Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Tokayev ‘Rusiya məğlub edilə bilməz’ deyir, Şolts onunla razılaşmır


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts Astana görüşündə
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts Astana görüşündə

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinə səfər edən Almaniya kansleri Olaf Şoltsa deyib ki, Rusiya ordusu Ukraynaya qarşı müharibədə məğlub edilə bilməz.

O əvəzində Çin və Braziliya tərəfindən təklif olunan sülh planına dəstək verilməsinə çağırıb. Olaf Şolts Tokayevin bu çağırışını dərhal rədd edib.

Tokayev Rusiya ordusu haqqında Şoltsa demişdi ki, “əslində Rusiya hərbi mənada məğlub edilə bilməz”.

Olaf Şolts hazırda Mərkəzi Asiya ölkələrinə “tarixi səfər” turundadır.

Astanada keçirilən görüşdə Tokayev deyib ki, “müharibə eskalasiyasının bundan sonra da artırılması bütün bəşəriyyət, ilk növbədə Rusiya-Ukrayna münaqişəsinə müdaxilə edən ölkələr üçün düzəldilməsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər”.

Şolts Tokayevin mövqeyi ilə razılaşmayıb

Şolts Tokayevin mülahizələri ilə razılaşmayıb və deyib ki, Berlin Kiyevə dəstəyini davam etdirəcək, çünki Rusiya 2022-ci ildə heç bir səbəb olmadan Ukraynaya hərbi müdaxilə edib:

"Məsələ budur və biz mövqeyimizdə qalırıq ki, ölkə özünü, ərazi bütövlüyü və suverenliyini müdafiə etmək hüququna malikdir”.

Şolts əlavə edib ki, Rusiya Ukraynaya daha aqressiv bir şəkildə hücumlarını davam etdirir:

"Məhz buna görə də bizim müzakirə etdiyimiz məsələlər arasında bəzi məsələlər görməzliyə vurula bilməz. Rusiya bu müharibəni yalnız başlamayıb, onu davam etdirir və onu istənilən vaxt təcavüzünü dayandırmaqla dayandıra bilər”.

İyun ayında 90-dan çox ölkə İsveçrədə keçirilən ilk Ukrayna sülh konfransına qatılmışdı. Rusiya tədbirə dəvət edilməmiş, Çin isə iştirakdan boyun qaçırmışdı.

Ukraynanın irəli sürdüyü sülh planında Rusiya qoşunlarının onun ərazisindən tamamilə çıxarılması tələb edilir. Çin və Braziliya da daxil bir sıra başqa ölkələr isə işğal etdiyi bəzi ərazilərin Moskvaya verilməsinə tərəfdardırlar.

Kiyev bu çağırışları qətiyyətlə rədd edib.

“Mərkəzi Asiya heç Ukraynanın tərəfində də deyil”

20 milyonluq əhalisi olan Qazaxıstan uzun illər Rusiyanın müttəfiqi olub, lakin bununla belə Kremlin Ukrayna ərazisinə iddiaları ilə bağlı narahatlığını ifadə edib. Qazaxıstan eyni zamanda Qərblə yaxşı münasibətlər saxlamaq istəyir.

Qlazqo Universitetinin mühazirəçilərindən Luka Ançeski deyir ki, Ukrayna müharibəsi başlanandan Mərkəzi Asiya özünə geosiyasi məkanda “rahat” yer edə bilib:

“Onlar demək istəyirlər ki, Ukraynada, məsələn Belarus kimi Rusiyanın tərəfində deyillər. Amma onlar heç Ukraynanın tərəfində də deyillər. Onlar Qərblə bağlara malik olsalar da qərbyönlü deyillər”.

Almaniya Ukraynaya güclü maliyyə dəstəyi versə də, Kiyevi ağır silahlarla təchiz etməkdən çəkinib.

Şoltsun Mərkəzi Asiya turu sentyabrın 15-də Özbəkistandan başlanıb. Kansler orada miqrasiya sazişi imzalayıb və sentyabrın 16-17-də səfərini Qazaxıstanda davam etdirib. O burada ikinci Mərkəzi Asiya+Almaniya görüşünü keçirib.

İnsan haqları

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı Şoltsu Mərkəzi Asiyaya tarixi səfəri əsnasında insan haqları məsələsini qaldırmağa çağırmışdı. Şolts bu tur ərzində Mərkəzi Asiyanın 5 respublikasının prezidentləri ilə sammitdə iştirak etməlidir.

Təşkilatın bu barədə bəyanatında deyilir:

"Almaniya hökuməti bu regionda insan haqları əhəmiyyətli dərəcədə yaxşılaşmadan Mərkəzi Asiya ölkələri ilə sıx münasibətlər qura bilməz. Qarşıdan gələn sammit bu məsələnin qaldırılması üçün imkandır”.

HRW ötən ay Qazaxıstandan ifadə azadlığının məhdudlaşdırılmasını dayandırmağı və 31 yaşlı Aleksandr Merkul da daxil məzhəkəçi aktyorlara qarşı təqiblərə son qoymağı tələb etmişdi.

Enerji münasibətləri prioritetdir

Almaniya Mərkəzi Asiya ölkələri ilə enerji münasibətlərinin inkişaf etdirilməsində maraqlı olsa da, Ukraynaya müdaxilə Berlini və başqa Aİ ölkələrini enerji və minerallar üçün başqa səmtlərə baxmağa məcbur edib.

Bu həftə Qazaxıstan, Qırğızıstan, Tajikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə keçiriləcək sammitdə də əsas diqqətin enerji sahəsinə yönəldiləcəyi gözlənilir.

Bu beş ölkənin arasında Qazaxıstan enerji baxımından ən zənginidir və Rusiyaya qarşı sanksiyalara tam əməl etmədiyinə görə tənqidlərlə üzləşir. Buna baxmayaraq Qazaxıstanla enerji sahəsində əməkdaşlıq artan xətlə inkişaf edir.

Qazaxıstan nefti Rusiyanın cənubundan – Tatarıstan və Belarusdan keçməklə 4 min kilometrlik “Drujba” kəməri ilə Polşa və Almaniyaya nəql edilir.

Tokayev Almaniya kansleri ilə görüşü yüksək qiymətləndirdiyini bəyan edib və deyib ki, bu, ölkənin iqtisadi münasibətlərini “yeni səviyyəyə” qaldıracaq.

XS
SM
MD
LG