Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:56

Rusiya Telegram-a görə Google və Amazon-un IP-lərini bloklayır


Rusiyanın telekommunikasiyalara dövlət nəzarəti idarəsi Roskomnadzor bildirir ki, məhkəmə qərarına müvafiq olaraq Telegram-ın bloklanması məqsədilə ABŞ-ın texnoloji nəhəngləri Google və Amazon şirkətlərinə bağlı “əhəmiyyətli sayda” IP ünvanına girişi bloklayır.

Interfax aprelin 17-də Roskomnadzor-un rəhbəri Aleksandr Jarova istinadən bildirib ki, hər iki şirkətə bu barədə əvvəlcədən xəbərdarlıq edilib.

Bu arada Telegram şirkətinin banisi Pavel Durov onun təbirincə deyilərsə, “Rəqəmsal müqavimət” hərəkatına start verdiyini deyib.

Roskomnadzor aprelin 16-dan Telegram platformasına qoyulmuş qadağanın icrasına başlayıb. Telegram Rusiyada özünün şifrə kodlarını Federal Təhlükəsizlik Xidmətinə vermədiyinə görə qadağan olunub.

Telegram Rusiya təhlükəsizliyi ilə məlumat mübadiləsindən imtina edib, bunun onun istifadəçilərin şəxsi məlumatları ilə bağlı siyasətinə zidd olduğunu əsas gətirib, lakin vəd edib ki, qadağana baxmayaraq fəaliyyətini davam etdirəcək.

Rusiyanın aparıcı provayderlərinin müştəriləri Telegram-a daxil ola bilmədiklərini və buna görə də virtual fərdi şəbəkələrdən və ya VPN-lərdən istifadə etdiklərini deyirlər.

Durov aprelin 17-də özünün Telegram platformasında yazıb ki, “biz istifadəçilərə onların şəxsi məlumatlarının qorunacağına dair 100 faizli zəmanət vermişik”.

Rusiyanı 2014-cü ildə tərk etmiş Durov deyib ki, onun mesajlaşma sistemindən istifadədə “əhəmiyyətli azalma hiss olunmayıb”, çünki istifadəçilər VPN və proksilərdən yararlanırlar.

Durov Telegram-ın rusiyalı istifadəçilərinə şəbəkəyə sadiq qaldıqlarına, Apple, Google, Amazon və Microsoft şirkətlərinə isə “bu siyasi senzurada iştirak etmədiklərinə” görə təşəkkürünü bildirib.

Durov yazır ki, o internet azadlıqlarına dəstək olaraq VPN və proksi xidməti göstərən şirkətlərə bitcoin ianələri verir: “Mən bu il bu məqsədlə milyonlarla dollar xərcləməyimdən məmnunam və başqalarını da bundan nümunə götürməyə çağırıram”.

Telegram-ın başçısı deyib ki, onun başlatdığı “Rəqəmsal müqavimət” hərəkatı da virtual aləmdə azadlığın dəstəyinə qlobal miqyasda xidmət edəcək.

XS
SM
MD
LG