Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:43

Tenderlərin qalibi işçisini 423 min dollarını ələ keçirməkdə günahlandırır


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

"Azərbaycan Dəmir Yolları" QSC ilə böyük məbləğdə müqavilələr bağlayan "Murov TSK" şirkətinin rəhbəri Əfqan Zeynalov iddia edir ki, onun 423 min dollar pulu mənimsənilib. O, şirkətin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayanı günahlandırır. Zeynalovun şikayəti əsasında Fabriçnaya cinayət məsuliyyətinə cəlb edilib.

Bank hesabından da pul götürdüyü bildirilir

34-yaşlı Fabriçnaya istintaq dövründə həbsdə olmayıb. Amma elə ilk məhkəmə iclasında həbs edilib. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Cinayət işinin materiallarında iddia olunur ki, Fabriçnaya müdirin ona etibar edib, evindəki seyfdə saxlamaq üçün verdiyi 400 min dolları mənimsəyib. Üstəlik, etibarnaməsindən istifadə edib, onun bank hesabından da pul götürüb. O, Zeynalovun ümumilikdə 423 min dollar pulunu mənimsəməkdə suçlanır.

Məhkəmədə bu ittihama münasibət bildirən Fabriçnaya özünü təqsirli bilməyib. O, indiki mərhələdə ifadə vermək istəməyib. Deyib ki, zərərçəkmiş və şahidlər dindiriləndən sonra özü də ifadə verəcək.

"Guya, mənə soyuqdəymə dərmanı vermişdi"

Zeynalov zərərçəkmiş statusunda ifadə verib. O bildirib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alıb onun evinə qoymuşdu. İddia edir ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi...".

Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin cinayət işi başlanması rədd edilib. Bu qərar Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu məsələ ilə bağlı yenidən araşdırma aparsın.

Məhkəmədə məlum olub ki, Zeynalovun yetərincə maddi imkanı olmasına baxmayaraq, o, Fabriçnayanın evi ilə üzbəüzdə mənzil kirayələyib. Özü də Fabriçnayanın evinə qeydiyyata düşüb. O, bu addımlarını ikinci qrup müharibə əlili kimi dövlətdən ev almaq istəyi ilə əlaqələndirib.

İkinci qrup əlildir

Fabriçnayanın özü, hələlik, məhkəmədə ifadə verməsə də, onun vəkili Qəzənfər Rzayev zərərçəkmişin bir çox məsələlərdə yalan danışdığını bildirib. Vəkil deyib ki, zərərçəkmiş hər yerdə, o cümlədən məhkəmədə ifadəsində də 2020-ci ildə 44 günlük müharibənin iştirakçısı olduğunu deyir. Amma iş materiallarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, bu şəxs 44 günlük müharibənin iştirakçısı olmayıb.

Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.

Bundan başqa, Zeynalov 2012-ci ildə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 7 il cəzaya məhkum edilib: "Hökmdən məlum olur ki, bu şəxs ölmüş adamların adından saxta imzalar çəkib, çəkilən yolun asfalt örtüyünün ölçülərini sənədlərdə saxtalaşdırmaqla dövlətin pulunu mənimsəyib. Hesab edirik ki, bu məsələlərə diqqət yetirilməsi vacibdir, onun şəxsiyyətini səciyyələndirən hallardır".

Təqsirləndirilən tərəfin iddiası

Zeynalov məhkum olunduğu vaxt "Avtotransyol" şirkətinin baş direktoru olub. O, sonradan "Murov TSK" MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.

Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.

Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.

Nelli Fabriçnaya CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG