Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:47

Tovuz kəndlərinin sakinləri: 'Təbiət bizə toy tutub'


Tovuza dolu düşüb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:23 0:00

Tovuza dolu düşüb

«Dolu evlərimizin damını dağıdıb. Yağış başlasa, evlər su ilə dolacaq».

Tovuzun Qədirli kəndinin sakini Eyvaz Nurəddinli deyir, bir neçə gün əvvəl yağan güclü dolu kənddəki onlarla evi qəzalı vəziyyətə salıb. Əsasən, evlərin dam örtükləri dağılıb. Ev sahiblərinin qəzalı örtükləri yeniləməyə imkanları yoxdur. Buna görə də onlar hökumətdən kömək istəyirlər:

«Ayın 10-dan bu vəziyyətdəyik, bir hökumət nümayəndəsi də gəlib halımızla maraqlanmayıb. Dam örtükləri tezliklə dəyişdirilməsə, evlərimiz də təhlükə altına düşəcək».

«DOLU HAMININ ƏKİNİNİ MƏHV ELƏDİ»

Eyni durum rayonun Cilovdarlı, Mülkülü, Qaraxanlı kəndlərində də yaranıb. Yüzlərlə sakin dolunun qəzalı vəziyyətə saldığı əmlaklarının bərpası üçün yerli icra hakimiyyətinə müraciət edib.

Dolu kənd təsərrüfatına da ciddi ziyan vurub. Kəndlilər əkdikləri taxıl və başqa məhsullarının zay olduğunu bildirirlər. Qaraxanlı kəndinin sakini Ziyad Həsənov deyir, yağıntı onu çıxılmaz duruma salıb:

«Dolanışığımız sahədən çıxır. Dolu hamının əkinini məhv elədi. Yığmağa, satmağa heç nə qalmadı. Həyətimdəki yüzlərlə ağacın meyvəsi də tələf oldu. Bir sözlə, yayın ortasında təbiət kasıba toy tutdu. Heç bilmirəm, hökumət buna görə bizə kömək etməlidirmi? Özlərinə deyəndə, deyir, dolunu hökumət yağdırmayıb ki... Ancaq eşitdiyimə görə, təbii fəlakət olanda, dövlət kəndlinin itirdiyi məhsula görə kompensasiya verməlidir».

«NAZİRLİYƏ MÜRACİƏT ETSİNLƏR»

Tovuzun icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, dolunun kəndlilərə vurduğu zərərlər aradan qaldırılır:

«Millət vəkilimiz Qənirə Paşayeva da kəndlərdə oldu, sakinlərlə görüşdü, doludan zərər çəkmiş evlərə baxış keçirdi. Qəzalı vəziyyətə düşmüş dam örtükləri dəyişdirilir. Ancaq əkin sahələrinə dəymiş zərərlə bağlı, yaxşı olar ki, kəndlilər Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsinlər».

İcra hakimiyyətindən bildirilib ki, iyunun 19-da deputat Q.Paşayeva kəndlərdə dolunun yaratdığı fəsadlarla tanış olandan sonra həm bu quruma, həm Fövqəladə Hallar Nazirliyinə, həm də Nazirlər Kabinetinə müraciət edib. O, kəndlilərə evlərini sığortalamağı da tövsiyə edib.

XS
SM
MD
LG