Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:34

Tofiq Həsənli: 'Gördüyümü yazıram'


T.Həsənli
T.Həsənli

Bu ilin martında əfv fərmanıyla azadlığa çıxan satirik şair Tofiq Həsənli həmişəki kimi Lənkəran şəhəri, Kələntərlilər küçəsində yaşayır. T.Həsənli 3 aydan çoxdur ki, azadlıqdadır. O, AzadlıqRadiosuna hazırda işsiz olduğunu deyir:

«Nə içəridə, nə də həbsxanadan çıxandan sonra heç bir xəbərdarlıq almamışam, heç yerə də çağrılmamışam. Eşitdiyimə görə, azadlığa çıxan dindarlara xəbərdarlıq edilib. Mənə təzyiq yoxdur. Satirik şeirlərim daha kəskindir, yenə gördüyümü, hiss etdiyimi yazıram. Yalan yazmıram. Köhnə «Heydərnamələr»i yenidən canlandırmışam. Elə şerlərim var idi ki, çəkiliş eləməmişdim. 2001-ci ildə yazdığım «Heydərnamələr»i də səsləndirirəm. İşimi itirdim. Neçə vaxtdır işsizəm, oturmuşam evdə. Camaat, el sağ olsun. Dişimi düzəltdilər, eynəyimi təmir etdilər, çox köməkliklər göstərdilər. Kompüter, telefon aldılar. Xalq kömək elədi. Amma belə bekarçılıqdır. Gündən günə bahalaşma gedir. Anam 160 manat pensiya alır. Amma təzyiq yoxdur. Həbs olunmamışdan əvvəl təzyiq vardı, indi yoxdur».

«Heç kimin qarantiyası yoxdur»

O, həbsxanayla azad həyatın fərqli və oxşar cəhətlərindən danışır, ölkəni böyük bir həbsxanaya bənzədir: «Bu danılmazdır. Mənim bir şeirim var idi: Mən olan zindanda, sən olan azadlıqda, elə biz gördüyümüz Azərbaycanın özüdür. Orda da həmin rüşvətdir, orda da haqsızlıq, burda da haqsızlıqdır. Orda da söz azadlığı yoxdur, burda da. Heç kimin qarantiyası yoxdur. Xəbərdarlıq etməyəndə birdəfəlik tutub aparırlar. Bu çətinliklərə baxmayaraq, mübarizədəyik».

Şair Avropa İnsan Haqları Məhkəməsinin onun işi ilə bağlı düzgün qərar verəcəyinə ümidlidir. İş artıq iki ilə yaxındır Avropa Məhkəməsindədir:

«Həbsxanada olanda vəkilim Elçin Sadıqov mənə xəbər eləmişdi ki, məni Beynəlxalq Qələmlər Birliyinə üzv qəbul ediblər. London qəzetində barəmdə yazı gedib. Mən siyasi məhbus kimi də əfv olunmuşam. Külli miqdarda narkotiklə tutulanlara əfv vermirlər, mənə verdilər. Səbəblər aydındır. Siyasi məhbus məsələsi də rol oynayıb. Mən bir yerdə müsahibə verdim, çəkiliş etdilər. Yazdılar ki, öz dediyinə görə şərlənib tutulub. Bunu təkcə mən demirəm. İnsanlar bilir ki, şərlənib tutulmuşam... Mənim 49 yaşım var. Vətən sevgisinə görə hər şeyimi itirmişəm. İşimi itirmişəm, mənə ev veriblər, pul veriblər. Bunlardan imtina etmişəm, vətəni seçmişəm».

«Əyalətlərdə igidlər tində qalır»

T.Həsənli daha sonra əyalətin problemlərini qabardır: «Bu yaxınlarda ürək ağrıdan bir problemlə üzləşdim. Uşağı orduda şəhid olan ana qapı-qapı dilənir. Yazıblar ki, uşaq su gətirəndə tank əleyhinə minaya düşüb. Tank əleyhinə mina adam ağırlığına partlamır. Gərək ona güclü zərbə dəyə o partlasın. Partlayıbsa, bu adam parça-parça olmalı idi. Anası deyir ki, uşağın bədənində bunlar olmayıb. Güllə dəyib. Anaya deyiblər ki, oğluna şəhid adı verilsə, gərək yüz nəfər tutula. Belə iş olarmı? Bizim ölkədə insana verilən qiymətdir. İnsanların vəziyyəti yaxşı deyil, çətindir. Bakıda yenə bir çörək yeri var, əyalətlərdə o da yoxdur. Əyalətlərdə igidlər tində qalır. Nə iş, nə yaşayış var. 5 manat pensiyanı qaldırıblar, bazarda qiymətlər bir neçə dəfə qalxıb. Pensiyanın artımını hələ oktyabrda alacaqlar».

Xatırlatma

T.Həsənli satirik şeirləri ilə iqtidarı, vəzifəli şəxsləri tənqid edən şair kimi tanınır. Onun telekanallarda, dövrü mətbuatda, sosial şəbəkələrdə tənqidi şerləri yer alıb.

O, 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Ancaq özü ittihamı qəbul etmir. Bu ilin martında əfv fərmanıyla azadlığa çıxıb.

Şair 2005-ci ildə də narkotikə görə 3 il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Ancaq Azərbaycan rəsmiləri deyir ki, Azərbaycanda insanlar hər hansı fikirlərinə, tənqidlərinə görə yox, törətdikləri cinayət əməllərinə görə azadlıqdan məhrum edilirlər.

XS
SM
MD
LG