Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:51

Ukrayna 'Time' jurnalının bədbin məqaləsindən narazı qalıb


Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi ABŞ-ın Time jurnalının müxbiri Saymon Şusterin məqaləsini “konkret jurnalistin subyektiv baxışı” adlandırıb.

Bu məqalə Ukraynada böyük rezonansa səbəb olub.

Məqalə Zelenskinin özünün Time jurnalına verdiyi şərhlər və prezidentin ətrafındakı adamların dedikləri üzərində qurulub. Hərçənd məqalədə bu şəxslərin adları çəkilmir.

Məqalənin ümumi ruhundan “Ukrayna müharibəsindən yorğunluq” ideyası sezilir.

Məqalənin bir məqamında deyilir ki, Zelenski Vaşinqtona ötən sentyabrdakı səfəri zamanı özünü üzgün hiss edib.

Jurnalistin yazdığına görə prezident yorğunluğunu təkcə müharibə vaxtı ölkəyə rəhbərlik etməsi ilə deyil, həm də müttəfiqləri Ukraynanın qələbəsi üçün köməklərinin zəruri olmasına inandırmaq cəhdləri ilə izah edib.

Saymon Şusterin məqaləsində Volodimir Zelenskinin öz sözlərinə görə ən çox ehtiyatlandığı məsələdən, “dünyanın Ukrayna müharibəsinə öyrəncəli olmasından” bəhs olunur:

"Yorğunluq dalğa-dalğa gəlir. Siz bunu ABŞ-da, Avropada hiss edə bilərsiniz. Biz də görürük ki, onlar yorulduqca hər şeyə onuncu dəfə baxmaq istəmədiyin şou kimi baxırlar”.

Məyus notlar

Məqalədə iddia olunur ki, cəmiyyət Ukraynaya dəstək verilməsinin zəruriliyi ilə getdikcə daha az barışır. Müəllifin sözlərinə görə Ukraynaya dəstək artıq bir neçə aydır ki, azalır və Zelenskinin ABŞ-a səfəri də vəziyyəti dəyişə bilməyib.

Şuster yazır ki, bu səfər zamanı prezidentin çevrəsindəki şəxslərdən birinə onun əhvalı barədə sual verib. Həmin şəxs prezidentin “qəzəbli” olduğunu bildirib.

Jurnalistin iddiasına görə prezidentə yaxın şəxslərdən biri ona deyib ki, Zelenski özünü ona xəyanət edilmiş kimi hiss edir:

“Onlar ona qələbə üçün deyil, müharibədən salamat çıxmaq üçün kifayət edəcək qədər kömək edirlər”.

Bu məqalədə habelə Ukraynada korrupsiya ilə mübarizədən də bəhs olunur.

İddia edilir ki, bu məsələyə görə prezident və onun müttəfiqləri arasında münasibətlər gərginləşib.

Şuster Ukraynada səfərbərliyin problemlərindən yazır və vurğulayır ki, Zelenski soyuqların düşməsinə görə müharibənin dondurulmasını istəmir və bu səbəbdən bir sıra vəzifəlilərin istefaları gözlənilir.

Jurnalistin sözlərinə görə söhbət “əks-hücuma görə məsuliyyət daşıyan” ən azı bir generaldan və bir nazirdən gedir.

Yorğunluq var, amma...

AzadlıqRadiosunun Ukrayna xidməti bu məqaləyə şərh almaq üçün Zelenski administrasiyasının müşavirlərindən Mixaylo Podolyakla əlaqə saxlayıb.

Prezident müşaviri deyib ki, bu məqalənin kiminsə subyektiv mövqeyi olmasını unutmaq olmaz:

"Bu, baş verənlərə öz baxışı olan konkret jurnalistin subyektiv nöqteyi-nəzəridir. İkincisi mən başa düşmürəm ki, burada anonim mənbələrdən niyə istifadə olunmalıydı? Çünki mən kiminləsə prezident ofisinin adından danışıramsa, kimliyimi bildirirəm...Hardasa bu anonim mənbələr müəyyən informasiyaya çıxışı olmayan, amma yaxında olan və öz sanbalını şişirtmək istəyən şəxslərdir”.

Zelenskinin “qəzəbi” barədə iddianı şərh edən Podolyak deyib ki, prezident əlbəttə, Ukraynanın 600 gündür ki, döyüşdə olmasına sərt yanaşır:

“Amma mən deməzdim ki, burada hansısa qəzəb var və ya biz partnyorlarımızı xəyanətkar hesab edirik”.

Podolyak əlavə edib ki, Kiyevə müharibəni “ədalətli şərtlərlə” bitirməsi üçün daha miqyaslı və daha çevik dəstək lazımdır:

"Müəyyən psixoloji yorğunluq var. Amma prezidentdə yox...Ümumilikdə bugün Ukraynada baş verənlərdən olan yorğunluğu deyirəm...Biz partnyorlarımızdan daha dəqiq yanaşma, konkretlik, anlaşma gözləyirik”.

Moskvada doğulub

AzadlıqRadiosu qeyd edir ki, bu, Ukraynaya müdaxilə başlanandan bəri Saymon Şusterin Ukrayna və prezident Zelenski barəsində ilk yazısı deyil.

Medianı izləyən “Detektor media” saytının məlumatına görə Şuster Moskva doğumludur, 15 il müddətində Rusiya və Ukraynada işləyib. Jurnalist hazırda Nyu Yorkda yaşasa da, vaxtının çoxunu Kiyevdə keçirir.

2022-ci ilin aprelində Şuster Zelenski və onun ətraf çevrəsi ilə iki həftə bir yerdə olmuşdu. Həmin ilin iyulunda o “Dünya baxır: Vladimir Zelenski və Ukraynada müharibə” adlı kitab yazmaq planlarından danışmışdı.

2014-cü Malayziya sərnişin təyyarəsinin Donetsk üzərində vurulmasından sonra “Rusiya – cəzasız cinayət” adlı məqalə yazmış Şusterin Rusiyaya daxil olmasına qadağan qoyulub.

LB.ua saytının baş redaktoru Oleq Bazar Facebook-da yazdığı postda diqqəti belə bir məqama çəkir ki, Şuster çoxdan bəridir Azov polku barədə kritik fikirlər səsləndirir.

XS
SM
MD
LG