosial media səhifələrində onların ərəb və Afrika mənşəli adamlara basqınları barədə məlumatlar yayılır.
Fotolardan birində qruplaşma üzvü olduqları deyilən şəxslərin nasistsayağı salamlama jesti etdikləri görünür.
Mədəniyyətlər toqquşması
Kiwi kafesi Tbilisinin qədim və ənənəvi hissəsində olsa da, burada çox sayda qeyri-ənənəvi saç düzümlü və dərilərində döymə rəsmlər olan gəncləri görmək olar.
Hücum motivinin nə olduğu barədə müxtəlif fərziyələr var, lakin hücum edənlərin davranışı onların antivegetarian olduqlarını göstərir.
Bəzi başqa mülahizələrə görə bu adamlar gey və lesbianların üzərinə hücum etmək niyyətindəymişlər.
Siyasi təhlilçilər isə baş verənləri daha geniş miqyasda mədəniyyətlər toqquşması kimi qiymətləndirirlər.
Onlar bildirirlər ki, ölkə əhalisinin əhəmiyyətli hissəsi Avropa İttifaqı və NATO üzvlüyünə can atsa da, Qərb mədəniyyəti ilə bağlı sayılan açıq homoseksuallığı rədd edirlər.
Üç il əvvəl Tbilisdə keçirilən gey-parad, etirazçıların hücumuna görə dayandırılmışdı. Etirazçıların arasında pravoslav din xadimləri də vardı.