Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:46

Moskvaya mümkün terror hücumu barədə Tehran da məlumat veribmiş


Crocus City Hall hücumdan sonra
Crocus City Hall hücumdan sonra

Moskvada martın 22-də Crocus City Hall konsert zalında baş vermiş genişmiqyaslı terror aktının hazırlanması ehtimalı barədə Rusiyanı İran da xəbərdar edibmiş.

Bu barədə məlumatı üç mənbəyə istinadla Reuters agentliyi verib.

Agentliyin mənbələrindən biri Reuters-ə deyib:

"Hücuma bir neçə gün qalmış Tehran Moskvaya mümkün böyük terror aktı barədə məlumat ötürüb. Bu məlumatlar İranda partlayışlar təşkil etməkdə şübhəli bilindiyinə görə saxlanmış şəxslərdən alınıb”.

Son vaxtlar İranın tarixində ən böyük terror aktı yanvarın 3-də Kirmanda baş vermişdi.

O vaxt general Qassem Süleymaninin ölümünün idönümü mərasimində törədilmiş bomba partlayışlarında onlarla insan həlak olmuşdu.

Moskva konsert zalına hücumda olduğu kimi həmin hücum üçün məsuliyyəti də üzərinə İslam Dövləti ekstremist təşkilatının əfqan qanadı – Velayəte Xorasan götürmüşdü.

Həmin bomba partlayışlarında 100-dək ölən olmuş, 35 şübhəli saxlanmışdı.

Moskva İD yox, Ukrayna izinə inanmaq istəyir

Bu da xəbər verilir ki, Rusiya hakimiyyət orqanları Moskvada baş vermiş hücumla İD-in əlaqəsi məsələsini şərh etmirlər.

Putin və başqa Rusiya rəsmiləri əksinə israr edirlər ki, terror hücumu Ukrayna ilə bağlıdır.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, o Tehranın bu məsələ barəsində Moskvaya xəbərdarlıq etməsindən xəbərsizdir.

Rusiyanın böyük şəhərlərində, o cümlədən konsertlərdə mümkün terror aktları barədə Moskvaya ABŞ və onun müttəfiqləri xəbərdarlıq etmişdilər.

Bu da qeyd olunmalıdır ki, ABŞ hazırda İranla düşmən münasibətlərə malikdir.

Moskva Tehranın məlumatını da ciddi qəbul etməyib

Rusiya FTX-si ABŞ və başqa Qərb ölkələrindən belə xəbərdarlıqların alınmasını etiraf etsə də, bildirib ki, məlumatlar detallı olmayıb.

Reuters agentliyinin mənbələrindən biri qeyd edib ki, İranın Moskvaya ötürdüyü məlumatda mümkün hücumun məqsədi barədə informasiya yox idi.

Amma İran hakimiyyəti Moskvaya xəbərdarlıq edib ki, Velayəti Xorasan üzvləri böyük bir ehtimalla terror aktları törətmək məqsədilə Rusiyaya yola düşüblər.

Reuters yazır ki, İran və Rusiya, xüsusilə də Ukrayna müharibəsi başlanandan bəri təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirlər.

Ən son məlumata görə Crocus City Hall konsert kompleksinə hücum nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb, daha 500 nəfər xəsarət alıb.

Bu hücumla əlaqədar şübhəli qismində 4 və onlara dəstəkdə şübhəli qismində daha bir neçə nəfər saxlanıb.

Onların əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

FTX aprelin 1-də məlumat verib ki, bu yaxınlarda Dağıstanda saxlanmış bir neçə nəfər konsert zalına hücumun maliyyələşdirilməsində və silahla təchizində şübhəli bilinir.

Saxlananların özləri isə terror aktını Kaspiyskdə planlaşdırdıqlarını iddia ediblər.

Tacik şübhəlilər

Reuters vurğulayır ki, həm İranın Kirman şəhərində, həm də Moskva hücumunda fiqurant kimi tacik millətindən olan şübhəlilər keçir.

Təhlükəsizlik ekspertləri deyirlər ki, İŞİD-X keçmiş Sovet İttifaqının ən yoxsul respublikalarından biri olan Tacikistandan çox sayda üzv səfərbər edir.

Mənbələr bunu da bildiriblər ki, İran özünün təhlükəsizlik narahatlıqlarını Tacikistan hökuməti ilə bölüşüb.

Tacikistandakı diplomatik mənbələrdən biri də Düşənbədə belə bir müzakirənin keçirildiyini təsdiq edib.

İslam Dövləti qruplaşması İslamın İranda hakim olan şiə məzhəbinə qarşı nifrətli mövqe tutur.

Bu ekstremist sünni qruplaşması şiələri kafir hesab edir.

2022-ci ildə İD İran ziyarətgahlarından birində törədilmiş partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü. Tehran 13 nəfərin həlak olduğu həmin hücumun da tacik millətindən olan şübhəli tərəfindən törədildiyini bildirmişdi.

Bundan əvvəl 2017-ci idə İran parlamentini və İslam Respublikasının banisi ayətüllah Ruhulla Xomeyninin məqbərəsini hədəfləyən qoşa hücumlar üçün məsuliyyəti də İD öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG