Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinin üç ildən çox davam etməsindən sonra Ağ ev və Kreml martın 18-də müharibənin dayandırılmasına yönəlmiş razılaşmanı elan edib.
Razılaşmanın detalları Donald Tramp və Vladimir Putin arasında təxminən iki saat davam edən telefon danışığından sonra açıqlanıb. Bu, Trampın prezidentliyi dövründə ikinci belə zəng olmaqla yanaşı, indiyə qədər ən mühüm danışıq hesab oluna bilər.
Ağ evin güclü təzyiqi altında olan Ukrayna Vaşinqtonun döyüşlərin 30 gün müddətinə dayandırılması təklifinə razılıq vermişdi, lakin şərt olaraq Rusiyanın da eyni addım atmasını tələb edirdi.
Bəs Moskva dəqiq olaraq nəyə razılıq verdi?
"Mənim əsas qənaətim odur ki, Moskva Tramp ilə tamamilə rahatdır, ancaq bunun hər kəsin müzakirə etdiyi səbəblərdən başqa səbəbi var", - keçmiş rusiyalı diplomat Nikolay Sokov AzadlıqRadiosuna deyib.
"Moskva Trampla sövdələşmə edə bilərkən, Avropa öz mövqeyinin haqlı olduğunu və sövdələşmə olmadan qəbul edilməsində israr edir", - o izah edib.
Hərbi əməliyyatlara gəldikdə isə, elan olunan razılaşmanın döyüş meydanına heç bir təsiri yoxdur. Son vaxtlara qədər 1100 kilometrlik cəbhə xətti boyunca Rusiyanın Ukrayna müdafiəsini tədricən zəiflətməsi davam edirdi.
Ukrayna qoşunları cəbhə xəttində təzyiqi azaltmaq və gələcək sülh danışıqlarında sövdələşmə üçün istifadə məqsədilə təxminən yeddi ay əvvəl ələ keçirdiyi Rusiyanın Kursk bölgəsindən geri çəkilir.
Martın 18-də açıqlanan razılaşmada önə çıxan əsas məqam enerji infrastrukturu ilə bağlıdır.
2022-ci ilin noyabrından bəri Rusiya Ukraynanın enerji şəbəkəsini - elektrik stansiyaları, ötürücü xətlər, transformatorlar, transformator yarımstansiyaları hədəf alır. Bu, Ukraynanın mülki əhalisini yormaq, qorxutmaq məqsədilə tətbiq edilən bir strategiyadır və bəzən bu strategiyanı Rusiya işğal müharibəsinin keçmiş baş komandiri, "General Armaqeddon" ləqəbli şəxsə aid edirlər.
Mülki infrastruktura hücum da müharibə cinayəti hesab edilir və Beynəlxalq Cinayət Məhkəməsi buna görə Rusiyanın iki yüksəkrütbəli hərbi zabitinə qarşı ittiham irəli sürüb.
Bu hücumlar qarşısında Ukrayna işıq və istiliyi təmin etməkdə çətinliklərlə üzləşsə də, yerli imkanlar və Qərbin genişmiqyaslı dəstəyi ilə vəziyyətdən çıxmağı bacarıb. Eyni zamanda, Ukrayna yerli dronların və hətta qanadlı raketlərin istehsalını artırıb, bunlar getdikcə daha çox Rusiyanın enerji infrastrukturunu - neft emalı zavodları, boru kəmərləri və hərbi obyektləri hədəf almaq üçün istifadə edilir.
Əvvəllər yalnız quru əməliyyatlarını əhatə etməyən atəşkəsə dəstəyini ifadə etmiş prezident Zelenski Helsinkidə keçirilən mətbuat konfransında yeni razılaşmaya ehtiyatlı münasibət bildirib.
"Biz həmişə enerji hədəflərini, eləcə də dənizdəki hədəfləri, qida istehsalı və nəqliyyat hədəflərini vurmamaq fikrini dəstəkləmişik", - o, Kreml-Ağ ev telefon danışığı elan edildikdən sonra deyib.
"İndi bu razılaşmanın təfərrüatlarının nə olduğunu başa düşməliyik. Biz bunu bilmirik. Bu, atəşkəsə doğru bir addım ola bilər", - Zelenski bildirib.
"Addım-addım. Lakin qalanı reallığın statistikasıdır: döyüş meydanında deyil, hər yerdən yağan yüzlərlə dron və raketlər var", - o əlavə edib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşündən sonra atəşkəs üçün zəmin elan edilib. İki gün sonra Putin təklifə "bəli, amma" cavabı verib.
"Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi irəli sürüb", - martın 18-də Kremlin yaydığı məlumatda bildirilib. "Təşəbbüsə müsbət cavab verən Vladimir Putin dərhal Rusiya hərbçilərinə müvafiq əmri verib".
Enerji obyektlərinin hədəfə alınmasının məhdud şəkildə dayandırılması Kiyev üçün qələbədir.
"Bununla belə, bu, Moskva üçün daha çox qələbə ilə nəticələnə bilər", - Sokov AzadlıqRadiosuna bildirib.
"Rusiya 30 gün ərzində silah istehsal edəcək və lazım gələrsə, irimiqyaslı zərbələri bərpa edə biləcək. Ancaq Ukrayna müxtəlif hesablamalara görə, üçdə biri ilə yarısı arasında itirdiyi enerji infrastrukturuna dəyən ziyanı tam bərpa edə bilməyəcək", - o deyib.
Söylənməmiş qalan məqamlar
Danışıqlarda –azı Kreml və Ağ ev tərəfindən yayılan ictimaiyyətə açıq məlumatlarda – Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (AES) adı çəkilməyib. Bu, Avropa regionunun ən böyük AES-idir. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff daha əvvəl telefon danışığında AES-lə bağlı məsələnin müzakirə oluna biləcəyini qeyd etmişdi.
Həmçinin, Vaşinqtonun Ukraynaya məxsus Krım yarımadasının Rusiya tərəfindən ilhaqını tanıması məsələsi də bəyanatlarda qeyd olunmayıb, halbuki, bu məsələ də bir ehtimal olaraq ortaya atılmışdı.
Danışıqlarda Ukraynanın NATO-ya daxil olmaq ambisiyalarına da istinad edilmədiyi görünür. Moskva şiddətlə Kiyevin bu istəyinə qarşıdır və hətta 2022-ci ilin fevralında başlatdığı müharibəni bununla əsaslandırır.
Ağ ev tərəfindən verilən bəyanatda bildirilib ki, danışıqlarda daha geniş geosiyasi məsələlərə də toxunulub – bu, Moskvanın seçdiyi mövqeyə işarədir. Yəni, Moskva Vaşinqtonla hər hansı razılaşmanın Ukraynadan kənar məsələləri də əhatə edən daha geniş bir razılaşma olmasını vurğulamaq istəyir.
Bu, Putinin təkrarladığı bir mövzudur. Putinin münaqişə ilə bağlı istifadə etdiyi "köklü səbəblər" ifadəsi Kremlin Soyuq müharibə sonrası beynəlxalq nizamdan ümumi narazılığını göstərmək üçün istifadə etdiyi bir termindir.
"Liderlər sülhə doğru hərəkətin enerji və infrastruktur atəşkəsi ilə başlanması, Qara dənizdə atəşkəsin əldə olunması, tam atəşkəs və davamlı sülh istiqamətində texniki müzakirələrin aparılması barədə razılığa gəldilər", - Ağ Ev bildirib.
"Onlar həmçinin strateji silahların yayılmasının dayandırılmasının vacibliyini müzakirə etdilər və bunun geniş tətbiqi üçün digər ölkələrlə də əlaqə saxlayacaqlar".
"İki lider İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini də bölüşdü".
Bəyanatlardakı ifadələr arasında incə fərqin əhəmiyyətli olub-olmaması da aydın deyil. Belə ki, Kreml yaydığı bəyanatda "enerji infrastrukturu", Ağ ev isə "enerji və infrastruktur" ifadələrini işlədib.
Strateji silahların - nüvə və ya digərlərinin yayılmasının önlənməsi əvvəllər Vaşinqton və Moskvanın ortaq hədəfi olub. Ancaq, etimadsızlıq və siyasi şübhələr bu məsələ ilə bağlı səylərə də təsir edib.
Dünyada ən böyük nüvə arsenalına sahib bu iki ölkə aralarındakı silahlara nəzarət müqaviləsinə tabedir, ancaq bu müqavilə gələn il başa çatacaq və onun yenisi ilə əvəzlənməsi barədə heç bir danışıqlar başlanmayıb.
Nəhayət, danışıqların əhatəsini genişləndirmək Kremlin beynəlxalq qaydalar üzərində daha geniş dəyişiklik aparmaqla bağlı istəklərinə uyğundur. Bu Moskvanın, Sovet İttifaqı dövründə olduğu kimi, ABŞ tərəfindən bərabərhüquqlu olaraq qəbul edilmə arzusuna uyğun gəlir.
Yazı AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.