Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:25

Yolu bağlayan TIR şirkətinin rəhbəri pomidoru xarab etməkdə günahlandırılır


Sahibkar: '20 dollarlıq 'dozvol'u bəzən 1000 dollara alırıq'
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Sahibkar: '20 dollarlıq 'dozvol'u bəzən 1000 dollara alırıq'

Bakının Heydər Əliyev prospektində yük maşınlarıyla yolu bağlayıb etiraz aksiyası keçirən "R Group Azerbaijan" yükdaşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov 7 aydır ki, həbsdədir. Amma o, özünü təqsirli bilmir.

Etiraz aksiyasından dərhal sonra Cəfərov ictimai qaydanı pozma ittihamıyla həbs edilib. İndi isə bəlli olur ki, ona dələduzluq ittihamı da verilib. O, yükdaşıma fəaliyyətiylə əlaqədar dələduzluqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, Cəfərov yükün vaxtında və təhlükəsiz daşınmasıyla bağlı öhdəliklərə əməl etməyib. Nəticədə beş nəfərə ümumilikdə 100 min manatdan artıq ziyan vurub. Söhbət pomidor, limon yüklərinin daşınmasından gedir.

İttihamlarla razılaşmır

32-yaşlı Cəfərov sentyabrın 9-da məhkəmədə deyib ki, ona qarşı irəli sürülmüş ittihamların heç biriylə razılaşmır. O, dəymiş ziyanın ödənilməsi tələbiylə qaldırılmış mülki iddiaları da qəbul etmir.

Cəfərov istintaqa ifadəsində də bildirib ki, bəzi hallarda yükün göndərilən ünvana çatmamasının günahkarı özü deyil. Məsələn, Türkiyədən Moskvaya göndərilmiş pomidoru Rusiya tərəfi qəbul etməyib. Daşınan pomidorda xəstəlik olduğu əsas gətirilərək geri qaytarılıb. Hətta belə pomidoru Rusiyaya gətirdiyinə görə şirkət də buna görə cərimələnib. Cəfərov geri qaytarılan və zay olan məhsula görə məsuliyyət daşımadığını deyir.

Astara rayonundan Rusiyaya daşınan limona gəlincə, Cəfərov bu məsələdə də öhdəliyə tam əməl etdiyini bildirib. Sənədlərdə adı göstərilən şəxsdən yük təhvil alınıb və sənəddə adı olan başqa bir şəxsə də təhvil verilib. Onun sözlərinə görə, bu məsələdə indi ondan pul tələb edənlər kənar şəxslərdir.

Atası əlbirlikdə suçlanır

Təqsirləndirilən şirkət rəhbəriylə yanaşı, atası Zəkrəm Cəfərov da cinayət məsuliyyətinə cəlb olunub. Amma oğlundan fərqli olaraq, o, həbsdə deyil. Ata Cəfərov da yükdaşıma ilə bağlı oğluna verilmiş dələduzluq epizodlarından birində oğlu ilə əlbirlikdə suçlanır. O da yük maşınının sürücüsü olub. Lakin Zəkrəm Cəfərov da özünü təqsirli bilmir.

Rəmiş Cəfərov hesab edir ki, cəzalandırılmasının əsas səbəbi etiraz aksiyası keçirməsidir. Aksiyadan sonra Cəfərov tutularkən onun atası mediaya qara maskalı şəxslərin evlərinə hücum etməsi, oğlunu döyə-döyə aparması haqda məlumat vermişdi.

Etiraz aksiyası və rəsmi açıqlamalar

2022-ci il fevralın 17-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə sənədlərini verməməsinə etiraz olaraq "R Group Azerbaijan" yükdaşıma şirkətinin sürücüləri yolu bağlayaraq etiraz aksiyası keçirmişdi. Etiraz edən sürücülərdən üçünə o zaman inzibati qaydada 30 sutka həbs cəzası verilsə də, şirkətin rəhbəri Rəmiş Cəfərov haqqında cinayət işi başlanmışdı.

Aksiyadan sonra Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlama yayaraq Cəfərovun özünü ittiham edirdi: "Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. "İcazə" blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurur. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub".

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Cəfərovların evinə qara maskalıların hücum etməsi, Rəmiş Cəfərova qarşı zor tətbiq olunması haqda iddiaları təkzib edib.

Cəfərovların ittiham olunduğu CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG