Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:00

Ekspertlər: Yeni sistem tələbə qəbuluna rüşvət və ‘arxa qapı'nı qaytaracaq


“Mən illərdir deyirəm ki, ikimərhələli imtahana keçmək lazımdır. Şərt deyil ki, buraxılış imtahanları ayrıca keçirilsin. Onları birləşdirmək də mümkündür”.

Bu sözləri təhsil naziri Ceyhun Bayramovun ali məktəblərə qəbul imtahanlarının yeni modeli haqda dediklərini şərh edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub deyir.

Nazirin sözlərinə görə, gələn ildən məzunlar buraxılış imtahanlarını yeni formatda verəcəklər və ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq.

Bundan başqa, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

Vurğun Əyyub ikimərhələli imtahanı təqdir etsə də, məzunun iki dəfə imtahan verməsini gərəksiz sayır:

“İki imtahanın birləşdirilməsinin xeyli müsbət cəhəti ola bilər. Ən əsası da uşaqlar ali məktəbə qəbul olmaq üçün müəyyən fənlərə hazırlaşmaq vərdişindən əl çəkəcəklər. Orta məktəbdə keçirilən dərslərin hamısını öyrənəcəklər”.

Nazir növbəti il XI sinfi bitirəcək şagirdlərin 10 ildir kurikulum əsasında təhsil aldıqlarını xatırladır və hesab edir ki, “yeni məzmun yeni qiymətləndirmə tələb edir”.

Keçid balını toplayanların sayı artacaq?

“Yeni model ali məktəbə qəbulun ələçatımlı olmasına imkan yaradacaq. Keçid balını toplayanlar çox olacaq və bu da ali məktəblərə qəbul imtahanlarında rəqabətin, yüksək bal toplayanların sayının artmasına imkan verəcək, Azərbaycandan kənara tələbə axınının qarşısı alınacaq”, – təhsil üzrə ekspert Kamran Əsədov yeni qəbul modelini dəyərləndirərkən belə söyləyir.

Kamran Əsədov
Kamran Əsədov

Ekspertin qənaətincə, indiki şagirdlərin aldıqları təhsil əvvəlkilərdən çox fərqlidir və odur ki, onların bilik və bacarıqlarını ənənəvi qaydada yoxlamaq mümkün deyil:

“Ona görə də 2019-ci il qəbul imtahanlarında yenilik tətbiq olunacaq. Yenilik budur ki, imtahanlar iki mərhələli olmayacaq. Birinci mərhələdə həmin ilin məzunları buraxılış imtahanları verəcəklər, əvvəlki ilin məzunları isə V qrupdan imtahan verəcəklər, yəni onlar tədris dilindən, riyaziyyatdan və xarici dildən imtahan verəcəklər. Burda əldə olunan nəticələr 1-300 bal arasında qiymətləndiriləcək. İkinci mərhələdə isə ixtisas qrupu üzrə imtahan verəcəklər. Burda isə 1-400 arasında bal toplaya bilərlər. Yekun nəticədə ballar toplanacaq və onların ixtisas seçiminə buraxılmasına imkan yaranacaq”.

Ekspert bu yeniliyi müsbət addım kimi dəyərləndirir. Onun qənaətincə, indiyə kimi abituriyentlərin yalnız bilikləri yoxlanırdısa, indi bacarıqları və vərdişlərinin yoxlanılması üçün açıq və qapalı, situasiya tipli test tapşırıqları veriləcək.

Valideynlər nədən narahatdırlar?

Amma bu xəbəri narahatlıqla qarşılayanlar da var, xüsusən də valideynlər. Nərgiz Həsənovanın qızı növbəti il ali məktəbə imtahan verməlidir:

“Kurikulum deyirlər. Amma 10 ildə məktəbdə dəyişən nədir? Müəllimlər özləri də yeni sistemi tənqid edirlər. Təhsil bərbaddır, yenə repetitor yanına gedir uşaqlar. Ötən il 9-cular imtahan verəndə çox şey bəlli oldu. Məncə, hazırlıqsız, qəfil belə sistemə keçid düz deyil. Bunu o zaman etmək olardı ki, məktəbin verdiyi təhsil dəyişəydi”.

Kamran Əsədov valideynlərin narahatlığını onunla izah edir ki, hələlik, imtahanla bağlı detallar bəlli deyil, onlar test tapşırığının necə qiymətləndirilməsini, neçə yanlış cavabın neçə doğru cavaba təsir göstərəcəyini bilmirlər. O, həmçinin valideynlərin buraxılış imtahanlarının çətinləşdirilməsindən, qəbul imtahanındakı modelin fərqli olmasından əndişələndiklərini də düşünür. Bununla belə, ekspert narahatlığa əsas görmür, onun sözlərinə görə, 10 ildir şagirdlər yeni modellə təhsil alırlar.

Vurğun Əyyub: “Açıq suallar subyektivizmə yol açacaq”

Vurğun Əyyub isə hesab edir ki, qəbul imtahanlarında dəyişikliklərin kurikuluma dəxli yoxdur, hər bir ölkə təhsil sisteminə uyğun imtahan forması seçə bilər.

