...Bura isə bu yaxınlarda dövlət statusu alan «Körpəm» Uşaq Teatrının məşq otağıdır. Aktyorlar növbəti tamaşadan qabaq qrim və məşqlərlə məşğuldurlar.
Teatrın rəhbəri İntiqam Soltan deyir ki, müxtəlif sıxıntıları olsa da, tamaşaçı sarıdan əziyyət çəkmirlər.
Milli Parkda yerləşən «Körpəm» Uşaq Teatrı Azərbaycanın korifey aktyorlarının oynadıqları rollardan müxtəlif epizodları əks etdirən roliklər düzəldiblər. Martın 27-də bu roliklər səsgücləndiricilərlə parkda istirahət edənlərə təqdim edildi.
Teatr tənqidçisi Aydın Talıbovsa deyir ki, Azərbaycan teatrlarını bu gün dünya teatrları ilə müqayisə etmək çətindir. O, hesab edir ki, Azərbaycanda teatr islahatlarının aparılmasına ehtiyac var. Cənab Talıbovun qənaətinə görə, bu gün fəaliyyəti qənaətbəxş olmayan teatrların bağlanması, onlara ayrılan maliyyənin, binanın və sair vəsaitlərin daha baxımlı tamaşalar hazırlayan teatrlara verilməsi məsləhətdir.
Azərbaycanın xalq artisti Yaşar Nuriyevin mərhum həmkarı Əliabbas Qədirovun dəfn mərasimində söylədiyi «biz son illər itirə-itirə gedirik, amma qazandıqlarımız azdır» fikrini yada salan müsahibim bir də onu deyir ki, bu islahatlar reallaşsa, teatrın qazandığı itirdiklərini üstələyə bilər.
Milli Məclisin (MM) yaz sessiyasının ilk iclaslarında «Teatr və teatr fəaliyyəti haqqında» qanun layihəsi müzakirəyə çıxarılacaq. MM-in Mədəniyyət Məsələləri üzrə Daimi Komissiyasının sədri Nizami Cəfərov belə deyir. Onun sözlərinə görə, qanun teatr sahəsindəki pərakəndəliyi, sistemsizliyi, maliyyə çatışmazlığı kimi problemləri aradan qaldırmağa kömək edəcək. Azərbaycanda müxtəlif teatrların mövcudluğunu və yüksək kadr potensialının olduğunu söyləyən Nizami Cəfərov fikirlərinə onu da əlavə edir ki, yeni qanun bu sahədə özəl sektorun fəaliyyətinə də yol açacaq.
Azərbaycanın milli teatr tarixi isə 1873-cü ildən başlanır. Bu il martın 10-da Bakının Realnı Məktəbinin tələbələri M.F.Axundovun «Lənkəran xanının vəziri» pyesini səhnələşdiriblər. Dövrünün maarifçisi Həsən bəy Zərdabi ideyanın müəllifi, dramaturq Nəcəf bəy Vəzirovsa tamaşanın rejissoru olub. Tamaşa xeyriyyəçi Cahangir Zeynalova məxsus binada nümayiş etdirilib. Sonradan Cahangir Zeynalov həmin binanı aktyorlara bağışlayıb. Elə həmin səhnədə ilk Azərbaycan operası, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»u səhnələşdirilib. Orkestrə yazıçı Əbdürrəhim bəy Haqverdiyev drijorluq edib. Qərb müəlliflərinin əsərlərinə isə 1904-cü ildən müraciət olunub. 1940-cı ilə qədər Azərbaycanda 40-a yaxın dövlət statuslu teatr yaradılıb.
Mədəniyyət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətovsa deyir ki, hazırda Azərbaycanda cəmi 20 dövlət statuslu teatr var. Bu teatrlarda 700-ə qədər aktyor fəaliyyət göstərir. O, bildirir ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi bu sahədə ciddi islahatlarla yanaşı, həm də teatr binalarının əsaslı təmirinə hazırlaşır.