Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:40

İdman haqda ən böyük film


Yaponiyanın qadın voleybolçuları Tokio olimpiadasında SSRİ yığmasını yenərək qəzəl medala layiq görülüb. 1964
Yaponiyanın qadın voleybolçuları Tokio olimpiadasında SSRİ yığmasını yenərək qəzəl medala layiq görülüb. 1964

BBC builki Tokio Olimpiadası ilə 1964-cü ildə eyni şəhərdə keçirilən Olimpiya Oyunları arasında maraqlı paralellərdən yazır. Bu idman tədbirlərinin hər ikisi qlobal böhran səbəbindən təxirə salınıb. 1940-cı ildə keçirilməli olan birinci Tokio Olimpiadası İkinci Çin-Yapon müharibəsinin başlanmasına görə təxirə salınıb. Beynəlxalq münaqişələr sonrakı 24 il ərzində Yaponiyanın ev sahibi olmasına imkan verməyib.

2020-ci ildə keçirilməli olan ikinci Olimpiya Oyunları isə COVID-19 pandemiyasına görə bir il təxirə salınıb. Tədbirlərin hər ikisi nüvə fəlakətindən sonraya təsadüf edib. 1945-ci ilin avqustunda ABŞ Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atıb. 2011-ci ildə baş verən güclü zəlzələ isə Fukuşima fəlakətinə səbəb olub. Bu, Çernobıldan sonra baş vermiş ən ciddi nüvə fəlakəti idi.

Olimpiya Oyunlarından əvvəl Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə rəsmi Olimpiya filminin çəkilməsi ənənəsinin 100 ildən çox tarixi var. Bu film ev sahibliyi edən ölkənin dünyaya baxışını əks etdirmək baxımından çox vacibdir. Həm 1964, həm də 2020-ci il olimpiadalarında bu iş artıq Yaponiyanın dünyadakı kino nüfuzunun bərpasına cavabdeh rejissorlara tapşırılıb.

İçikava və Kavase

1964-cü ildə çəkilmiş "Tokioda Olimpiada" adlı rəsmi Olimpiya filmini çəkən Kon İçikava 1950-ci illərdə yapon kinosunun Qızıl dövrünü təmsil edən əsas simalardan biri idi. O, Kann və Venesiya film festivallarında uğur qazanmışdı. 2020-ci il Olimpiadasına aid sənədli filmi çəkən Naomi Kavase isə 1997-ci ildə rejissorlar arasında dünyanın ən gənc "Qızıl Palma" mükafatı laureatı olub. O, həm də Yaponiyanın ilk qadın laureatı idi. Yeri gəlmişkən, bu il də həm "Qızıl Palma", həm də "Qızıl Şir" mükafatları yapon rejissorlarına təqdim edilib.

1965-ci ildə çıxmış "Tokioda Olimpiada" filmi İçikavaya iki "Bafta" mükafatı və Olimpiya Məharət Diplomu qazandırıb. Bu film Olimpiya Oyunlarının keçid dövründə olan ölkə üçün əhəmiyyətini ustalıqla çatdıra bilib. Qeyd edək ki, Yaponiyanın 1948-ci ildə keçirilən London Olimpiadasında iştirakına qadağa qoyulmuşdu.

İçikavanın filmində ölkənin ağır müharibədən sonra yenilənməsi, Naomi Kavasenin filmində isə Tokioda yenidən fövqəladə vəziyyət elan edilməsi vurğulanır.

İslahatlar və iqtisadiyyat

Yaponiya 1945-ci il avqustun 15-də müttəfiq qüvvələrinə təslim olduğunu elan edib. O zamana qədər ölkə 2.8 milyon nəfərini və milli sərvətinin 25 faizini itirib. Ölkə əhalisinin 13.1 milyon nəfəri işsiz qalıb. Bu, Yaponiyada son dərəcə çətin dövr olub. Ancaq növbəti illərdə kənd təsərrüfatı və sənaye sahəsində nəhəng islahatlar aparılıb. Həmkarlar ittifaqlarını dəstəkləyən yeni qanunlar gəlirlərin artmasına şərait yaradıb. ABŞ işğalı isə ölkənin dünya iqtisadiyyatında yenidən inteqrasiyası üçün birgə səylərə yol açıb. Artıq 1968-ci ildə Yaponiya dünyanın ikinci ən böyük iqtisadiyyatı idi. Oksford Bruks Universitetinin yaponşünaslıq müəllimi, doktor Aleksandr Cekobi deyir ki, 1950-ci illərdə kino bu transformasiyanı çox yaxından izləyirdi: "Bu, incəsənət üçün çox münbit dövr idi".

Bir ildə 500 film

1959-cu ildə Yaponiya 1964-cü il Oyunları üçün ev sahibliyini qazananda eyni zamanda ölkənin yeni, qeyri-militarist imicini dünya səhnəsində göstərmək imkanı da əldə etdi. Ölkənin çiçəklənməkdə olan kino sənayesi bu işdə mühüm alətə çevrildi. Doktor Cekobinin sözlərinə görə, bu, yapon kinosunun məhsuldarlığının pik nöqtələrindən idi. 1959-cu ildə ölkədə 500 film istehsal olunmuşdu. Bu filmlər ölkə daxilində uğur qazanırdı. Bəziləri isə xaricdə də böyük maraqla qarşılanırdı.

İçikavanın 168 dəqiqəlik filmində yapon idmançılarına az yer ayrıldığından Yaponiya Olimpiya Komitəsi filmdən çox da razı qalmamışdı. Komitə filmin kəsilərək 93 dəqiqəyə qədər qısaldılmasını istəmişdi. Yeri gəlmişkən, həmin Olimpiya Oyunlarında yapon idmançıları ümumilikdə 29 medal qazanmışdılar. Onlardan 16-sı qızıl idi. Bu göstəricilərlə Yaponiya ABŞ və SSRİ-dən sonra üçüncü yerdə gəlirdi.

XS
SM
MD
LG