“Bəziləri hesab edir ki, qəbul imtahanı təhsil vermək üsuludur. Qəbul imtahanı verilən biliyin qiymətləndirilmə formasıdır. Bu formanı seçməkdə ölkələr sərbəstdir. Məncə, indiki məqamda müəyyən təkmilləşdirmələr aparmaqla test sistemi Azərbaycan reallığı üçün ən əlverişli sistemdir”.

Vurğun Əyyub
Vurğun Əyyub

Qapalı və açıq tipli suallara gəlincə, Vurğun Əyyub hesab edir ki, açıq suallar cəlbedici görünsə də subyektivizmə geniş yol açır və onu qiymətləndirmək də çətindir:

“Sadə bir misal. Bir tələbənin hər hansı suala cavabını üç müəllimə versək onu hərəsi bir cür qiymətləndiriəcək. Bu subyektivizmdir. Təbii ki, qapalı sualların, test suallarının da özünə görə qüsurları var. Amma biz ölçüb-biçməliyik ki, bunu necə aradan qaldıraq, bunun əvəzində nə qazanıb, nə itiririk. Bu, araşdırılmalıdır. Subyektivizmdən qaçmaq istəyiriksə, ən uyğunu test sistemidir”.

Nabatəli Qulamoğlu: “Qara qapıdan tələbə qəbulu üçün imkan yaranır”

“Təhsil nazirinin ali məktəblərə qəbulla bağlı dediklərində yenilik yoxdur”, – bunu da təhsil eksperti Nabatəli Qulamoğlu deyir. O, nazirin söylədiklərində başqa məqama diqqət çəkir.

Məsələ bundadır ki, nazir imtahanların formatında dəyişikliklər edilməsini ölkə iqtisadiyyatının inkişafından ötrü zəruri bacarıqların ölçülməsi və təkmilləşdirilməsi ilə əsaslandırır:

“Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həlletmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək”.

Nabatəli Qulamov
Nabatəli Qulamov

Nabatəli Qulamoğlu deyir: “Ceyhun Bayramov deyəndə ki, biz çalışırıq yeni əmək bazarının tələb etdiyi kompetensiyalar üzrə uşaqlar imtahan versinlər, mən buna şübhəylə yanaşıram. Əgər belədirsə, o zaman fənlər üzrə standartlar elmi ictimaiyyətin iştirakı ilə yenidən müəyyənləşdirilməlidir. Bundan sonra həmin standartlardan kənara çıxmayan dərsliklər yazılmalıdır. İndi dərsliklər qalır qıraqda, DİM özünün dərs vəsaiti olan hər bir cümləsini test imtahanına salır. Şagirdlər də bu qurumun kommersiya məqsədlərinin qurbanına çevrilirlər. Ona görə də nazirin yazdıqlarını səmimi saymıram. Əmək bazarını gələcəkdə normal kadrla təmin etmək istəyirlərsə, fənlər üzrə standartlar təcili yenidən işlənməlidir”.

Ekspert də suallarda problem olduğunu düşünür: “Suallarda o qədər detallara gedirlər ki, artıq şagird başını itirir. Hər bir abituriyent az qala fənni tədris edən müəllim qədər bilir, gecəsi-gündüzü yoxdur. Amma bunun abituriyent üçün həyati əhəmiyyəti də yoxdur. Bu il valideynlərdən şikayət gəldi ki, yataq sözü ilə bağlı apelyasiya şikayəti var. Mən də getdim, faktlar qoyduq, 17 dilçidən müsahibə aldım ki, yataq sözü mübahisəli sözdür, sonra cavabları komissiyaya təqdim etdim, amma qəbul etmədilər. Bununla bağlı Ceyhun Bayramova da yazdım ki, siz təhsilə can yandırırsınızsa, belə sualların qoyulması şagirdlərin uğurlarının bilərəkdən aşağı salınması deməkdir. Tələ testləri qururlar ki, uşaqlar o baryeri keçə bilməsinlər. Nəticədə arxadan – qara qapıdan tələbə qəbulu üçün imkan yaranır. Biz onu təsdiqləyə bilməsək də, şübhələr var”.

Nabatəli Qulamoğlu bu cür şübhələrə son qoymaq məqsədilə Dövlət İmtahan Mərkəzinə alternativ, ona nəzarət edəcək qurum yaradılmasını təklif edir.

Xatırlatma

2017-ci ilə kimi Azərbaycanda ali məktəblərə qəbul imtahanı hər il cəmi bir dəfə keçirilib. 2017-cildən başlayaraq isə qəbul imtahanları iki pilləli təşkil edilir.

Azərbaycan Xalq Cəbhəsinin sədri, mərhum Əbülfəz Elçibəy prezident seçildiyi il (1992-ci il) Azərbaycanda qəbul imtahanları test üsulu ilə keçirilməyə başladı.

İndiyədək ali məktəbə daxil olmaqdan ötrü yalnız qəbul imtahanlarında göstərilən nəticə əsas sayılırdı.

İndi bəzi ekspertlər hesab edirlər ki, yeni sistem subyektiv müdaxilələrə və qəbulda SSRİ dönəmində olduğu kimi rüşvət hallarına yol aça bilər.

XS
SM
MD
LG