ABŞ prezidenti Donald Trampın martın 3-də Ukraynaya hərbi yardımı müvəqqəti dayandırmaq qərarından sonra Brüsseldə diplomatlar deyirlər ki, "indi Avropanın zamanıdır".
AzadlıqRadiosunun əməkdaşı Rikard Yozvyakın hazırladığı yazıda deyilir ki, bunun gerçək olub-olmadığı hələ bilinmir. Əsas məsələ odur ki, ABŞ Ukraynaya yardımını uzun müddətliyə dondurubsa, onun yerini dolduracaq siyasi iradə Avropada varmı? Hələlik, bu sualın da cavabı bilinmir.
NATO hər hansı rəsmi açıqlamadan öncə Vaşinqtondan daha çox təfərrüat gəlməsini gözləyir. NATO diplomatları AzadlıqRadiosuna deyiblər ki, baxılmalı məsələ avropalı müttəfiqlərin hələ də silahları ABŞ-dən satın alıb Ukraynaya ötürə bilib-bilməməsidir. "İndi Avropanın özünün ehtiyatı, sadəcə, yetərli deyil, ancaq hələ də ABŞ-nin silah-sursatını əldə edə bilərsə, hər şey yaxşı ola bilər", - bir avropalı diplomatın sözləridir.
Avropa necə davranacaq?
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen martın 4-də səhər saatlarında media təmsilçiləri önündə çıxış edib. Avropanın Ukrayna üçün müdafiə xərclərinin və hərbi yardımının artırılmasına dair təkliflərini dilə gətirən bu mötəbər şəxs öz çıxışında ABŞ-nin qərarı barədə heç bir söz deməyib.
Avropa İttifaqının martın 6-da Brüsseldə keçiriləcək mühüm sammiti yeni güvənlik ortamında Avropanın necə davranacağına həsr ediləcək. Aİ-yə üzv dövlətlərə Fon der Lyayenin sammitöncəsi göndərdiyi məktubda deyilir ki, "yeni dönəm önümüzdədir. Avropa heç birimizin yetkin yaşda görmədiyimiz miqyasda, açıq-aydın və hazır təhlükə ilə üz-üzədir. Təməl anlayışlarımız bünövrəsinədək sarsıdılır".
Məktubda Vaşinqtona incə jest edən Fon der Lyayen yazıb ki, Avropa Komissiyasının prezidenti kimi, "Birləşmiş Ştatlarla həm ikitərəfli, həm də G7 çərçivəsində güclü münasibətlər mənim əsas məqsədlərimdən biridir. Ancaq içərisində fəaliyyət göstərdiyimiz kontekst radikal və dramatik şəkildə dəyişməkdədir".
Aİ-nin önə çıxaraq ABŞ-nin buraxdığı maliyyə boşluğunu doldurmasının vaxtı çatıbmı? Bəlkə, tələsmək gərəkməz.
Həm Fon der Lyayenin təklifləri, həm də Aİ sammitinin AzadlıqRadiosunun əldə etdiyi ilkin nəticələrində Ukraynanı birbaşa gücləndirməyin yollarına, o cümlədən maliyyə çatışmazlığına dair konkret təkliflər yoxdur. Sənədlərdə yalnız 2025-ci ildə Kiyevə vəd edilmiş 30 milyard avroluq büdcə dəstəyindən söz açılır.
ABŞ geri çəkilərsə…
Problem ondan ibarətdir ki, ABŞ tam geri çəkilərsə, bu il əlavə 30 milyard avroya ehtiyac yaranacaq. Avropa liderləri hələ Trampın bəyanatından xeyli əvvəl, özəlliklə ötən il ABŞ Konqresinin Kiyevə yardım paketini gecikdirməsindən sonra bununla bağlı ehtiyat planları hazırlamışdılar.
Fon der Lyayenin "Avropanı yenidən silahlandırma" (ReArm Europe) təşəbbüsü hazırda Ukraynaya birbaşa yardımdan çox, Aİ-nin müdafiə xərclərinin artırılmasına fokuslanmış kimi görünür. Təşəbbüs havadan müdafiəni və dron arsenallarını gücləndirmələri üçün üzv dövlətlərə 150 milyard avroluq kredit, müdafiə büdcələrini artıran ölkələrə Aİ-nin xərcləmə qaydaları ilə bağlı daha çox hərəkət azadlığı verilməsini nəzərdə tutur.
Fon der Lyayenə görə, bu tədbirlər müdafiə xərclərinin 800 milyard avroya qədər artmasına gətirib çıxara bilər. Ancaq əsas sual açıq qalır: bu, Aİ vətəndaşlarının özlərini daha güvənli hiss etməsi, yoxsa Ukraynanın Rusiyanın dağıdıcı müharibəsinə duruş gətirə bilməsi üçündür? Avropanın müdafiə xərclərini artırmasının son nəticədə Ukraynaya daha çox dəstək verilməsinə yol açması fikri məntiqli görünür, amma bu, əməldə özünü necə göstərəcək?
Bu sualın cavabı bu həftə Brüsseldə keçiriləcək daha bir tədbirdə tapıla bilər. Aİ-nin xarici işlər və güvənlik siyasəti üzrə yüksək nümayəndəsi Kaya Kallas Ukraynanın xərcləri üçün 30 milyard avronun Rusiyanın dondurulmuş aktivlərindən və Aİ-yə üzv dövlətlərin ümummilli gəlirlərinə görə ödəyəcəkləri könüllü ödəmələrdən toplanmasına dair plan təklif edib.
Həmin plan hələ kənara qoyulub
Aİ diplomatları deyirlər ki, bəzi üzv dövlətlər hazırda bu qədər iri məbləğdə maliyyəni öhdələrinə götürməyə hazır deyil, Macarıstan kimi bəzi dövlətlərsə uzun zamandır ki, Ukraynaya hərbi yardıma qarşı çıxır. Diplomatlar deyirlər ki, Budapeşt hətta ABŞ-nin Moskva ilə sülh razılaşması haqda danışıq aparmaq səylərinə qarşı çıxan hər hansı sammit mətninə veto qoyacağı ilə hədələyib.
Son nəticədə, "Avropanın zamanı" Ukrayna ilə bağlı olmaya da bilər.