Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:33

Mal əti narkotik hesab olundu, 1 il sonra bəraət aldı


Tofiq Qurbanov arabir narkotik maddədən istifadə etdiyini etiraf edir, amma...
Tofiq Qurbanov arabir narkotik maddədən istifadə etdiyini etiraf edir, amma...

Bərdə rayonunun Alaçadırlı kənd sakini Tofiq Qurbanov narkotik satışında suçlanaraq 1 il 2 ay həbsdə saxlanıb. Bugünlərdə məhkəmə belə nəticəyə gəlib ki, əslində onun təqsiri yoxdur, evindən tapıldığı iddia olunan iki torbada narkotiki də ora elə polislər özləriylə aparıb qoyub.

47-yaşlı Qurbanova qarşı ittiham tərəfinin sübutlarından biri onun telefonuna gələn mesaj olub. Həmin mesajın mətni isə belədir: "Salam, qardaş, mal lazımdır, var? Tofiq, mənə zəng et".

İstintaq "mal" sözünü narkotik kimi qiymətləndirib. Amma məhkəmə araşdırıb, mesajın müəllifi tapılıb və məlum olub ki, Qurbanov uzun illər ət satışıyla məşğul olub, ondan soruşulan da mal əti imiş. Məhkəməyə Qurbanovun baytarlıq idarəsindən aldığı ekspertiza rəyi, şirkətə dəfələrlə ət satması haqda qaimələr və s. sənədlər də təqdim olunub.

"Təklif elədik ki, narkotik varsa, könüllü təqdim eləsin"

Cinayət işinin materiallarında iddia olunur ki, Alaçadırlı kəndində Qurbanovun yaşadığı evdə ötən il martın 16-da səhər saat 7 radələrində əməliyyat keçirilib. Nəticədə evdən iki torbada bir kiloqramdan artıq narkotik maddə - marixuana tapılıb. İddiaya görə, Qurbanovun narkotik satışıyla məşğul olması haqda Bərdə rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında səhər saat 7-də təxirəsalınmaz tədbir keçirilib. Evə baxış keçirilib və bu zaman Qurbanov özü biri yataq otağındakı divanın altından, o biri isə digər otaqdan olmaqla, iki torbada narkotiki polislərə təqdim edib. Polislərin sözlərinə görə, baxışda iştirak edən iki hal şahidi də bunları görüb.

"Qapını özü açdı. Ona təhqiqatçı Pərvin Səfərli təklif elədi ki, ya videoçəkilişlə, ya da hal şahidlərinin iştirakıyla evinə baxış keçirilsin. Çəkiliş istəmədi, dedi ki, televizorda yayımlanmasından qorxur. Təklif elədik ki, narkotik varsa, könüllü təqdim eləsin, onsuz da baxış zamanı aşkarlanacaq. Fakt qarşısında qalıb divanın altında olan torbanı çıxarıb verdi. O biri otaqdan da içində kibrit quruları olan torba verdi", – məhkəmədə dindirilən polis əməkdaşı belə deyib.

"Evimə pəncərədən girən adamlar..."

Təqsirləndirilən şəxs polis şöbəsinə aparılandan sonra da onun cibindən iki kibrit qutusunda narkotik tapıldığı iddia olunur.

Qurbanov isə deyir ki, yalandır, polislər onun evinə gecə saat 3-4 radələrində pəncərəni sındırıb giriblər. Onun sözlərinə görə, polislər dərhal əl-ayağını bağlayıb, yerə uzadıblar. Təqsirləndirilən şəxs iddia edir ki, polislər özləriylə gətirdikləri torbanı divanın altına qoyub, sonra da onu evdən tapılmış kimi rəsmiləşdiriblər.

Qışqıraraq buna etiraz etdiyini, səs-küyə qonşuların gəldiyini deyən Qurbanovun bildirdiyinə görə, polislər qonşuları evə buraxmayıblar. O, arabir narkotik maddədən istifadə etdiyini etiraf edir, amma narkotik satışıyla heç vaxt məşğul olmadığını deyir.

Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarıyla aralarında ixtilaf olduğunu deyən Qurbanov hesab edir ki, bu səbəbdən şərlənib: "Yalandır ki, guya mən videoçəkilişə etiraz eləmişəm. Gülünc danışırlar. Evimə pəncərədən girən, terrorçu kimi əl-qolumu bağlayan adamlar çəkilişlə bağlı mənim fikrimi soruşdular?".

O əlavə edib ki, polis şöbəsində işgəncəyə məruz qalıb, bu səbəbdən narkotikin ona məxsus olması haqda yalan ifadəyə imza atıb. Onun sözlərinə görə, Bərdə rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçiləndə, sonradan həbs müddəti uzadılanda hakimə təqsirsiz olduğunu deyib. Lakin onun dediklərinə əhəmiyyət verilməyib.

"Üç-dörd dəfə hal şahidi kimi iştirak etmişəm"

Evə baxış protokolunda imzası olan hər iki hal şahidi – Ramin Ağammədov Zaur Qulubəyli də məhkəmədə dindirilib. Araşdırma zamanı məlum olub ki, onların hər ikisindən bundan əvvəl də dəfələrlə hal şahidi kimi istifadə olunub. Onlar özləri də məhkəmədə ifadələrində bunu etiraf ediblər.

"Mənim mobil telefonumun nömrəsini polis idarəsində götürüblər. Polislərin işi olanda zəng edib çağırırlar. Əvvəllər də üç-dörd dəfə hal şahidi kimi iştirak etmişəm", – Qulubəylinin sözləridir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində mayın 20-də şəxsə bəraət veriləndə bu məqama da diqqət çəkilib.

"Hal şahidlərini əvvəlcədən özü ilə aparan polis əməkdaşlarının sonradan təqsirləndirilən şəxsin "arzusu" ilə videoçəkiliş aparmaması heç bir halda inandırıcı görünmür. Üstəlik, bu proses hal şahidliyini öz "işinə" çevirən şəxslərin iştirakıyla həyata keçirilib. Bununla da həmin sübutun mötəbərliyi şübhə altına düşür", – məhkəmənin hökmündə belə yazılıb.

Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı, qonşuları da dindirilib. Onlar da Qurbanovun dediklərini təsdiqləyiblər.

XS
SM
MD
LG